Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-458/2025 30.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müalicə xərcinin dayandırılması tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Müalicə xərcinin dayandırılması tələbi) X3 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müalicə xərcinin dayandırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 30 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)-835/2019 saylı qətnaməsi əsasında cavabdehə təyin olunmuş müalicə xərcinin dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli № 2(035)-835/2019 saylı qətnaməsinə əsasən iddiaçıdan müalicə xərcinə görə tutulan pulun miqdarı artırılaraq 100 manat müəyyən olunmuşdur. Həmin tarixdən etibarən bu zamana kimi təyin olunmuş müalicə xərci tam şəkildə ödənilmişdir. Lakin hazırda müalicə xərcinin dayandırılması zəruriyyəti yaranmışdır. İddiaçı bu zəruriyyəti Cavabdeh yüngül işlərdə işləyə bilməsi, narkotik vasitələrin satışında ittiham olunaraq həbs olunması səbəbindən dövlət təminatında olması və maddi vəziyyətinin pisləşməsi ilə əsaslandırmışdır. İddiaya etiraz: Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək etirazında göstərmişdir ki, iddiaçı, iddia ərizəsində cavabdehin həbsdə olduğunu, dövlət təminatında saxlanıldığını və müvafiq qaydada dərmanla təmin olunduğunu göstərmişdir. Lakin, bu həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin qəbul etdiyi bütün dərmanlar psixotrop dərmanlardır və həmin dərmanlar onun tərəfindən apteklərdən alınır. Cavabdehin dərmanları üçün hər ay təxminən 400–500 manat məbləğində vəsait xərclənir. İddiaçının ödədiyi aylıq 100 manat müalicə xərci dərmanların alınmasına kifayət etmir. Həmçinin o, qeyd edir ki, cavabdeh İİ qrup əlildir və xx.xx.2002-ci il tarixdən “toksiko-hipoksik ensefalopatiya nəticəsində psixi-fiziki inkişafdan geri qalma, tez-tez təkrarlanan qıcolmalar (ayda 8–10 dəfə)” diaqnozu ilə poliklinika şöbəsində qeydiyyatdadır. Cavabdeh daima psixotrop və qıcolma əleyhinə dərmanlar qəbul edir. Bu illər ərzində cavabdeh Zərdab MRX-da, UNX-da, RKX-da, eləcə də 1 saylı psixiatriya xəstəxanasında həm ambulator, həm də stasionar müalicələr almışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 1 saylı psixiatriya xəstəxanasında “ensefalopatiya nəticəsində psixi-fiziki inkişafdan geri qalma, tez-tez təkrarlanan qıcolma” diaqnozu ilə stasionar müalicə keçmişdir. Bundan əlavə, 2022-ci ildə Salyan Rayon Psixiatriya Xəstəxanasında “F07.07 ensefalopatiya, qıcolma tutmaları ilə (ayda 8–10 dəfə) və kəskin ifadəli asteno-nevrotik hal” diaqnozu ilə ambulator müayinə olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun doğma oğludur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ondan müalicə xərcinə görə tutulan məbləğ artırılaraq aylıq 100 (yüz) manat müəyyən edilmişdir. Həmin tarixdən etibarən bu günədək təyin olunmuş müalicə xərci onun tərəfindən tam şəkildə ödənilmişdir. Lakin, hazırda onun səhəti pisləşdiyi üçün əməliyyat olunacaqdır. Odur ki, təyin olunmuş müalicə xərcini ödəmək imkanına malik olmadığını bildirmişdir. O, həmçinin qeyd edir ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciəti əsasında ona verilən yazılı məktubda qeyd edilmişdir ki, cavabdeh 2-ci qrup əlildir və hər ay pulsuz olaraq dərman preparatları ilə təmin olunur. Bundan əlavə, cavabdeh narkotik vasitələrin satışında ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda cavabdeh 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tam dövlət təminatındadır və zəruri dərman preparatları ilə dövlət vəsaiti hesabına təmin olunur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun doğma oğludur. Cavabdeh İİ qrup əlildir və xx.xx.2002-ci ildən “toksiko-hipoksik ensefalopatiya nəticəsində psixi-fiziki inkişafdan geri qalma, tez-tez təkrarlanan qıcolmalar (ayda 8–10 dəfə)” diaqnozu ilə poliklinika şöbəsində dispanser qeydiyyatındadır. Cavabdeh daim psixotrop və qıcolma əleyhinə dərmanlar qəbul edir. Bu müddət ərzində cavabdeh Zərdab Rayon Mərkəzi Xəstəxanasında, X1, Respublika Klinik Xəstəxanasında, eləcə də 1 saylı psixiatriya xəstəxanasında həm ambulator, həm də stasionar müalicələr almışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 1 saylı Psixiatriya Xəstəxanasında “Epilepsiya nəticəsində şəxsiyyət və davranış pozğunluğu” diaqnozu ilə stasionar müalicə keçmişdir. Bundan əlavə, 2022-ci ildə Salyan Rayon Psixiatriya Xəstəxanasında “F07.07 ensefalopatiya, qıcolma tutmaları ilə (ayda 8–10 dəfə) və kəskin ifadəli asteno-nevrotik hal” diaqnozu ilə ambulator müayinə olunmuşdur. “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə sorğu göndərilsə təsdiq olunacaq ki, cavabdeh xx.xx.2002-ci ildən “ensefalopatiya nəticəsində psixi-fiziki inkişafdan geri qalma, tez-tez təkrarlanan qıcolma” diaqnozu ilə poliklinika şöbəsində qeydiyyatdadır. Cavabdehin dərmanlarına hər ay təxminən 400–500 manat məbləğində vəsait xərclənir. İddiaçının ödədiyi aylıq 100 manat müalicə xərci dərmanların alınmasına kifayət etmir. İddiaçı isə iddia ərizəsində cavabdehin həbsdə olduğunu, dövlət təminatında saxlanıldığını və müvafiq qaydada dərmanla təmin olunduğunu göstərmişdir. Lakin bu, həqiqətə uyğun deyil. Cavabdeh qəbul etdiyi bütün dərmanlar psixotrop dərmanlardır və həmin dərmanlar onun tərəfindən apteklərdən alınaraq aparılır. Odur ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbi əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)- 835/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı müalicə xərcinin artırılması tələbinə dair iddiası qismən təmin edilərək hər ay 100 manat müalicə xərcinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan mediator X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № MŞŞ/MT018/2024-00589 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün İddiaçı mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(091)-81/2025 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş meteriallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 1(091)-81-/2025 nömrəli hökmü Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(107)-148/2025 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. İş materiallarında olan İcbari Tibbi Sığorta X5 tərəfindən İddiaçı ünvanlanmış № xxxx-1791/E-07/20 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh “Epilepsiya qıcolma tutmaları ilə. Hipertenziv ensefalopatiya. Qavrama və davranış pozuntuları. İnfeksion allergik bronxial astma. Respiratordan asılılıq” diaqnozu ilə xəstəxananın Konsultativ poliklinika şöbəsində dispanser qeydiyyatındadır və İİ qrup əlil kimi hər ay “Epinexx, Literon, Finlepsal və Seretid” dərman preparatları ilə təmin olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Tibbi Arayış”ın surətindən görünür ki, Cavabdeh 13 saylı cəzaçəkmə müəssisəsinə qəbul olunduğu gündən dispanser qeydiyyatına götürülmüş və cəza çəkdiyi müddətində Tibb-sanitar hissəsində dövrü müayinələrə cəlb edilmişdir. Hazırda Cavabdeh vəziyyəti qənaətbəxşdir, səhhətinə ümumi qaydada nəzarət olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Etibarnamədən müəyyən olunur ki, Cavabdeh anası Nümayəndə onu məhkəmədə təmsil etmək üçün reyestrdə 7E-67 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmışövladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, işin hallarından müəyyən olunur ki, Cavabdeh İİ qrup əlil olması və “Epileptik tutmalar, Bronxial astma” xəstəliyindən əziyyət çəkməsi işin mübahisəsiz hissəsidir. Belə ki, cavabdehin İİ qrup əlil olması və xəstəlikdən əziyyət çəkməsi həm tərəflərin izahatı əsasında həmdə iş materialları ilə sübuta yetirilir. Eyni zamanda iş materiallarından cavabdehin bəzi dərman preparatları ilə pulsuz təmin olunması faktıda təsdiqini tapmışdır. İddiaçının iddiasının əsasını təşkil edən cavabdehin cəza çəkmə müəsisəsində olmasına və bu müddət ərzində dövlət təminatında olaraq lazımı müayinə və müalicə olunmasına münasibətdə isə məhkəmə bildirir ki, iş materiallarından müəyyən olunur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 1(091)-81-/2025 nömrəli hökmü Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(107)-148/2025 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Eyni zamanda İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Tibbi Arayış”ın surətindəndə aydın olur ki, Cavabdeh 13 saylı cəzaçəkmə müəssisəsinə qəbul olunduğu gündən TSH-nin həkimləri tərəfindən müayinə edilmiş, məhkumun şikayətləri nəzərə alınaraq məhkum cəzaçəkmə müəssisəsinə qəbul olunan gündən dispanser qeydiyyata götürülmüşdür. Cəza çəkdiyi müddətdə məhkum Tibbi-sanitar hissəsində dövrü müayinələrə cəlb edilmiş, səhhətində olan xəstəlikləri nəzərə alaraq təyinatlar verilmiş və icra edilmişdir. Hazırda məhkumun vəziyyəti kafidir, səhhətinə ümumi qaydada nəzarət olunur. Cavabdehə məhkum kimi TSHdə göstərilən tibbi yardımlar göstərilir. Buna əsasən məhkəmə hesab edir ki,cavabdeh hazırda cəzaçəkmə müəsisəsində saxlanıldığından və bu müddət ərzində dövlət təminatında olduğundan iddia qismən təmin olunmalı və cavabdeh cəzaçəkmə müəssəsində olduğu müddət ərzində cavabdehə təyin olunmuş müalicə xərci dayandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyi üçün, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli № 2(035)-835/2019 saylı qətnaməsinə əsasən Cavabdeh təyin olunmuş müalicə xərcinin ödənilməsi, onun cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində dayandırılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-458/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-458/2025
30.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver