Məhkəmə qərarları › İş №2(035)-346/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-346/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-346/2023 24.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi XXX oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 24 avqust 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 1932 manat, faiz borcuna görə 350.51 manat, cərimə borcuna görə 16,55 manat cəmi 2299.06 manat və dövlət rüsumuna görə 43 manat pulun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi onun ünvanda yaşamaması səbəbindən çatmadığı üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının Bəyimli qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məhkəmə bildirişi göndərilərək, məhkəmə bildirişinin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuş, lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazlarını məhkəməyə göndərməmişdir. İcra nümayəndəliyi tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin ərazidə qeydiyyatda olmasına baxmayaraq valideyinləri ilə birgə Bakı şəhərində yaşadığını bildirilmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cımaddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 25 faiz dərəcəsi ilə 2316 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən “borcverən” “borcalan”a kredit xətti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə cavabdehin Banka əsas borca görə 1932 manat, faizə görə 350.51 manat, cərimə borcuna görə 16,55 manat, cəmi 2299.06 manat məbləğində borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehlə aparılan danışıqlar bir nəticə verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4868nkAHM/21 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 25 % ödəmək şərti ilə kreditin ilkin limiti 2316 manat kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 4868nkAHM/21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 1932 manat, faiz borcuna görə 350.51 manat, cərimə borcuna görə 16,55 manat, cəmi 2299.06 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ümumilikdə xidmət haqqına görə 0.40 manat və dövlət rüsumuna görə 43 manat ödəmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Başçısının Bəyimli qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 346 saylı arayışdan görünür ki, cavabdehin ərazidə qeydiyyatda olmasına baxmayaraq valideyinləri ilə birgə Bakı şəhərində yaşadığını bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4868nkAHM/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 25 faiz dərəcəsi ilə 2316 manat məbləğində kredit verilmişdir. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin əsas borca görə 1932 manat, faiz borcuna görə 350.51 manat, cərimə borcuna görə 16,55 manat, cəmi 2299.06 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərinə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat, xidmət haqqına görə isə 0.40 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 43 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1932 manat, faiz borcuna görə 350.51 manat, cərimə borcuna görə 16,55 manat və ödənilmiş dövlət rüsumuna görə 43 manat, cəmi 2299,06 manat pul tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar