Məhkəmə qərarları › İş №2(034)-663/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-663/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-663/2022 13.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10691.79 manat əsas borc, 841.92 manat faiz, 111.69 manat cərimə borcu olmaqla, cəmi 11645.40 manat borcun, 124.94 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, Cavabdeh 12 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 21 faizlə 36 ay müddətinə 16.000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il sentyabrın 30-dək Cavabdeh banka 12 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10691.79 manat əsas borc, 841.92 manat faiz borcu, 446.77 cərimə borcu olmaqla, ümumilikdə cəmi 11980.48 manat borcu vardır. Cavabdeh banka 12 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 446.77 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi məbləğinin 25%-i miqdarında olmaqla, yəni 111.69 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ödənişləri vaxtı-vaxtında etmədiyi üçün gecikmələri var. Əsas borcdan azalması göstərilmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən əsas borcun sonuncu maliyyə arayışında qeyd olunan kimi tutulmasını və iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmənin hazırliq iclasında iştirak etsə də, məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 15-Y-2-0-134-21 nömrəli kredit müqaviləsinə əsasən illik 21% olmaqla 36 ay müddətinə 16.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixə olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 10.691.79 manat əsas borc, 841.92 manat faiz, 446.77 manat cərimə borcu olmaqla, cəmi 11.980.48 manat məbləğində borcu vardır. İş materiallarında olan və bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixə olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 7491.79 manat əsas borc, 1052.43 manat faiz, 585.02 manat cərimə borcu olmaqla, cəmi 9129.24 manat məbləğində borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Yelo Bank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 15-Y-2-0-134-21 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 7491.79 manat əsas, 841.92 manat faiz, 111.69 manat cərimə borcu olmaqla, cəmi 8445.40 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 124.94 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Həsənov X2 rayonundan məcburi köçkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124.94 manat dövlət rüsumu iddiaçınını özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “Yelo Bank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 15- Y-2-0-134-21 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7491.79 manat əsas, 841.92 manat faiz, 111.69 manat cərimə borcu olmaqla, cəmi 8445.40 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 124.94 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar