Məhkəmə qərarları › İş №2(034)-589/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-589/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-589/2021 14.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılmasi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Həsənali oğlundan "xxxx" ASC-nin xeyrinə 3.571,69 manat əsas borc, 457,18 manat faiz borcu, 543 manat dəbbə pulu, cəmi 4.571,87 manat məbləğində borcun tutulması, tutma ilk olaraq Cavabdeh tərəfindən ipotekaya qoyulmuş “Chery A 13” markalı 90NO541 dövlət nömrə nişanlı minik avtomobilinə (buraxılış ili-2012, Ban- LWDA11B6CD200999, rəng - qara metal) yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitdən Cavabdeh "xxxx" ASC-yə olan kredit borcun ödənilməsinə yönəldilməsi və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-412/2016 saylı 21 iyun 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müracitə etmiş və Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 2(034)- 412/2016 saylı 21 iyun 2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Daha sonra, iddiaçı "xxxx" ASC məhkəməyə 11.08.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli,101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun 21.04.2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC-yə güzəşt edilməsini nəzərə alaraq, iddiaçı "xxxx" ASC-nin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz edilməsi və mülki işə iddiaçı qismində İddiaçı QSC BOKT-nın cəlb olunmasını xahiş etmişdir. 09.09.2021-ci il tarixdə iddiaçı "xxxx" ASC İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış 10.08.2012-ci il tarixli 1055/01 N-li kredit müqaviləsinə əsasən bank Cavabdeh avtomobilin alınması məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə 8.330 manat məbləğində kredit vermişdir. Kredit vəsaitini təmin etmək məqsədilə, Cavabdeh məxsus olan “Chery A 13” markalı 90NO541 dövlət nömrə nişanlı minik avtomobili (buraxılış ili-2012, Ban-LVVDA11B6CD200999, rəng-qara metal) ipotekaya qoyulmuşdur. Bu məqsədlə Cavabdeh ilə 10.08.2012-ci il tarixli 1055 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, kredit müqaviləsinin şərtlərini pozaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu tələb olunan qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. 14.10.2015-ci il tarixinə Cavabdeh Banka 3.571,69 manat əsas borc, 457,18 manat faiz borcu, 543 manat dəbbə pulu, cəmi borc 4.571,87 manat təşkil edir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq, bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə borcun təminatı kimi ipotekaya qoyulmuş avtomobil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, onlarda olan təhvil-təslim aktında məbləğ başqa məbləğdir. Kompensasiya əsas borcdan çıxılmış, faiz borcu isə qalmışdır. Faizlər 2015-2017-ci illər üzrə ödənilməmiş aylar üzrə olan faiz borclardır. Məbləğ fərqi ondan ibarətdir ki, tələb Azərbaycan Beynəlxalq Bankından İddiaçı QSC-nə keçmişdir. Həmin ərəfədə cavabdehə 16.71 manat məbləğində kompensasiya düşmüş, o da əsas borcdan çıxılmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbinin faiz və dəbbə pulu hissəsi ilə razı deyildir. Belə ki, o, bankdan avtomobil almaq məqsədi ilə kredit götürmüş, kreditin təminatı kimi mübahisəli avtomobil ipotekaya qoyulmuş və bununla bağlı ipotka müqaviləsi bağlanmışdır. Sonradan etibarnamə əsasında avtomobili idarə etmək üçün qardaşına vermişdir. Qardaşı isə 2017-ci ildə rəhmətə getmiş və o vaxtdan da avtomobilin kimdə olması barədə onda heç bir məlumat olmamışdır. Bu işlə bağlı isə onun tərəfindən hər-hansı bir ödəniş edilməmişdir. Sonda cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X4 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdehin dediklərini tam təsdiq edərək iddianın faiz və dəbbə pulu hissəsi ilə razı olmadıqlarını bildirmişdir. Belə ki, bank isə ödənişləri faiz borcdan çıxmış, əsas borcu isə saxlamışdır. Bundan əlavə avtomobil etibarnamə ilə başqa şəxsə keçmiş, satılaraq idarə olunmuşdur. Belə olan halda bank nəyə görə avtomobilin etibarnamə ilə ada keçirilməsinə icazə vermişdir. Avtomobil ipotekada olan avtomobildir və bu günədək bank avtomobilin tapılmasında maraqlı olmalı idi. Sonda cavabdehin nümayəndəsi-vəkili məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış 10.08.2012-ci il tarixli 1055/01 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh avtomobilin alınması məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə 8.330 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında 10.08.2012-ci il tarixli 1055 nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Chery A 13” markalı avtomobil ipotekaya qoyulmuş və ipoteka qoyulmuş əmlak 9800 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chery A 13” markalı 99 CR-590 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 053116 nömrəli 11.08.2012-ci il tarixli çıxarışından görünür ki, “Chery A 13” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil Azərbaycan Respublikası DİN BDYPŞ tərəfindən 11.08.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materillarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin banka 3.571,69 manat əsas borc, 457,18 manat faiz borcu, 543 manat dəbbə pulu, cəmi 4.571,87 manat məbləğində borcu var. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş 4340 nömrəli 01.11.2021-ci tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş kompensasiyanın məbləği 16.71 manatdır. Müştərinin 29.10.2021-ci il tarixə İddiaçı QSC-yə olan borcu 4.528,37 manat-ondan 3.555,08 manat əsas, 973.29 manat isə faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinini 25.11.2021-ci il tarixli 138163/221 nömrəli məktubundan görünür ki, “Chery A 13” markalı **-CR- *** dövlət nömrə nişanlı avtomobil 11.08.2012-ci il tarixdən Zəngilan rayonu, Məlikli kəndində qeydiyyatda olan Cavabdeh adına qeydiyyatdadır. Belə ki, Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə “əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi”. Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 543 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 200 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş 16.71manat kompensasiya ödənilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3555,08 manat əsas borc, 457,18 manat faiz borcu, 200 manat cərimə borcu olmaql, cəmi 4212,26 manat borc iddiaçı İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, 10.08.2012-ci il tarixli 1055 saylı ipoteka müqaviləsinə əsasən tutma girov predmetinə yönəldilərək, Cavabdeh məxsus girov qoyulmuş “Chery A 13” markalı 99 CR-590 dövlət nömrə nişanlı avtomobilin bazar və likvid qiyməti müəyyən edilməklə açıq hərracdan satılmalı və Cavabdeh Həsənvalı oğlunun QSC-yə olan kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməlidir. İddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh qaytarılmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3555.08 manat əsas borc, 457,18 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 4212.26 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Tutma ipoteka predmetinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh məxsus “Chery A 13” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilin bazar və likvid qiyməti müəyyən edilməklə avtomobil açıq hərracdan satılsın və Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan kredit borcu həmin girov predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilsin. İddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar