Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-426/2025 03.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi - vəkil Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 03 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona borclu olduğu 1500 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat, cəmi 1535 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olan şifahi razılaşmaya əsasən, iddiaçı 2024-cü ilin əvvəllərində qaytarılmaq şərti ilə cavabdehə müxtəlif vaxtlarda müəyyən məbləğlərdə borc pul vermişdir. Lakin, sonradan cavabdeh aldığı borc məbləğini geri qaytarmamış və o, anası ilə birlikdə iddiaçıya müraciət edərək, yenidən cavabdehə 750 manat məbləğində pul verməsini xahiş etmişdir. Səbəb kimi bildirmişlər ki, cavabdehin aliment borcu var və həmin borc ödənilməzsə, onun barəsində həbs qərarı veriləcəkdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 1500 manat məbləğində borcu yaranmışdır. Cavabdehin keçən müddət ərzində cavabdeh tərəfindən borclu olduğı 1500 manat məbləğində pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi - vəkil Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2024-cü ilin əvvəllərindən Zərdab rayonunun Çallı kəndində yaşayan və iddiaçının qonşusu olan Cavabdeh Bəhram oğlu ailə-məişət problemləri səbəbilə iddiaçıdan bir neçə dəfə müxtəlif vaxtlarda borc pul almışdır. Belə ki, cavabdeh iddiaçıdan ümumilikdə 1500 manat məbləğində borc almışdır. Sonradan cavabdeh həyat yoldaşından boşanmış və ona qarşı aliment öhdəliyi yaranmışdır. Cavabdeh əvvəlki borcunu qaytarmadığı üçün iddiaçı ona təkrar borc vermək istəməmişdir. Lakin, cavabdehin anası iddiaçının evinə gələrək, oğlunun aliment öhdəliyinə görə həbs ediləcəyini bildirmiş və iddiaçıdan kömək göstərməsini rica etmişdir. Nəticə etibarilə, iddiaçı mərhəmət göstərərək cavabdehin aliment borcu olan 750 manat məbləğində pulu ödəməklə ona köməklik etmişdir. Beləliklə, Cavabdeh Bəhram oğlunun iddiaçıya ümumilikdə 1500 manat məbləğində borcu yaranmışdır. Cavabdeh bu borcu işləyib qaytaracağını bildirsə də, iddiaçının dəfələrlə etdiyi müraciətlərə və xəbərdarlıqlara baxmayaraq, bir ildən artıq müddətdir ki, ödəniş etməmiş, müxtəlif bəhanələrlə vaxt uzatmışdır. Cavabdeh tərəfindən iddiaçıya olan borcun etiraf edildiyi səs yazıları mövcuddur və həmin səs yazılarının olduğu disk iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, cavabdehlə iddiaçı arasında hər hansı borc müqaviləsi olmamışdır. Cavabdeh əgər iddiaçıdan alımentin ödənilməsi ilə bağlı borc pul almışdırsa, bəs nə üçün cavbdehin barəsində inzibati tənbeh tədbiri görülək on gün müddətinə həbs edilmişdir. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Diskdə yazılmış səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı pul borcunun olduğunu etiraf etmiş, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı 2024-cü ilin əvvəllərində qaytarılmaq şərti ilə cavabdehə müxtəlif vaxtlarda borc pul verərək, ümumilikdə 1500 manat məbləğində borcu yaranmışdır. Lakin, sonradan cavabdeh aldığı borc məbləğini geri qaytarmamışdır. Cavabdehin keçən müddət ərzində iddiaçıya borclu olduğı 1500 manat məbləğində pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyildir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialarına əlavə edilmiş diskdə olan səs yazısından aydın olur ki, cavabdeh iddiaçıya olan pul borcunu etiraf etmiş və borcun qaytarılacağına dair vəd vermişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 1500 manat və dövlət rüsumuna görə 35 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 1500 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat, cəmi 1535 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-426/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-426/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver