Məhkəmə qərarları › İş №2(035)-341/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-341/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-341/2024 22.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi X9 qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(035)-49/2016 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 235 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2009-cu il tarixdə faktiki olaraq ailə qurmuş, həmin nikahdan 05.02 2010-cu il təvəllüdlü X4 doğulmuşdur. 2012-ci ilin aprel ayından cavabdehlə ayrı yaşayırlar. Zərdab Rayon Məhkəməsinin 2(035)-49/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(035)-61/2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment və uşağın müalicə xərcinə görə hər ay 30 manat tutularaq ona verilməsi qət edilmişdir. özü heç bir yerdə işləmir. Cavabdehin ödədiyi 100 manat aliment pulu uşağin ehtiyaclarını tam ödəmir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2009-cu il tarixdə faktiki olaraq ailə qurmuş, tərəflərin faktiki nikahlarından bir uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər 2012-ci ilin aprel ayından ayrı yaşayırlar. Zərdab Rayon Məhkəməsinin 2(035)- 49/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(035)-61/2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment və müalicə xərcinə görə hər ay 30 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehin uşağın saxlanılması üçün ödədiyi 100 manat aliment pulu uşağin ehtiyaclarını tam ödəmir. Nərmin professional idmanla-taekvando ilə məşğul olur, Nərminin yarışlarda iştirakı üçün, geyimləri üçün xərc tələb olunur. İddiaçı isə heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət edilsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-49/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnamənin surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(035)-61/2013 saylı qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment və uşağın müalicə xərci olaraq hər ay 30 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № MŞŞ/MT018/2024-00288 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi X3 məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh oğlu mediasiya sesiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2009-cu il tarixdə faktiki olaraq ailə qurmuş, tərəflərin faktiki nikahlarından bir uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-49/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(035)- 61/2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment və müalicə xərcinə görə hər ay 30 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. İddiaçı nümayəndəsi X5 məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına, iddia ərizəsinə, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-49/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin qəbul edilməsindən artıq 08 il, 03 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın -xx.xx.2010-cu il təvəllüdlü X2 yüksək maraqları üstün tutulmalı və onun hüquq və mənafeyinin təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman həm də iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini nəzərə alır. Məhkəmə hesab edir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə qeyd etməyi lazım bilir ki, öz növbəsində İddiaçı Cavabdeh uşağa görə hər ay 235 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-49/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat (hazırda tutulan məbləğ) – 100 manat (əvvəl tutulan məbləğ) =80 manat; 80 manat x 12 ay = 960 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-49/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar