Məhkəmə qərarları › İş №2(034)-633/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-633/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-633/2021 26.10.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən BPM**********30 nömrəli 13.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 25.08.2021-ci il tarixinə 7327.06 manat əsas, 1663.66 manat faiz borcu olmaqla, cəmi 8990.72 manat kredit borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC-nin Mərdəkan şöbəsi ilə Cavabdeh arasında bağlanmış BPM**********30 nömrəli 13.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 48 ay müddətinə 8500 AZN nağd kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ora hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən BPM**********30 nömrəli 13.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 25.08.2021-ci il tarixinə 7327.06 (yeddi min üç yüz iyirmi yeddi manat, altı qəpik) AZN əsas, 1663.66 (bir min altı yüz altmış üç manat, altmış altı qəpik) AZN faiz borcu olmaqla ümumilikdə-8990.72 (səkkiz min doqquz yüz doxsan manat, yetmiş iki qəpik) AZN borcu mövcuddur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin Mərdəkan şöbəsi ilə Cavabdeh arasında bağlanmış BPM**********30 nömrəli 13.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 48 ay müddətinə 8500 manat nağd kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 7327.06 manat əsas, 1663.66 manat faiz borcu olmaqla, cəmi 8990.72 manat kredit borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 7327.06 manat əsas, 1663.66 manat faiz borcu olmaqla, cəmi 8990.72 manat kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsini verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 30 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Qasımova X3 rayonundan məcburi köçkündür. Odur ki iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7,327.06 manat əsas, 1,663.66 manat faiz borcu olmaqla, cəmi 8990.72 (səkkiz min doqquz yüz doxsan manat, yetmiş iki qəpik) manat kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar