Məhkəmə qərarları › İş №2(035)-386/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-386/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-386/2024 23.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 23 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 160 manat, cərimə borcuna görə 390 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 580 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Zərdab Electronics” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 07 ay müddətinə bərabər hissələrlə hər ayı 50 manat ödəmək şərti ilə 400 manat məbləğində Samsung A03S markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. Cavabdeh əldə etdiyi malları tam və qüsursuz şəkildə təhvil alaraq 400 manat pulun cavabdehə tam həcimdə geri qaytarılmasına söz vermişdir. Lakin, cavabdeh borclu olduğu 400 manatdan 240 manatını qaytarsada, bu günədək borclu olduğu 160 manat pulunu qaytarmamışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh isə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə cavabdehin iddiaçıya əsas borca görə 160 manat, cərimə borcuna görə 390 manat, cəmi 550 manat borcu yaranmışdır. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, “Zərdab Electronics” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, cavabdehə 07 ay müddətinə bərabər hissələrlə hər ayı 50 manat ödəmək şərti ilə 400 manat məbləğində Samsung A03S markalı bir ədəd mobil telefon nisyə olaraq satmışdır. Lakin, cavabdeh borclu olduğu 400 manatdan 240 manatını qaytarsada, bu günədək borclu olduğu 160 manat pulunu qaytarmamışdır. Ona görədə cavabdehdə olan borcun yalnız məhkəmə qaydasında alınmasını məqsədə müvafiq hesab edir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, cavabdeh məhkəməyədək ona olan 400 manat borcundan 240 manatını ödəmişdir. Odur ki, o, iddia ərizəsində cavabdehdən dövlət rüsumu ilə birgə, cəmi 580 manat tələb etdiyini göstərsə də, hazırda cavabdehdən dövlət rüsumu ilə birgə borca görə 280 manat pulun tutulmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki cavabdehə 07 ay müddətinə bərabər hissələrlə hər ayı 50 manat ödəmək şərti ilə 400 manat məbləğində Samsung A03S markalı bir ədəd mobil telefon nisyə olaraq satılmış və alıcı (cavabdeh) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya (malsatana) dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün 1 manat məbləğində əlavə olaraq cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəmyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, cavabdehdən 580 manat tələb etsədə, cavabdeh məhkəməyə qədər qalıq borcundan 240 manat ödədiyi üçün, hazırda ondan dövlət rüsumu ilə birlikdə, cəmi 280 manat pulun tutulmasını xahiş edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 07 ay müddətinə bərabər hissələrlə hər ayı 50 manat ödəmək şərti ilə 400 manat məbləğində Samsung A03S markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. Cavabdeh borclu olduğu 400 manatdan 240 manatını qaytarsada, bu günədək borclu olduğu 160 manat pulunu qaytarmamışdır. Lakin, iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək cavabdehdən 580 manat tələb etsədə, cavabdeh qalıq borcundan 240 manat ödədiyi üçün, hazırda borca görə iddia ərizəsinə ödədiyi rüsumla birgə cəmi 280 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı qalıq borcunun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərərk borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 160 manat, cərimə borcuna görə 50 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh yaranmış borca görə 160 manat, cərimə borcuna görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 240 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar