Məhkəmə qərarları › İş №2(034)-67/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-67/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-67/2025 12.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Xaliq oğluna qarşı «borc» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xaliq oğluna qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Cavabdeh Xaliq oğlundan 5400 manat pulun və ödədiyi 74 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Xaliq oğluna xx.xx.2023cü il tarixdə “VAZ 21074” markalı, 2005-ci il buraxılışlı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşınını hissə-hissə ödəmək şərti ilə satmışdır. Cavabdeh aralarında bağlanmış müqavilə əsasında 15 ay ərzində 360 manat olmaq şərti ilə 5400 maant ödəməyi öhdəsinə götürmüş, ödəniş vaxtı zəng edib pulu tələb edərkən maşının qəzaya uğramasını bildirmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh qəti surətdə borc pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə öhdəliyi yerinə yetirməyən Cavabdeh Xaliq oğlundan 5400 manat borc pulun və ödədiyi 74 manat dövlət rüsumunun ödənilərək ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəməyə iddia ərizəsi ilə Cavabdeh Xaliq oğlunun yazılı şəkildə öhəsinə götürdüyü müqavilənin surətini təqdim edir, əslini məhkəmə araşdırması zamanı təqdim edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh indiyə kimi heç bir ödəniş etməmişdir. O, İddiaçının bacısıdır. Cavabdeh Xaliq oğluna xx.xx.2023-cü il tarixdə “VAZ 21074” markalı, 2005-ci il buraxılışlı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşınını hissə-hissə ödəmək şərti ilə satmışdır. Cavabdeh aralarında bağlanmış müqavilə əsasında 15 ay ərzində 360 manat olmaq şərti ilə 5400 maant ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş vaxtı zəng edib pulu tələb edərkən cavabdeh maşının qəzaya uğramasını bildirmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh qəti surətdə borc pulu qaytarmaqdan yayınmışdır. Maşın metalloma verilərək 400 manat pul əldə olunduğu üçün borcdan 400 manat çıxılmalı və cavabdeh 5000 manat ödəməlidir. Cavabdeh hər ay 360 manatı 15 ay müddətinə verməli olduğu halda indiyə kimi heç bir ödəniş etməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən 5400 manat borcdan 400 manatın çıxılmasını və ödənilmiş 74 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh Xaliq oğlu məhkəmə izahatında iddianı qəbul etməməsini, iddiaçının avtomobili cərimə meydançasından aparmasını, 2800 manat pul qaytarmaq istəsə də, iddiaçının razı olmamamasını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işininn başlanması rədd edilmiş, sürücü Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati təsir tədbiri görülməsi məqsədilə qərarın surəti icra olunması üçün X4 Polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin avtonəqliyyat vasitəsinin icarə haqqında xx.xx.2023 tarixli iltizamından görünür ki, Cavabdeh Xaliq oğlu 2005-ci il buraxılışı olan **-RA-*** qeydiyyat nişanlı VAZ 07 markalı avtomobili öncə tam yoxlamış (yoxlatmış) qiyməti ilə razı olduqdan sonra qəbul etmiş, avtomobili qəbul etdikdən sonra 15 ay müddətinə hər ay 360 manat olmaqla, ayın 07-nə kimi ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Xaliq oğlu xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Zəngilan rayonu, Ağalı ərazi dairəsi, İkinci Ağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayon, İcra Hakimiyyəti Binəqədi rayon, Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin 554 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, 72 saylı evin 12 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “**-RA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı mülkiyyətində olan “**-RA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh Xaliq oğluna etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Eyni Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “VAZ 21074” markalı, 2005-ci il buraxılışlı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh Xaliq oğluna xx.xx.2023-cü il tarixdə hissə-hissə ödəmək şərti ilə satmış, cavabdeh aralarında bağlanmış müqavilə əsasında 15 ay ərzində 360 manat olmaq şərti ilə 5400 maant ödəməyi öhdəsinə götürmüş, lakin ödəniş vaxtı iddiaçı cavabdehdən pulu tələb etdikdə cavabdeh avtomobilin qəzaya uğramasını bildirmişdir. İddiaçı dəfələrlə cavabdehə borcun qaytarlıması ilə bağlı müraciət etsə də, cavabdeh qəti şəkildə borcu qaytarmaqdan yayınmışdır. İddiaçı cavabdehdən 5400 manat məbəlğində pulun tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, maşın metalloma verilərkən 400 manat pul əldə etdiklərindən borcdan 400 manat çıxılmamasını və yerdə qalan 5000 manat pulun tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməmiş, iddiaçının avtomobili cərimə meydançasından aparmasını və iddiaçıya 2800 manat məbləğində pul qaytarmaq istəsə də, iddiaçının buna razı olmamasını bildirmişdir. Araşdıma zamanı məlum olmuşdur ki, cavabdeh indiyə kimi borcdan heç bir ödəniş həyata keçirməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh Xaliq oğlundan 5000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 74 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Xaliq oğlundan 5000 manat məbləğində borc və 74 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti(«Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar