Məhkəmə qərarları › İş №2(035)-470/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-470/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-470/2024 09.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X3 Elxan oğlunun sədrliyi Hüseyinzadə Natiq Hüseyin oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 09 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona olan borcuna görə 1600 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 36 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayında iddiaçının öz kürəkəni Abdulla İddiaçıya yaxınlaşaraq cavabdehə borc pul verməsini xahiş etmişdir. İddiaçı cavabdehi öncədən tanıdığı və güvəndiyi üçün ona 6 ay müddətinə qaytarmaq şərtilə 1100 manat məbləğində borc pul vermişdir. Lakin, sonradan cavabdeh və onun qaynatası Bəxtiyar adlı şəxs dəfələrlə iddiaçıya zəng edərək yenidən cavabdehə 500 manat pul verməyini xahiş etmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, cavabdeh 500 manat pulla bankların birinə olan borcunu bağlayacaq və yenidən kredit əldə edərək ümumilikdə İddiaçıdan əldə etdiyi 1600 manat pulu geri qaytaracaqdır. İddiaçı cavabdehin vədlərinə inanaraq yenidən cavabdehə 500 manat pul vermişdir. Cavabdeh keçən müddət ərzində iddiaçıya 1600 manat pulu ödəmədiyindən iddiaçı belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2022-ci ilin dekabr ayında kürəkəni Abdulla ona yaxınlaşaraq cavabdehə borc pul verməsini xahiş etmişdir. Cavabdehi öncədən tanıdığı üçün ona 6 ay ərzində qaytarmaq şərtilə 1100 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı pulu 6 ay ərzində qaytaracağını bildirsədə lakin, sonradan maddi vəziyyətinin çətin olması səbəbi ilə pulu qaytara bilməyəcəyini bildirmişdir. Lakin, sonradan cavabdeh və onun Bəxtiyar adlı qaynatası dəfələrlə ona zəng edərək yenidən cavabdehə 500 manat pul verməyimi xahiş etmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, cavabdeh 500 manat pulla bankların birinə olan borcunu bağlayacaq və yenidən kredit əldə edərək ümumilikdə ondan əldə etdiyi 1600 manat pulu geri qaytaracaq. O, cavabdehin vədlərinə inanaraq yenidən cavabdehə 500 manat pul vermiş və cavabdeh pulu əldə edən zamanda qeyd etmişdir ki, 3 gün ərzində köhnə kredit borcunu bağlayaraq yeni kredit əldə edəcək və ona olan borcunu tam şəkildə ödəyəcəkdir. Lakin, dəfələrlə cavabdehə verdiyi 1600 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, İddiaçı onun qaynanasıdır. Cavabdehi əvvəllər tanıdığı üçün qaynanasından cavabdehə borc pul verməsini xahiş etmişdir. Lakin, cavabdeh iddiaçıdan aldığı borcu bugünədək qaytarmamışdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan telefonoqramdan görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh zəng edilərək məlumat verilmiş, cavabdeh isə iddiaçya 1600 manat borclu olduğunu bildirmiş, lakin, həmin borcu hazırda imkanı olmadığını bildirərək imkanı olan kimi iddiaçya borclu olduğu 1600 manat pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, şahid ifadəsindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə 6 ay müddətinə qaytarmaq şərtilə 1100 manat məbləğində borc pul vermişdir. Ancaq bir müddətən sonra cavabdeh iddiaçıya zəng edərək yenidən 500 manat məbləğində borc pul verməsini xahiş etmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, bankların birinə olan borcunu bağlayacaq və yenidən kredit əldə edərək ümumilikdə iddiaçıdan əldə etdiyi 1600 manat pulu geri qaytaracaq. İddiaçı borcunun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərərk borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən borca görə 1600 manat pul və dövlət rüsumuna görə 36 manat pul tutularaq iddiaçıya verilməlidir. Cavabdehə dəfələrlə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına üzürsüz səbəbdən gəlməmişdir. Lakin, cavabdehlə telefon əlaqəsi saxlanılmış borcunun olub-olmaması barədə fikri öyrənilmişdir. Cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, lakin, madi imkasılığı səbəbindən borcunu buğünədək ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 1600 manat və ödənilmiş dövlət rüsumuna görə 36 manat, cəmi 1636 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar