Məhkəmə qərarları › İş №2(035)-163/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-163/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-163/2025 21.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi” nə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 21 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 6350 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehi qapı-pəncərə ustası kimi tanımışdır. xx.xx.2023-cü ildə cavabdehdən yeni tikdiyi ev üçün üç ədəd dəmir qapı hər biri 2m x 1.15m və on iki ədəd dəmir barmaqlıq hər biri 1.90m x 1.70m şifariş etmişdir.Sifariş verdiyi məhsulların ümumi dəyəri 2350 manat təşkil etmişdir.Həmin vaxt o, ilkin olaraq 1000 manat məbləğində pulu cavabdehə beh olaraq vermişdir. Cavabdeh işin tez başa çatması üçün ondan pulun qalan hissəsini tez bir zamanda ödəməsini tələb etdiyi üçün o, qalıq 1350 manat pulu bir neçə dəfəyə ödəməklə cavabdehin kart hesabına ödəmişdir. Lakin, cavabdeh verdiyi sözə əməl etməmiş və verilmiş sifarişi yerinə yetirməmişdir. Dəfələrlə zəng edərək ondan vədinə əməl etməsini xahiş etsə də, lakin cavabdeh müxtəlif bəhanələrlə sifarişi yerinə yetirməkdən boyun qaçırtmışdır. Dörd aydan sonra cavabdeh ona iki yararsız və keyfiyyətsiz qapı vermişdir ki, o cavabdehə qapıların keyfiyyətsiz olduğunu bildirərək ondan qapıları dəyişməsini tələb etmişdir. Lakin cavabdeh qapıları götürməmiş nə də ki, digər sifarişləri yerinə yetirməmişdir. Sonradan ona məlum olmuşdu ki, cavabdeh heç pəncərə üçün barmaqlıq da düzəldə bilmirmiş. Eyni zamanda bildirmişdir ki,cavabdehin yalanı və məsuliyyətsizliyi nəticəsində bir ildən çoxdur ki,öz evinə köçə bilmir və kirayədə yaşayır. Hər ay 400 manat kirayə pulu ödəyir.Bu günədək ona 4000 manatdan çox maddi ziyan dəymişdir.Odur ki,ona dəymiş maddi ziyana görə ümumilikdə 6350 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu ünvan 1iyinə məhkəmə bildirişi göndərilərək, məhkəmə bildirişinin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuşdur. ünvan 1iyi tərəfindən verilən yazılı arayışda cavabdehin ərazidə qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ərazidə yaşamadığı bildirilmişdir.Eyni zamanda həmin arayışda cavabdeh ilə mobil telefon vasitəsilə əlaqə saxlamaqla mülki işlə bağlı məlumat verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o cavabdehi qapı-pəncərə ustası kimi tanımışdır. xx.xx.2023-cü ildə o, cavabdehdən yeni tikdiyi ev üçün üç ədəd dəmir qapı, hər biri 2m x 1.15m və on iki ədəd dəmir barmaqlıq, hər biri 1.90m x 1.70m şifariş etmişdir. Sifariş verdiyi məhsulların ümumi dəyəri 2350 manat təşkil etmişdir. Həmin vaxt o, ilkin olaraq 1000 manat məbləğində pulu cavabdehə beh olaraq vermişdir. Cavabdeh isə sifarişi bir həftəyə keyfiyyətlə yerinə yetirəcəyinə söz vermişdir. Onların arasındakı razılaşmaya əsasən düzəldəcəyi qapıların qalınlığı 3 millimetrlik dəmirdən olmalı idi. Cavabdeh işin tez başa çatması üçün ondan pulun qalan hissəsini tez bir zamanda ödəməsini tələb etdiyi üçün o, qalıq 1350 manat pulu bir neçə dəfəyə ödəməklə cavabdehin kart hesabına ödəmişdir. Lakin, cavabdeh verdiyi sözə əməl etməmiş və verilmiş sifarişi yerinə yetirməmişdir. Dəfələrlə zəng edərək ondan vədinə əməl etməsini xahiş etsə də, lakin, cavabdeh müxtəlif bəhanələrlə sifarişi yerinə yetirməkdən boyun qaçırtmışdır. Dörd aydan sonra cavabdeh ona iki yararsız və keyfiyyətsiz qapı vermişdir ki, o cavabdehə qapıların keyfiyyətsiz olduğunu bildirərək ondan qapıları dəyişməsini tələb etmişdir. Lakin, cavabdeh qapıları götürməmiş nə də ki,digər sifarişləri yerinə yetirməmişdir. Sonradan ona məlum olmuşdu ki, cavabdeh heç pəncərə üçün barmaqlıq da düzəldə bilmirmiş. Buna əsasən ona maddi ziyan dəymişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş DİSK-dəki səs yazısından və WhatsApp yazışmalarından müəyyən olunur ki,iddiaçı cavabdehə üç ədəd dəmir qapı və on iki ədəd dəmir barmaqlıq sifariş vermiş,sifarişlərin ümumi dəyəri 2350 manat müəyyən olunmuş və cavabdeh sifarişləri müəyyən olunmuş vaxt ərzində tam şəkildə və lazımı keyfiyyətdə təhvil verə bilməmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərin surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən təqdim olunmuş kart hesablarına xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 400 manat olmaqla, cəmi 1350 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 84 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə görə Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki,iddiaçı xx.xx.2023-cü ildə cavabdehdən yeni tikdiyi ev üçün üç ədəd dəmir qapı, hər biri 2m x 1.15m və on iki ədəd dəmir barmaqlıq hər biri 1.90m x 1.70m şifariş etmişdir.Sifarişlərin ümumi dəyəri 2350 manat müəyyən olunmuşdur.Cavabdeh şifahi razılaşmanın şərtlərinə əsasən tələb etdiyi pulu əldə etsədə lakin öhdəliklərini icra etməmişdir.İlk öncə məhkəmə qeyd edir ki,tərəflər arasında rəsmi müqavilə olmasada lakin iş materiallarına əlavə olan 1 ədəd CD diskdən müəyyən olunur ki,tərəflər üç ədəd dəmir qapı və on iki ədəd dəmir barmaqlıqların hazırlanması və qiyməti məsələsində şifahi razılığa gəliblər.Eyni zamanda iddiaçının izahatından və səs yazısından müəyyən olunur ki,cavabdeh iki ədəd dəmir qapını hazır edərək təhvil versədə lakin qapıları lazımı keyfiyyət və ölçüdə olmamışdır. Məhkəmə hesab edir ki,bununlada iddiaçıya maddi ziyan vurulmuşdur. İddiaçının 4000 manat maddi ziyan tələbinə münasibətdə isə məhkəmə bildirir ki,iddiaçı ziyanı kirayədə qalması ilə əlaqələndirsədə lakin bununla bağlı məhkəməyə hər hansısa sübutlar təqdim edə bilməmişdir.İddia tələbi üzrə sübut etmə öhdəliyi iddiaçının üzərində olduğundan iddiaçı təkcə maddi ziyan üzrə xərcləri sübut etməklə kifayətlənməməli həmdə bu ziyanın cavabdehin hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini sübuta yetirməlidir.Lakin iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş iddiasını bu hissədə yalnız yazılı mülahizələr əsasında əsaslandırmışdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və 2350 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərzəsində dövlət rüsumunu tələb etmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin olunsun. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar