Məhkəmə qərarları › İş №2(034)-79/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-79/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-79/2022 15.02.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 05.12.2019-cu il tarixli 708/19 saylı mallar üzrə nisyə satınalma müqaviləsinə əsasən 07.06.2021-ci il tarixinə yaranmış 2500 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.12.2019-cu il tarixli 708/19 saylı mallar üzrə nisyə satınalma müqaviləsi üzrə 21.10.2020-ci il tarixli və 22.10.2020-ci il tarixli təhvil təslim aktlarına əsasən sonuncu aldığı “Xiaomi Redmi 9C Orange”, 3 ədəd “Xiaomi redmi Note 8 moonlight”, “Xiaomi redmi Note 9 midnight”, Xiaomi redmi Note 9 blue” ,”Samsung A 105 blue”, “Samsung A 415 black”,”Samsung A 515 black,” “Samsung A217 blue” markalı mobil telefonlara görə 4000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin tərkib hissəsi olan 21.10.2020-ci il tarixli və 22.10.2020-ci il tarixli təhvil-təslim aktlarında nəzərdə tutulmuş müddətdə cavabdeh müqavilələrin şərtlərini pozaraq,ödənişi tam yerinə yetirməmiş və qalıq qalmış 2500 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Beləliklə cavabdehin 07.06.2021-ci il tarixədək iddiaçıya olan borcu 2500 manat təşkil etmişdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etjdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 05.12.2019-cu il tarixli 708/19 saylı mallar üzrə nisyə satınalma müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən X3 ayrılmaz tərkib hissəsini təşkil edən təhvil təslim AKT-ında nəzərdə tutulan malları (bundan sonra “Mallar”) Satıcının sifarişi əsasında təqdim etməyi, Alıcı isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasənda belə Malları qəbul edib onların razılaşdırılmış tam dəyərini təhvil təslim AKT-ında nəzərdə tutulmuş müddətdə Satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 26.09.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 4000 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, cavabdehin müqavilə üzrə 3751 manat borcundan 1251 manat ödəniş etmişdir və cavabdehin banka 07.06.2021-ci il tarixinə 2500 manat borcu qalmışdır. İş materiallarında olan xəbərlarlıqdan aydın olur ki, iddiaçı tərəfindən cavabdehdən 05.12.2019-cu il tarixində bağlanmış mallar üzrə nisyə satınalma müqaviləsinə əsasən 2500 manat borcun ödənilməsi tələb edilmişdir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satınalma müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından göründüyü kimi, cavabdeh aldığı əşyalara görə İddiaçı MMC-yə 2500 borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunaraq, Cavabdeh 2500 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar