Məhkəmə qərarları › İş №2(035)-46/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-46/2023

05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-46/2023 05.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı maddi ziyan və dövlət rüsumu tələbinə dair mülki iş üzrə (Açar sözlər:Vurulmuş maddi ziyan və dövlət rüsumu tələbi) X8 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı2 Fəzli oğlunun Cavabdeh nümayəndəsi X9 və X2 Cavabdeh Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri X3 iştirakı ilə, İddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı “maddi ziyan və dövlət rüsumu tələbi”nə dair iddia ərizələri üzrə mülki işə 05 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Fəzli oğlu cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 10.000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun müştərək qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 10.000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun müştərək qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Fəzli oğlunun Zərdab rayonu Çallı bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Çallı kəndi ərazisindən əkinçiliyin inkişafı məqsədi ilə 50 il müddətinə 50 ha torpaq sahəsi ona icarəyə verilmişdir. 2021-2022-ci il mövsümu üçün həmin torpaq sahəsinin 23 ha hissəsinə arpa əkmişdir. Cavabdehlər 2021-ci ilin oktyabr ayından həmin torpaq sahəsindən onun istfadəsinə maneələr yaratmış, əkilmiş sahəyə suyun verilməsini dayandırmış, 2021-ci ilin dekabr ayından etibarən isə su kanalını söküb dağıtmışlar. Sahəni suvara bilmədiyi üçün lazımı çıxışı ala bilməmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 10.000 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X12 Mərkəzinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş, lakin, ziyanın hesablanmasının onların səlahiyyətinə aid olmadığını bildirilərək mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Odur ki, onun müraciətinə əsasən müstəqil qiymətləndirici "xxxx" MMC-nin mütəxəsisləri tərəfindən sözügedən əkin sahəsinə baxış keçirilərək ona dəymiş ziyanın 15249,00 manat məbləğində olması müəyyən edilmişdir.İddiaçı hesab edir ki, onun istifadəsində olan torpaq sahəsi Çallı bələdiyyəsi ilə aralarında bağlanmış icarə müqaviləsi üzrə bələdiyyə torpaq sahəsidir və heç-bir torpaq sahəsini zəbt etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Digər iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0013 KOD 90511018 olan Dövlət aktı verilmişdir. Lakin, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün yararsız olduğu üçün 2014-cü ildə Cavabdehnə, Azərbaycan Respublikasının DT və XK-nin Zərdab rayon şöbəsinə və Çallı kənd bələdiyyəsinə müraciət edərək, ona verilmiş pay topaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəzləşdirilməsini xahiş etmişdir. Adıçəkilən qurumların mütəxəssisləri tərəfindən sözügedən pay torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədə müvafiq hesab edilərək, bu barədə xx.xx.2014-cü il tarixli Akt tərtib edilərək Çallı kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə onlara məxsus yararsız çöl pay torpağı kəndin “Pir yeri” adlanan ərazisindən olmaqla bələdiyyənin 3.91 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Həmin torpaq sahəsindən maneəsiz və açıq sahiblik etmiş, mülkiyyət hüquqlarını həyata keçirmişdir. Lakin, 2020-ci ilin fevral ayından Zərdab rayonu Çallı kəndinin bir qrup sakinləri sözügedən torpaq sahəsindən onun istifadəsinə maneələr yaratmış, taxıl, xəsili və körpə yonca bitkilərini məhv etmiş, əkinin aparılmasına maneçilik yaradılmış, əkin sahəsinə suyun verilməsi dayandırılmışdır. Cari mövsüm üçün həmin torpaq sahəsinin 2.17 ha hissəsində buğda əkmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X12 Mərkəzinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş, lakin, ziyanın hesablanmasının onların səlahiyyətinə aid olmadığını bildirilərək mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Odur ki, onun müraciətinə əsasən müstəqil qiymətləndirici "xxxx" MMC-nin mütəxəsisləri tərəfindən sözügedən əkin sahəsinə baxış keçirilərək ona dəymiş ziyanın 2970,00 manat məbləğində olması müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, onun istifadəsində olan torpaq sahəsi onun mülkiyyətində olmaqla heç-bir torpaq sahəsini zəbt etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdiir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı2 Fəzli oğlu iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə aralarında bağlanmış 25 dekabr 2007-ci il tarixli icarə müqaviləsinə əsasən Çallı kəndi ərazisindən əkinçiliyin inkişafı məqsədi ilə 50 il müddətinə 50 ha torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin torpaq sahəsi istifadəsində olan gündən torpağın yararlı vəziyyətə gətirilməsi, keyfiyyətinin yaxşılaşdırılması üçün xeyli miqdarda sərmayə qoymuşdur. 2021-2022-ci il mövsümu üçün həmin torpaq sahəsinin 23 ha hissəsinə arpa əkmişdir. Cavabdehlər 2021-ci ilin oktyabr ayından həmin torpaq sahəsindən istfadəsinə maneələr yaratmış, əkilmiş sahəyə suyun verilməsini dayandırmış, 2021-ci ilin dekabr ayından etibarən isə su kanalını söküb dağıtmışlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 10.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X12 Mərkəzinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş, lakin ziyanın hesablanmasının onların səlahiyyətinə aid olmadığını bildirilərək mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Bununla belə müraciətinə əsasən müstəqil qiymətləndirici "xxxx" MMC-nin mütəxəsissləri tərəfindən sözügedən əkin sahəsinə baxış keçirilərək ona dəymiş ziyanın 15249,00 manat məbləğində olması müəyyən olunmuşdur. Hesab edir ki, onun istifadəsində olan torpaq sahəsi icarəsində olmaqla bələdiyyə torpaq sahəsidir və heç-bir torpaq sahəsini zəbt etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında digər İddiaçı1 iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0013 KOD 90511018 olan Dövlət aktı verilmişdir. Lakin, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün yararsız olduğu üçün 2014-cü ildə Cavabdehnə, Azərbaycan Respublikasının DT və XK-nin Zərdab rayon şöbəsinə və Çallı kənd bələdiyyəsinə müraciət edərək, ona verilmiş pay topaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilməsini xahiş etmişdir. Adıçəkilən qurumların mütəxəssisləri tərəfindən sözügedən pay torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin yararsız olduğu müəyyən olunduğu üçün bələdiyyə torpağı ilə əvəzləşdirilməsi məqsədəmüvafiq hesab edilərək, bu barədə xx.xx.2014-cü il tarixli Akt tərtib edilmişdir. Bundan sonra Çallı kənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə onlara məxsus yararsız çöl pay torpağı kəndin “Pir yeri” adlanan ərazisindən olmaqla bələdiyyənin 3.91 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Həmin torpaq sahəsinə maneəsiz və açıq sahiblik etmiş, mülkiyyət hüquqlarını həyata keçirmişdir. Lakin 2020-ci ilin fevral ayından Zərdab rayonu Çallı kəndinin bir qrup sakinləri İcra Hakimiyyəti Aparatından gələn göstərişlər əsasında sözügedən torpaq sahəsindən onun istifadəsinə maneələr yaratmış, taxıl, xəsili və körpə yonca bitkilərini məhv etmiş, İcra Hakimiyyəti aparatından gələn göstəriş əsasında əkinin aparılmasına maneçilik yaradılmış, əkin sahəsinə suyun verilməsi dayandırılmışdır. Cari mövsüm üçün həmin torpaq sahəsinin 2.17 ha hissəsində buğda əkmişdir. 2021-ci ilin dekabr ayının 20 də saat 11:30 radələrində təsərrüfatına gələn suyun kəsilməsinə Cavabdeh Çallı kənd icra nümayəndəsi və aparatın işçisi Namiz Rüstəmov İcra Hakimiyyətinin Başçısının müavini Rəhman Feyzullayevin və Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimovun göstərişi ilə rəhbərlik etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 10.000 manat maddi ziyan dəymişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X12 Mərkəzinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş, lakin ziyanın hesablanmasının onların səlahiyyətinə aid olmadığını bildirilərək mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Bununla belə müraciətinə əsasən müstəqil qiymətləndirici "xxxx" MMC-nin mütəxəsissləri tərəfindən sözügedən əkin sahəsinə baxış keçirilərək ona dəymiş ziyanın 2970,00 manat məbləğində olması müəyyən olunmuşdur. Hesab edir ki, onun istifadəsində olan torpaq sahəsi onun mülkiyyətində olmaqla pay torpaq sahəsi ilə əvəzləşdirilmiş və heç-bir torpaq sahəsi zəbt edilməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 izahatında bildirmişdir ki, torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2 və İddiaçı1 nə icarə hüququ nə də mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahələri Çallı kəndinin kompleks yerquruluşu islahat layihəsində kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü örüş olmaqla bələdiyyə mülkiyyətinə aid olmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Odur ki, hər iki iddia tələbi əsassız və qanunsuzdur. İddiaçıların həmin torpaq sahələrinə heç bir hüquqları yoxdur. Odur ki, hər iki iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 Namiz Alı oğlunun izahatını təstiqləyərək hər iki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri X7 izahatında bildirmişdir ki, hər iki iddiaçı tərəfindən əkin sahələrinin suvarılması üçün heçbir müraciətlər və hər hansı ödənişlər olmamışdır. Bundan əlavə iddiaçılar suyun verilməsi üçün onunla deyil, Zərdab rayon sudan istifadə edənlər birliyi ilə bu barədə müqavilə bağlamalı idilər ki, belə bir müqavilə bağlanmamışdır. Odur ki, hər iki iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəradaddan görünür ki, hər iki iş üzrə sözügedən əkin sahəsinə baxışın keçirilməsi və müvafiq mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X12 Mərkəzinə tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X12 Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, hər iki qərardadın icrası ilə bağlı mütəxəssislər tərəfindən sahələrə baxış keçirilərək, suvarma suyunun verilməməsi səbəbindən müvafiq olaraq sahələrdə əkilmiş arpa və buğda toxumundan bitişin alınmadığı qeyd olunmuş, lakin dəymiş ziyanlığın hesablanmasının X12 Mərkəzinin səlahiyyətinə aid olmadığı bildirilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 37 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesabata əsasən İddiaçı1 dəymiş ziyanın 2970,00 manat məbləğində olduğu müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 38 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesabata əsasən İddiaçı2 Fəzli oğluna dəymiş ziyanın 15249,00 manat məbləğində olduğu müəyyən edilmişdir. İşdə olan kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6937 saylı rəyinin surətindən görünür ki, 1-ci sual üzrə:İddiaçı2 Fəzli oğluna nisbətdə "xxxx"-MMC-nin tərtib etdiyi rəydə və eləcədə iş materiallarında 2021-2022-ci il mövsümü üçün əkilmiş arpa sahəsinə suvarma suyunun verilməməsi nəticəsində vurulduğu iddia olunan maddi ziyan (əldən çıxmış fayda) barədə məlumat olmadığı üçün tədqiqat aparılmamışdır. 2-ci sual üzrə: İddiaçı1 nisbətdə Respublikada yerləşən ticarət məntəqələrində (o cümlədən Zərdab rayonunda), yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, 3.91 hektar əkinçiliyin inkişafı üçün torpaq sahəsinin 2 hektar hissəsində 2021-ci ilin dekabr ayında əkdiyi buğda bitkisinin susuzluqdan quruyaraq məhv olması nəticəsində əldən çıxması ehtimal olunan orta xalis mənfəətin (əldən çıxmış faydanın (zərərin) bazar qiyməti ilə dəyəri 2970.00 (iki min doqquz yüz yetmiş ) manat təşkil etdiyi bildirilmişdir. İşdə olan Məhkəmə mühəndis-texniki ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4606 saylı rəyin surətindən görünür ki, Məhkəmə nümayəndəsinin naturada göstərdiyi torpaq sahələrinə baxış keçirilmiş, torpaq sahələrinin kordinatları müəyyən edilərək kameral araşdırmalar aparılmışdır. Belə ki, İddiaçı1 tərəfindən istifadə edildiyi bildirilən, 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Zərdab rayon Məhkəməsi tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Torpaq sahəsi üzərində vətəndaş İddiaçı1 mülkiyyət hüququnun dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi üzərində ümumi sahəsi 3.5 ha olmaqla Çallı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli, **********07 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş və kəndin kompleks yerquruluşu islahat layihəsində kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü örüş olmaqla bələdiyyənin mülkiyyətindədir. Vətəndaş İddiaçı2 tərəfindən istifadə edildiyi bildirilən ümumi sahəsi 29.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçılar və cavabdehlər tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Torpaq sahəsi üzərində vətəndaş İddiaçı2 mülkiyyət hüququnun dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü örüş olmaqla bələdiyyə mülkiyyətinə aiddir, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. İşdə olan ərizədən görünür ki, İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, cavabbdeh Cavabdeh nümayəndələri X6 və X9 İddiaçı1 iddiasına mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 4-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı vəölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında dövlət qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X12 Mərkəzi dəymiş ziyanlığın hesablanmasının X12 Mərkəzinin səlahiyyətinə aid olmadığını rəsmi qaydada bildirdiyindən dövlət orqanının aqranom rəyini almaq mümkün olmamışdı. "xxxx" MMC isə müvafiq dövlət orqanı olmadığından, nədə ki, mütəxəssisləri ekspert səlahiyyətinə malik olmadığından, eləcə də iddia qaldırılan xüsusatların araşdırılması və müəyyən edilməsi xüsusi biliyə malik olan ekspertlər tərəfindən, həm də xüsusi tədqiq etmə metodları və vasitələrinin köməyi ilə müəyyən edilə bildiyindən və iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından iş üzrə kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, İddiaçı2 Fəzli oğlunun 2021-2022-ci il mövsümü üçün əkdiyi arpa sahəsinə suvarma suyunun verilməməsi nəticəsində vurulduğu iddia olunan maddi ziyan barədə məlumat olmadığından tədqiqat aparılmamışdır. İddiaçı1 2021-ci ilin dekabr ayında əkdiyi buğda bitkisinin susuzluqdan quruyaraq məhv olması nəticəsində əldən çıxması ehtimal olunan orta xalis mənfəətin əldən çıxmış faydanın (zərərin) bazar qiyməti ilə dəyəri 2970,00 manat təşkil edir. Lakin, torpağın təyinatını müəyyən etmək üçün Məhkəmə mühəndistexniki ekspertizası mərkəzinə müraciət zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 tərəfindən istifadə edildiyi bildirilən, 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Zərdab Rayon Məhkəməsinə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi üzərində ümumi sahəsi 3.5 ha olmaqla Çallı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli, **********07 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş və kəndin kompleks yerquruluşu islahat layihəsində kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü örüş olmaqla bələdiyyənin mülkiyyətindədir. Digər İddiaçı2 Fəzli oğlu tərəfindən istifadə edildiyi bildirilən ümumi sahəsi 29.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Torpaq sahəsi üzərində vətəndaş İddiaçı2 mülkiyyət hüququnun dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi Çallı kəndinin kompleks yerquruluşu islahat layihəsində kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü örüş olmaqla bələdiyyə mülkiyyətinə aid olmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Odur ki, göründüyü kimi iddiaçılar iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişlər. Odur ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, işin yuxarıda müəyyən olunmuş hallarını, məhkəmə ekspertizası tərəfindən keçirilmiş rəylərin nəticələrini və iş materiallarını qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyini, maddi və prosesual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını rəhbər tutaraq hesab edir ki, tərəflər məhkəməyə heç-bir hüquqmüəyyənedici sənədlər təqdim etmədikləri üçün iddiaları nə faktiki, nədə ki, hüquqi əsasa malik deyildir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hər iki iddia əsassız olduğu üçün təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddiaya məhkəmədə baxılması üçün iddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçılar İddiaçı 1 və İddiaçı 2 cavabdehlər Cavabdeh 1 və Cavabdeh 2 qarşı “maddi ziyan və dövlət rüsumu tələbi”nə dair iddiaları təmin edilməsin. İddialara məhkəmədə baxılması üçün iddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçılar İddiaçı 1 və İddiaçı 2-dən müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu ****, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar