Məhkəmə qərarları › İş №2(034)-704/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-704/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-704/2021 18.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 04.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4393.09 manat əsas, 11.22 manat faiz,16.16 manat cərimə borcu olmaqla, cəmi 4420.47 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və Cavabdeh1 ilə «Yelo Bank" ASC arasında bağlanmış 04.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4953.97 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 04.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 10.09.2021-dək Cavabdeh1 banka 04.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4393.09 manat əsas borc, 11.22 manat faiz borcu və 16.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4420.47 manat borcu olmuşdur.Cavabdeh borcunda 100 manat məbləğində yeni ödəniş etmiş, həmin ödənişdə əsas borcdan çıxılmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4953.97 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 04.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 4393.09 manat əsas, 11.22 manat faiz,16.16 manat cərimə borcu olmaqla, cəmi 4420.47 manat borcu vardır. Bank tərəfindən təqdim edilmş son maliyyə arayışından görünür ki, cavabdehin banka 4219,71 manat əsas, 18.79 manat faiz, 24.05 manat cərimə borcu olmaqla, cəmi 4262.55 manat borcu var. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 15.11.2021-ci il tarixdə 100 manat məbləğində ödəniş həyata keçirilmiş, ödəniş əsas borcdan çıxılmış və həmin ödəniş 17.11.2021-ci il tarixli maliyyə arayışında öz əksini tapdığından cavabdehin hazırda kredit müqaviləsi üzrə banka 4219,71 manat məbləğində əsas borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı «Yelo Bank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4219,71 manat əsas, 11.22 manat faiz və 16.16 manat cərimə borcu olmaqla, cəmi 4247,09 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4219,71 manat əsas, 11.22 manat faiz və 16.16 manat cərimə borcu olmaqla, cəmi 4247,09 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar