Məhkəmə qərarları › İş №2(035)-116/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-116/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-116/2025 06.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: (ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi tələbi) X8 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi tələbi ”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin övladları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək hər ay 397 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, hüquqlarının müdafiəsi məqsədilə vəkilə ödədiyi 350 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə 2019-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. X16 xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində ölmüşdür. Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-371/2021 saylı hökmü ilə hadisəyə səbəb olmuş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 4 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə. 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hadisədən sonra uşaqlarla birlikdə ata evində qalır. Əri ailəsini Rusiya Federasiyasında işləməklə dolandırırdı, heç kimə möhtaç olmur, bütün ehtiyaclarını təmin edirdi. Ərinin vaxtsız vəfatı ilə əlaqədar olaraq çətin vəziyyətdədirlər. Övladları yetkinlik yaşlarına çatanadək cavabdeh onlara köməklik göstərməlidir. Bu günədək cavabdeh nə ona, nədə uşaqlarına heç bir maddi dəstək göstərməmişdir. Əri hər ay istehlak səbətini özü təmin edirdi. Hər ay minimum əmək haqqı məbləğindən də artıq pul ailə büdcələrinə daxil olurdu. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunu əsas götürərək onun və övladlarının yaşayış minimumu 757 (287+235+235)manatdır. Hazırda ailə başçısını itirməyə görə dövlət tərəfindən onlara təyin olunan müavinətin məbləği isə 360 manatdır. Azyaşlı övladlarını qoyub işləyə bilmir. Çünki onlar kiçikdirlər və ona ehtiyacları vardır. Cavabdeh qanunvericiliyinin tələblərinə əsasən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzini övladlarının yetkinlik yaşına çatanadək ödəməyə borcludur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh Azərbaycan Respublikası ƏN PX-nin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə cəzaçəkmə müəssisəsinin müdriyyəti vasitəsi ilə məhkəməyə ərizə göndərərək barəsində hökm çıxarılan zaman mərhum X4 qanuni hüquqi varisi kimi tanınmış X7 ondan şikayətçi olmadığını və ona qarşı heç bir tələbinin olmadığını bildirdiyindən mülki iddianı qəbul etmədiyini, heç bir rəsmi və ya qeyri rəsmi gəlirinin olmadığını, lakin valideynləri tərəfindən mərhumun atasına hər ay 100 manat pul ödənildiyini bildirərək, qeyd etdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Starə X1 ilə 2019-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları -xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. İddiaçının X16 xx.xx.2021-ci il tarixdə avtoqəza nəticəsində ölmüşdür. Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-371/2021 saylı hökmü ilə hadisəyə səbəb olmuş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 4 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə. 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hadisədən sonra iddiaçı uşaqlarla birlikdə ata evində qalır. İddiaçı heç bir yerdə işləmir. İddiaçı ərinin vaxtsız vəfatı ilə əlaqədar olaraq çətin vəziyyətdədir. Azyaşlı övladlarını qoyub iddiaçı işləyə bilmir. Çünki uşaqlar kiçikdirlər və iddiaçıya (analarına) ehtiyacları var. Cavabdeh ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzini iddiaçının övladlarının yetkinlik yaşına çatanadək ödəməyə borcludur. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın tam təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab RİHB-nin Məmmədqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 və X3 arasında xx.xx.2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Mansurov, arvada Mansurova soyadı verilmişdir. İş materiallarında olan Zərdab RİHB-nin Məmmədqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə boyun fəqərələrinin sınığı səbəbindən ölmüşdür. İşdə olan Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-371/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Təşklat oğlu Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası ƏN PX-nin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin müdriyyəti vasitəsi ilə məhkəməyə göndərilmiş xx.xx.2025ci il tarixli ərizədən görünür ki, o, barəsində hökm çıxarılan zaman mərhum X4 qanuni hüquqi varisi kimi tanınmış X7 ondan şikayətçi olmadığını və ona qarşı heç bir tələbinin olmadığını bildirdiyindən mülki iddianı qəbul etmədiyini, heç bir rəsmi və ya qeyri rəsmi gəlirinin olmadığını, lakin valideynləri tərəfindən mərhumun atasına hər ay 100 manat pul ödənildiyini bildirərək, qeyd etdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməməsini xahiş etmişdir. İşdə olan qəbzdən görünür ki, Zərdab Rayon Məhkəməsinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 50 manat məbləğində rüsum ödənilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, hüquqlarının müdafiəsi məqsədilə İddiaçı vəkil Nümayəndə hesabına 350 manat pul ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1121.1-ci maddəsinin mənasına görə ailə başçısının ölümü nəticəsində ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin,... yetkinlik yaşına çatmayanlar - on səkkiz yaşına çatanadək, on səkkiz yaşından yuxarı tələbələr - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək zərərin əvəzinin ödənilməsi hüququ vardır. 1122.1-ci maddəsinə görə ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. 1122.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1125.1-ci maddəsinə görə zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. 59-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında”Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu ildə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşağı - xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. Hazırkı Cavabdeh xx.xx.2021-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının əri X6 xx.xx.2021-ci il tarixdə aldığı xəsarətdən ölmüşdür. Cavabdehin təqsiri üzündən iddiaçı ailə başçısını itirmiş və onun iki uşağı atasız qalaraq malik olduqları (atalarının gətirdiyi qazancdan) maddi dolanışıqdan məhrum olmuşlar. Həmin cinayət əməlinə görə Cavabdeh təqsirlilyi sübuta yetirilmiş və o, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək və 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlıdır. İddia tələbi həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır. İşin təkzib edilməyən halı ondan ibarətdir ki, iddiaçının mərhum əri X6 ilə rəsmi nikahlarından iki uşağı - xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 vardır. İddiaçının əri mərhum X2 Federasiyasında işləməklə ailəsinin dolanacaqlarını təmin etmişdir. Hazırkı cavabdehin təqsirli əməli, yəni xx.xx.2021-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində uşaqlar atalarını (ailə başçısını) itirmişlər. Nəticədə uşaqlar əvvəlki maddi təminatlarından məhrum olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının və iddiaçının övladlarının yaşayış minimumu 757 (287+235+235) manat və iddiaçının ailə başçısını itirməyə görə dövlət tərəfindən onlara təyin olunan müavinətin məbləği isə 360 manat təşkil etdiyindən, cavabdehin təqsiri üzündən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzi kimi iddiaçının övladları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək hər ay 397 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəməyə ərizə göndərərək iddianın təmin edilməməsini xahiş etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh təqsiri üzündən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzi kimi iddiaçının övladları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək hər ay cavabdehdən 397 manat vəsait alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqlarının müdafiəsi məqsədilə vəkilə ödənilmiş 350 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar