Məhkəmə qərarları › İş №2(035)-437/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-437/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-437/2025 11.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 11 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən 4500 manat məbləğində borcun və 65 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4565 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən, iddiaçı cavabdehə iki ay müddətinə, qaytarmaq şərti ilə 4500 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh imzaladığı müqavilənin şərtlərinə əməl etməyərək, bu günə qədər borc aldığı 4500 manat məbləğində pulu geri qaytarmamışdır.Borcun qaytarılması üçün müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdeh keçən müddət ərzində iddiaçıya 4500 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmənın xx.xx.2025-ci il tarixli qərardadına əsasən, iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçı məhkəməyə gəlməmiş, lakin teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında o, iddiaçıya müraciət edərək borc pul istəmiş və onun müraciət əsasında tərəflər arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona iki ay müddətinə, qaytarmaq şərti ilə 4500 manat məbləğində borc pul vermişdir. O, iddiaçiya borclu olduğu 4500 manat məbləğində pulu maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün ödəyə bilməmişdir. Hazırda fərdi işlə məşğul olmaqla qazancı olur. Odur ki, iddiaçıya olan borcunu hissə-hissə ayda 200-300 manat ödəyəcəyini bildirmişdir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 2 ay müddətinə, qaytarmaq şərti ilə 4500 manat məbləğində borc pul vermişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 65 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən, iddiaçı cavabdehə iki ay müddətinə, qaytarılmaq şərti ilə 4500 manat məbləğində borc pul vermişdir. Müqaviləyə əsasən cavabdeh iddiaçıya olan borcunu ödəməyi öhdəsinə götürsə də, lakin, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun 4500 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını və cavabdehin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borca görə 4500 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat, cəmi 4565 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 4500 manat və ödənilmiş dövlət rüsumuna görə 65 manat, cəmi 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar