Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-580/2021 14.10.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" LPO Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" LPO Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 2735,78 ABŞ dolları əsas, 5099,62 ABŞ doları faiz, 5517,20 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qrarına əsasən hesablanmış 384,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi13.737,16 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsmunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 27% dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə 17 fevral 2015-ci il tarixli, ZM-480003677 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 17.02.2015-ci il tarixli Kredit müqaviləsinə 12 mart 2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit restruktizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6300 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 36 ay müddətinə uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********515 saylı 23.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh1 05.01.2021-ci il tarixə kredit üzrə cəmi borcu 13737,16 (on üç min yeddi yüz otuz yeddi dollar, 16 sent) ABŞ dolları təşkil edir. Bundan 2735,78 (iki min yeddi yüz otuz beş dollar, 78 sent) ABŞ dolları əsas, 5099,62 (beş min doxsan doqquz dollar, 62 sent) ABŞ dolları faiz, 5517,20 (beş min beş yüz on yeddi dollar, 20 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 384,56 (üç yüz səksən dörd dollar, 56 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi izahatında əlavə olaraq bildirmişdir ki, cavabdehə 4683 manat mənbləğində kompensasiya verilmiş, həmin kompensasiya isə əsas borcdan silinmiş, faiz və cərimə borcuna isə şamil edilməmişdir. Sonda iddiaçının nümayəndəsi qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia ərizəsində 6300 ABŞ dolları yazılmış, lakin o, 5000 manat pul götürmüşdür. Əvvəllər iş məhkəmədə olmuş və ekspertizaya getdiyinə görə faizlərin dondurulduğunu düşünmüşdür. Ona prezidentin fərmanı barədə məktub gəlmiş, məktubda 4-5 min manat borc olduğu yazılmışdır. Sonra fərmanla bağlı müraciət etməyə getmiş, lakin sıra çox olduğuna görə keçə bilməmişdir.Borcla razı deyil, ona məlumat verilməmişdir.Bundan əvvəl də kredit götürmüş və həmin krediti bağlamışdır. Borcu var, lakin fərmandan sonra faizlərin silindiyi deyilmişdir.Sonda cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, kredit müqaviləsi üzrə zamindir. Pulun nə vaxt götürülməsi yadında deyil, ödənişlər barəsində isə məlumatı yoxdur. Sonda cavabdeh məhkəmədən faizlər və cərimə məbləğləri silinərək iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 27% dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 17 fevral 2015-ci il tarixli, ZM-480003677 saylı zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 2735,78 ABŞ dolları əsas, 5099,62 ABŞ doları faiz, 5517,20 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesasblanmış 384,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13737ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, MM-nin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizləri tələb etməklə, qanunvericilikdə nəzərdə tutulan hüquqdan (iddia müddəti) sui-istifadə edərək, başqasına ziyan vurmaqla mənfəət əldə etmək məqsədi daşımışdır. Halbuki iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün müəyyən olunmuş müddətdir, yəni iddiaçı müqavilə üzrə yaranan tələb hüququnu iddia müddəti çərçivəsində həyata keçirə bilər. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır.Məhz buna görə də iddiaçının müqavilənin icra müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu olan 384.56 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada tutulması tələbi təmin edilməməlidir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 5517,20 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 500 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2735,78 ABŞ dolları əsas, 5099,62 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 8335.4 ABŞ dolları məbləğində borc iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qyadada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2735,78 ABŞ dolları əsas, 5099,62 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 8335.4 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-580/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-580/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver