Məhkəmə qərarları › İş №2(035)-467/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-467/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-467/2025 14.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 14 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 781 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 811 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində cavabdeh iddiaçıya müraciət edərək, nişan mərasimi ilə əlaqədar olaraq paltar, ayaqqabı və ərzaq almaq məqsədilə borc pul istəmişdir. İddiaçı, cavabdehin bu müraciətini nəzərə alaraq, xx.xx.2025-ci il tarixdə ümumi dəyəri 981 manat olan nişan üçün zəruri əşyaları almış və həmin əşyaları cavabdehin valideynlərinə təhvil vermiş, cavabdeh isə borclu olduğu 981 manat puldan yalnız 200 manatını geri qaytarmışdır. Qalıq borcu olaraq 781 manatı bu günədək qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənilməsi təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu Zərdab şəhəri Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi göndərilərək, məhkəmə bildirişinin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuş, Mənzil İstismar Sahəsinə tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin ərazidə qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ərazidə yaşamadığı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə cavabdeh ona müraciət edərək borc pul istəmiş və bu pulu nişan mərasimlərnə geyim əşyaları almaq məqsədilə xərcləyəcəyini bildirmişdir. O, isə xx.xx.2025-ci il tarixdə ümumi dəyəri 981 manat məbləğində nişan üçün zəruri olan geyim əşyaları alaraq cavabdehin valideynlərinə təhvil vermişdir. Cavabdeh borclu olduğu 981 manat puldan yalnız 200 manatını qaytarmış, lakin, qalıq borcu olaraq 781 manatı bu günədək qaytarmamışdır. Onun tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcu ödəyəcəyinə vəd versədə bu günədək borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Diskdə olan səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı pul borcunun olduğunu etiraf etmiş, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə, həmçinin məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya müraciət edərək, nişan mərasimi ilə əlaqədar olaraq geyim əşyaların alınması məqsədilə borc pul istəmişdir. İddiaçı, cavabdehin bu müraciətini nəzərə alaraq, xx.xx.2025-ci il tarixdə ümumi dəyəri 981 manat olan nişan üçün zəruri əşyaları almış və həmin əşyaları cavabdehin valideynlərinə təhvil vermişdir. Lakin, cavabdeh, borclu olduğu 981 manat məbləğindən yalnız 200 manatını geri qaytarmış, qalan 781 manat məbləğində olan borcunu bu günədək qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazısından aydın olur ki, cavabdeh iddiaçıya olan pul borcunu etiraf etmiş və borcun qaytarılacağına dair vəd vermişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən borca görə 781 manat pul və dövlət rüsumuna görə 30 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 781 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 811 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar