Məhkəmə qərarları › İş №2(034)-703/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-703/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-703/2021 21.10.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7158.36 manat əsas borc, 33.68 manat faiz borcu və 79.11 manat cərimə borcu olmaqla, cəmi 7271.15 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1% olmaqla 7467.66 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq digər Cavabdeh2 ilə 20.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10.09.2021-dək Cavabdeh1 banka 20.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7158.36 manat əsas borc, 33.68 manat faiz borcu və 79.11 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7271.15 manat borcu vardır. 10.09.2021-ci il tarixdə cavabdeh borcundan 406.92 manat ödəniş etmiş və onun hazırda banka 6751,44 manat əsas, 27.22 manat faiz, 24.22 manat cərimə borcu olmaqla, cəmi 6802.88 manat borcu vardır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdi ki, bankdan kredit götürmüş, ödənişlər etmiş, sonuncu dəfə isə 500 manat ödəniş etmiş, müqavilə üzrə 6,40 manat gecikməsi olmuş, onun hamısını birdəfəlik ödəmişdir. Sonda cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1% olmaqla 7467.66 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq digər Cavabdeh2 ilə 20.12.2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 7158.36 manat əsas borc, 33.68 manat faiz borcu və 79.11 manat cərimə borcu olmaqla, cəmi 7271.15 manat borcu vardır. Bank tərəfindən təqdim edilmş 20.10.2021-ci il tarixli son maliyyə arayışından görünür ki, cavabdehin banka 6751,44 manat əsas, 27.22 manat faiz, 24.22 manat cərimə borcu olmaqla, cəmi 6802.88 manat borcu var. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 10.09.2021-ci il tarixdə 406.92 manat məbləğində ödəniş həyata keçirilmiş və həmin ödəniş 20.10.2021-ci il tarixli maliyyə arayışında öz əksini tapdığından cavabdehin hazırda kredit müqaviləsi üzrə banka 6751,44 manat əsas, 27.22 manat faiz, 24.22 manat cərimə borcu olmaqla, cəmi 6802.88 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6751,44 manat əsas, 27.22 manat faiz, 24.22 manat cərimə borcu olmaqla, cəmi 6802.88 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Qurbanov X2 rayonundan məcburi köşkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu digər cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6751,44 manat əsas, 27.22 manat faiz, 24.22 manat cərimə borcu olmaqla, cəmi 6802.88 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar