Məhkəmə qərarları › İş №2(035)-30/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-30/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-30/2024 17.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə. (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə 17 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 845 manat və dövlət rüsumuna görə 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər öz aralarında şifahi razılaşaraq 2023-cü ilin aprel ayının onundan oktyabr ayının onuna kimi cavabdehə məxsus 2.6 ha torpaq sahəsini 800 manata icarəyə götürmüşdür. İddiaçı əvvəl buğda məhsulu əkib götürmüşdür. lakin, hələ icarə müqaviləsinə əsasən vaxtı qaldığı üçün, təzədən həmin taxıl sahəsini suvararaq ot kimi biçdirib götürmək istəmişdir. Bu məqsədlə cavabdeh iddiaçıya bildirmişdir ki, su pulunu da ona versin özü ödəyəcəkdir. Odur ki, iddiaçı əlavə olaraq cavabdehə iki dəfəyə suvarmaq üçün 45 manat pul vermişdir. Cavabdeh həmin sahəni suvardıqdan sonra iddiaçı gözləmişdir ki, ot böyüsün və otu biçdirəcəkdir. Bir müddət gözlədikdən sonra ona xəbər gəlmişdir ki, cavabdeh artıq otu biçdirmişdir. O, sahəyə gedən zaman görmüşdür ki, cavabdeh həqiqətən ot sahəsini biçib götürmüşdür. O, cavabdehə zəng edib iradlarını bildirdikdə, cavabdeh ona sahədən 480 ədəd ot kipi çıxmışdır get hara şikayət edirsən et hamısı mənə aiddir demişdir. Cavabdehin keçən müddət ərzində ona borclu olduğı 845 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. Onun tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə öz aralarında şifahi formada razılaşaraq 2023-cü ilin aprel ayının onundan oktyabr ayının onuna kimi cavabdehə məxsus Zərdab rayon Sarıqaya kəndində 2.6 ha torpaq sahəsini 06 ay müddətinə 800 manata icarəyə götürmüşdür. O, əvvəl buğda məhsulu əkib götürmüşdür. Lakin, razılaşdıqları müddət bitmədiyindən təzədən həmin taxıl sahəsini suvararaq ot kimi biçdirib götürmək istəmişdir. Bu məqsədlə cavabdeh ona bildirmişdir ki, su pulunu da ona versin özü ödəyəcəkdir. Odur ki, o, əlavə olaraq cavabdehə iki dəfəyə suvarmaq üçün 45 manat pul vermişdir. Cavabdeh həmin sahəni suvardıdan sonra o, gözlədi ki, ot böyüsün və otu biçdirəcəkdir. Bir müddət gözlədikdən sonra ona xəbər gəlmişdir ki, cavabdeh artıq otu biçdirmişdir. O, cavabdehə zəng edib iradlarını bildirmiş, cavabdeh isə ona demişdur ki, sahədən 480 ədəd ot kipi çıxmış və onun özünündür get hara şikayət edirsən et. Cavabdehin keçən müddət ərzində ona borclu olduğı 845 manat məbləğdə olan borc pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil və ona görə də cavabdehdə olan borcunu yalnız məhkəmə qaydasında alınmasını məqsədə müvafiq hesab edir. Onun tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə onun arasında heç-bir razılaşması icarə müqaviləsi yoxdur. Bəli ona məxsus Zərdab rayon Sarıqaya kəndində 2.6 ha torpaq sahəsi vardır. Lakin, iddiaçı düz danışmır. Belə ki, onlar öz aralarında şifahi razılaşaraq torpaq sahəsinə buğda məhsulunu əkib götürdükdən sonra sahəni təhvil verəcəyi barədə razılaşmışlar.İddiaçı məhsulunu götürdükdən sonra o, özü suvarmış və otunu biçdirib götürmüşdür. İddiaçı ona torpaq sahəsinin suvarılması üçün pul verməmiş və hazırda iddiaçıya heç-bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, tərəflər arasında olan səs yazısında cavabdehin iddiaçıya 845 manat məbləğində pul borcu olması öz təstiqini tapmamışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyekdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər öz aralarında şifahi razılaşaraq 2023-cü ilin aprel ayının onundan oktyabr ayının onuna kimi cavabdehə məxsus 2.6 ha torpaq sahəsini istifadə etmişdir. İddiaçı əvvəl buğda məhsulu əkib götürsədə, lakin, razılaşdıqları müddət bitdiyi üçün yəni oktyabr ayına kimi vaxtı qaldığı üçün, iddiaçının bildirdiyinə görə təzədən həmin taxıl sahəsini suvararaq ot kimi biçdirib götürmək istəmişdir. Lakin, bir müddətdən sonra iddiaçıya məlumat verilmişdir ki, cavabdeh artıq otu biçdirərək aparmışdır. Araşdırma zamanı iddiaçıya məxsus Zərdab rayon Sarıqaya kəndində 2.6 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Lakin, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, onlar öz aralarında şifahi razılaşaraq torpaq sahəsinə buğda məhsulunu əkib götürdükdən sonra ordan çıxacaqdır. İddiaçı məhsulunu götürdükdən sonra cavabdeh ot sahəsini özü suvardığını, otunu biçdirib götürdüyünü, iddiaçının ona torpaq sahəsinin suvarılması üçün pul vermədiyini və hazırda iddiaçıya heç-bir borcu olmadığını bildirmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmiş, nə də ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehlə aralarında icarə müqaviləsinin olduğunu iddia etsədə, lakin, məhkəməyə icarə mnüqaviləsi ilə bağlı hansı bir sənət təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar