Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-10/2025 25.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması tələbi”nə dair, cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “xx.xx.2024-cü il tarixdə Zərdab rayonu Körpükənd kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportun ləğv olunaraq torpaq sahəsinin 22 fevral 2008-ci il tarixdə Ucar rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən koordinatlara qaytarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Maneənin aradan qaldırılması tələbi) X4 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Cavabdehlər,qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi - Vəkil, 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maneənin aradan qaldırılması tələbi”nə dair, cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “xx.xx.2024-cü il tarixdə Zərdab rayonu Körpükənd kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportun ləğv olunaraq torpaq sahəsinin 22 fevral 2008-ci il tarixdə Ucar rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən koordinatlara qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 25 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətinə verilmiş Zərdab rayonunun Körpükənd kəndində 0.171 ha həyətyanı torpaq sahəsində ara çəpərin çəkilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Zərdab rayon Körpükənd kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportun ləğv olunaraq torpaq sahəsinin 22 fevral 2008-ci il tarixdə Ucar rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən koordinatlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlkin iş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Zərdab rayonunun Körpükənd kəndində yerləşən 0,171 hektar həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyat aparılmış və iddiaçıya MH seriyalı, ******* nömrəli “Çıxarış” təqdim edilmişdir. İddiaçı qeyd edir ki, cavabdehlər ona məxsus olan 0,171 hektar həyətyanı torpaq sahəsindən istifadəsinə mane olur, araya çəpərin çəkilməsinə imkan vermirlər. Dəfələrlə bu barədə onlara iradını bildirməsinə baxmayaraq, cavabdehlər iddiaçının sözlərinə məhəl qoymamış, hətta onu qorxudaraq öldürəcəklərini demişlər. İddiaçı bu səbəbdən Zərdab Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ona bildirilib ki, torpaq sahəsi guya onlara məxsusdur. Lakin cavabdehlər qanunsuz olaraq onun torpaq sahəsindən istifadəsinə mane olmuş, çəpərin çəkilməsinə imkan verməməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək iddia ərizəsini onunla əsaslandırmışdılar ki, Zərdab rayonu Körpükənd kəndində yerləşən mübahisəli torpaq sahəsi 30 sot olmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qaynatası,Cavabdeh1 babası, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atası Cavabdeh1 Qədir oğluna mülkiyyətində olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2008-ci il tarixdə çıxarış alarkən, həmin tarixdə tərtib edilmiş Texniki Pasportda torpaq sahəsinin ilkin konfiqurasiyası kvadrat olmuşdur. Onlarda olan məlumata əsasən 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisinin,kənd icra nümayəndəsinin və qonşuların iştirakı ilə torpaq sahəsinə dair qanunsuz olaraq Akt tərtib edilərək, akt əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı Ucar Ərazi İdarəsi tərəfindən Zərdab rayon Körpükənd kəndində yerləşən torpaq sahəsinə dair **********75-10301 saylı Texniki Pasport verilmişdir. Akt tərtib olunarkən kənd icra nümayəndəsi ona təzyiqlər olunduğunu bildirmişdir. Eyni zamanda qeyd edirlər ki, Zərdab Rayonu Məhkəməsinin xx.xx.2008-ci tarixli, 2(006)-50/2008 saylı qətnaməsində,Şirvan Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2008-ci il tarixli 2 (106)-504/2008 saylı qətnaməsində və Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının xx.xx.2009-cu il tarixli 2(102)-777/2009 saylı qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 00039330 saylı çıxarışa və həmin vaxt tərtib edilən texniki pasporta istinad edilərək Zərdab Rayonunun Körpükənd kəndində 0,171 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 49 kv.metr yaşayış, 29.4 kv metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin İddiaçı aid edilməsi göstərilmişdir. Aydın olur ki,məhkəmənin yekun qərarları çıxarılarkən xx.xx.2008-ci il tarixdə kvadrat formasında olmuş Texniki pasporta istinad edilmişdir. Sonradan (xx.xx.2024-cü il tarixdə) tərtib olunmuş Texniki Pasportla sözügedən torpaq sahəsinin konfiqurasiyası, sərhədləri qanunsuz olaraq dəyişdirilmişdir. Qanunsuz olaraq 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Texniki Pasporta torpaq sahəsinin bölünməsi,onlara aid torpaq sahəsinin faktiki azalmasına səbəb olur. Buna əsasən məhkəmədən ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2008-ci ildə mülkiyyətinə çıxarış almaq üçün aidiyyati dövlət orqanına müraciət etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Zərdab rayonunun Körpükənd kəndində yerləşən 0,171 hektar həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyat aparılmış və iddiaçıya MH seriyalı, ******* nömrəli “Çıxarış” verilmişdir. Eyni zamanda qeyd edir ki, 2008-ci ildə həyətyanı torpaq sahəsinə “Texniki pasport” tərtib olunarkən səhvə yol verilmiş və torpaq sahəsi kvadrat şəkilli göstərilmişdir. Bundan xəbər tutduqdan sonra yenidən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək yeni texniki pasportun verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ona məxsus 0.171 hektar torpaq sahəsinə yeni “Texniki Pasport” verilmişdir. İddiaçı qeyd edir ki, hazırda cavabdehlər ona məxsus olan 0,171 hektar həyətyanı torpaq sahəsindən istifadəsinə mane olur və araya çəpərin çəkilməsinə imkan vermirlər. Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını qarşılıqlı iddianın isə rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir, 45 ildir ki, sözü gedən həyətə gəlin köçərək orada yaşayır. Bildirir ki, sözü gedən torpaq sahəsi ilə bağlı müxtəlif məhkəmə qərarları var və həmin məhkəmə qərarlarında torpaq sahəsi kvadrat göstərildiyindən torpaq sahəsi üzərində olan çəpəridə ona uyğun çəkmişdir. Lakin ilkin iş üzrə iddiaçı dəfələrlə çəkilmiş çəpəri uçurmuşdur. Hesab edir ki, ilkin iddia əsassızdır. Buna əsasən ilkin iddianın rədd olunması qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən digər cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsini müdafiə etdiyini, iddiasının təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi - Vəkil cavabdehlərin qarşılıqlı iddia üzrə iddiaçıların izahatına uyğun izahat verərək ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddia üzrə iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X3 izahatında bildirmişdir ki, baxış zamanı **********75-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0 1710 ha (faktiki sahə 0.1615 ha) torpaq sahəsinin 0.00565 ha (56.5 kv. metr) hissəsi ilkin iddia üzrə cavabdehlərin faktiki istifadəsində olması faktı müəyyən olunmuşdur. Mülki işdə olan sənədlər: İşdə olan № ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, Zərdab rayonu Körpükənd kəndində yerləşən 0.171 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı,49 kv.m yaşayış, 29.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)- 50/2008 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı 1 mərtəbəli, 2 otaqlı, 49 kv.metr yaşayış, 29,4 kv.metr köməkçi səhəsi olan yaşayış evindən və 0.171 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 504/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş və Zərdab Rayon Məhkəməsinin 20 iyun 2008-ci il tarixli, 2(006)-50/2008 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-777/2009 saylı, xx.xx.2009-cu il tarixli Qərarının surətindən görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apelyasiya Məhkəməsinin 14 oktyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan etibarnamədən müəyyən olunur ki, cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və X2 onları məhkəmədə təmsil etmək üçün vəkillər kollegiyasının üzvü-Vəkil AR İİİ № 451953 saylı etibarnamə vermişdir. İşdə olan məhkəmə “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizasının 10/2889 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, baxış zamanı cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 0.2523 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və **********75-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.1710 ha (faktiki sahə 0.1615 ha) torpaq sahəsinin 0.00565 ha (56.5 kv.metr) hissəsinin cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçıların faktiki istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə dövlət büdcəsinə 100 manat pul ödəmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçıların vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə dövlət büdcəsinə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi– dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayonu,Körpükənd kəndində 0.171 ha həyətyanı torpaq sahəsi ilkin İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının tələbi isə 0.171 ha həyətyanı torpaq sahəsi üzərində ara çəpərinin çəkilməsi ilə bağlı olduğundan və sözü gedən məsələyə hüquqi qiymət vermək bir başa mümkün olmadığından işin hər tərəfli və obyektiv araşdırılması üçün iş üzrə “Tikinti-texniki obyektlərin tədqiqi” ekspertizası təyin olunmuşdur. Məhkəməyə təqdim olunmuş 12 iyun 2025-ci il tarixli 10/2889 saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, **********75-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.1710 ha (faktiki sahə 0.1615 ha) torpaq sahəsinin 0.00565 ha (56.5 kv.metr) hissəsinin cavabdehin faktiki istifadəsindədir. Buna əsasən məhkəmə hesab edir ki, ilkin iş üzrə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadəsinə maneələr yaradılmışdır. Məhkəmə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən verilmiş iddiaya tələbinə münasibətdə isə bildirir ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə Zərdab rayonu Körpükənd kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportun ləğv olunaraq torpaq sahəsi 22 fevral 2008-ci il tarixdə Ucar rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən koordinatlara qaytarılması tələb etmişdilər.Lakin məhkəmə həmin məsələyə hüquqi qiymət verən zaman hesab edir ki, ilk qiymət verilməli olan məsələ ləğvi tələb olunan xx.xx.2024-cü il tarixli Texniki Pasportun kimin tərəfindən tərtib olunması məsələsidir. Məhkəmə iş materiallarına əsasən xx.xx.2024-cü il tarixli Texniki Pasportun Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi idarəsi tərəfindən tərtib olunduğunu müəyyən edir. Buna əsasən məhkəmə hesab edir ki, cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçıların tələbləri texniki pasportu tərtib edən 16 saylı Ucar Ərazi İdarəsinə qarşı olmalıdır. Mövcud vəziyyətdə İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıların iddiasına cavab verməli şəxs hesab olunmadığından məhkəmə hesab edir ki, bu səbəbdən qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş iddia əsaslı olduğundan təmin olunmalı, cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş iddia isə əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, lakin köçürülmüş dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İlkin iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 0.171 ha həyətyanı torpaq sahəsində ara çəpərin çəkilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı xx.xx.2024-cü il tarixdə Zərdab rayonu Körpükənd kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş texniki pasport ləğv olunaraq torpaq sahəsi 22 fevral 2008-ci il tarixdə Ucar rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən koordinatlara qaytarılması tələbinə dair iddiası rədd olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-10/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-10/2025
25.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver