Məhkəmə qərarları › İş №2(035)-408/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-408/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-408/2024 05.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Maddi ziyan tələbi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 05 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 532 manat, əlavə xərcə görə 184 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 746 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, saat 08-55 radələrində Zərdab şəhəri Azərbaycan küçəsində özünə məxsus Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı avtomobilini saxlayan zaman cavabdehin idarə etdiyi Mersedes markalı avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə ona 1072 manat dəyərində maddi ziyan dəymişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 1072 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə Qiymətləndirmə Aktı tərtib olunmuşdur. Dəymiş ziyanla bağlı 1072 manat pulun 540 manatını "xxxx" MMC tərəfindən ödənilmişdir. Lakin, cavabdehdən qalıq borcun ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08-55 radələrində Zərdab şəhəri Azərbaycan küçəsində özünə məxsus Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı avtomobilini saxlayan zaman cavabdehin idarə etdiyi Mersedes markalı avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə ona 1072 manat dəyərində maddi ziyan dəymişdir.Onun cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyanı müəyyənləşdirmək məqsədi ilə Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən onun iştirakıilə avtomobilə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, avtomobilin qabaq sol qapının təmiri üçün 195 manat, arxa sol qapının təmiri üçün 195 manat, qabaq sol krelin təmiri üçün 42 manat, arxa krelin təmiri üçün 50 manat, arxa buferin təmiri üçün 30 manat, orta dirəkin təmiri, dəmirçi işi üçün 40 manat, dəmirçi işi 200 manat, rəngsaz işi 200 manat, elektrik işi 20 manat və rəng avadanlığı 100 manat ziyan dəyməklə tamamilə sıradan çıxmış və qeyd olunan avto-ehtiyat hissələrinin yenidən alınmasına və avtomobil təmiri üzrə ustalar tərəfindən qeyd olunan hissələrlə yenidən yığılmasına zərurət yaranmışdır.Qeyd olunanlarla bağlı müvafiq akt tərtib olunmaqla imzalanmış və avtomobilin fotoşəkilləri çəkilmişdir. Qeyd olunan həmin aktı və avtomobilə dair fotoşəkilləri ərizəsinə əlavə etmişdir. Həmçinin avtomobilə baxış zamanı avtomobilə dəymiş ziyan 1072 manat qiymətləndirilmişdir. Onun avtomobilinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 540 manat pul ödənilmişdir. Hesab edir ki, cavabdehin vurduğu ziyanın yalnız məhkəmə qaydasında alınması məqsədə müvafiqdir. Vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 08-55 radələrində Zərdab şəhəri Azərbaycan küçəsində, özünə məxsus Mersedes markalı avtomobil ilə hərəkətdə olan zaman iddiaçıya məxsus Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən ona 540 manat pul ödənilmişdir. Hesab edir ki, iddiaçıya heç-bir borcu yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə nəqliyyat vastəsinə firma tərəfindən texniki baxış keçirilmiş və baxış zamanı dəymiş ziyanın məbləği cəmi, 1072 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5461 saylı rəyindən görünür ki, fiziki şəxs X1 (Vöen-**********) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2009-cu il buraxılışlı, Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri təxminən 930 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinəəsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülkihüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə yanaşı, işdə olan inzibati xəta haqqında qərardan və məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5461 saylı rəyi ilə müəyyən olundu ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, saat 08-55 radələrində Zərdab şəhəri Azərbaycan küçəsində özünə məxsus Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı avtomobilini saxlayan zaman cavabdehin idarə etdiyi Mersedes markalı avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıya 930 manat dəyərində maddi ziyan dəymişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı iddiaçının Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 1072 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə Qiymətləndirmə Aktı tərtib olunmuşdur. Dəymiş ziyanla bağlı 1072 manat pulun 540 manatını "xxxx" MMC tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5461 saylı rəyinə əsasən 2009-cu il buraxılışlı, Vaz 2107 markalı, 90FG 026 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 930 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dəymiş ziyanın həcmini müəyyən edərkən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən hesablanmış 1072 manatı deyil, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən olunmuş 930 manat məbləğdə pulu sübut kimi qəbul edir. Beləliklə, məhkəmə tərəflərin verdiyi izahatlarına və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalrına əsaslanaraq və tərəflərin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, əlavə xərcə görə tələb olunan 184 manat pul təmin edilməməli və maddi ziyan tələbinə dair hissədə iddiaçının xeyrinə 390 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 30 manat pulu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 390 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 420 manat pul cavabdehdən tutularaq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar