Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-471/2025 11.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə. (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə 11 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakının dəyəri olan 2650 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehdən aldığı 2800 manat dəyərində cehizlik pərdələri sataraq pulunu ona qaytarmaq şərtilə cavabdehə geri qaytarmışdır. Cavabdeh isə ona bildirmişdir ki, onun qalıq borcu olaraq 600 manat borcu vardır. O, ancaq qalıq borcu bağlandıqdan sonra pərdələri satıb pulunu qaytaracaqdır. İddiaçı isə qalıq borcu olaraq 600 manat borcunu 3 ay müddətində, hər ay 200 manat olmaqla tam şəkildə ödəmişdir. Lakin, borcun ödənilməsindən iki ay sonra cavabdeh yalnız 2800 manat dəyərində olan pərdələrin pulundan cəm olaraq 150 manat ödəmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə qalıq qalan 2650 manat məbləğində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin olunmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə vəsatətlər. Cavabdeh məhkəməyə iddia müddətinin tədbiq olunması barədə vəsatət təqdim edərək iddia müddətinin tədbiq olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatətində MMnin 373.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuşdur. İddiaçının iddiası 2019-cu ilə təsadüf etdiyindən iddia müddətinin tədbiq olunaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, qızı ailə qurduqdan təxminən iki ay sonra nikah müxtəlif səbəblərə görə Zərdab Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Nikahın ləğvindən sonra o, qızına aldığı cehiz əşyalarını müvafiq mağazalara geri qaytarmış və həmin malların dəyəri olan məbləği geri almışdır. Cehizlik pərdələri isə uzun illər dostluq etdiyi və yaxından tanıdığı, Cavabdeh alındığı üçün, həmin pərdələr cavabdehin razılığı ilə və dəyərinin geri ödənilməsi şərti ilə cavabdehə qaytarılmışdır. Ümumi dəyəri 2800 manat olan pərdələri cavabdehə qaytardıqdan sonra, cavabdeh ona bildirmişdir ki, 600 manat borcu mövcuddur və bu borc tam şəkildə ödənildikdən sonra pərdələri satıb həmin məbləği ona qaytaracaqdır. O, 3 ay ərzində hər ay 200 manat olmaqla ümumilikdə 600 manat məbləğində borcunu cavabdehə ödəmişdir. Təxminən İki ay sonra cavabdeh 2800 manatlıq pərdənin dəyərindən ona cəmi 150 manat qaytarmışdır. O dəfələrlə qalan 2650 manatın qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ödənişdən yayınmışdır. Sonuncu dəfə o, cavabdehdən pərdələrin pulunu tələb etdikdə, cavabdeh bildirmişdir ki, həmin pərdələri "Nazim" adlı şəxsin mağazasına qoymuş və orada pərdələr yararsız hala düşmüşdür. Bu günə qədər cavabdeh nə pərdələri, nə də onların dəyəri olan 2650 manat məbləğində pulu ona qaytarmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı iddia edir ki, qızına aldığı cehiz əşyalarını geri qaytarmış və bu əsasla onun iddiaçıya borcu yaranmışdır. Lakin qaytarılan cehiz əşyasının bir hissəsi onun tərəfindən satılmış və əldə olunan məbləğ iddiaçıya verilmiş, qalan əşyalar isə satılmadığı üçün hazırda onun tərəfindən saxlanılır və həmin əşyaları iddiaçıya təhvil verməyə hazırdır. Bundan əlavə iddiaçının iddiası 2019-cu ildə əldə olunmuş razılaşmaya əsaslanır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman qanunvericiliklə müəyyən olunmuş prosessual müddətidə ötmüşdür. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, tərəflər arasında olan səs yazısında cavabdehin iddiaçıya 2650 manat məbləğində pul borcu olması öz təstiqini tapmamışdır. İşdə olan № 011478 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 367.1-ci maddəsinə görə Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.1-ci maddəsinə görə Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Hazır ki,iddia üzrə məhkəmə qeyd edir ki,tərəflər arasında şifahi razılaşmanın əsasını cehiz əşyaların satılaraq əldə olunan gəlirin iddiaçıya verilməsi təşkil edir. Cavabdeh məhkəmə prosesində verdiyi izahatında həmin əşyaların satılmadığını və bu səbəbdən iddiaçıya qaytara biləcəyini bildirmişdir. Buna əsasən məhkəmə hesab edir ki,hazır ki, işdə iddiaçıya maddi ziyanlıq dəyməsi faktı öz əksini tapmamışdır. Eyni zamandada iddiaçıda iş materiallarına ona maddi ziyanlıq dəyməsi ilə əlaqədar heç bir sübut əlavə edə bilməmişdir. Məhkəmə cavabdehin müddətin tədbiq olunmasına dair ərizəsinə münasibətdə bildirir ki,ərizə əsaslıdır və nəzərə alınmalıdır. Belə ki,tərəflər arasında rəsmi müqavilə bağlanmasada lakin onlar arasında olan şifahi razılaşma müqavilə hesab olunmalı və qanunvericiliyin tələbləri tədbiq olunmalıdır. Hazır ki,işdən məlum olur ki, iddiaçının iddiasının əsasını 2019-cu ildə olan razılaşma (şifahi müqavilə) təşkil edir. Bu səbəbdəndə 3 illik iddia müddətinin tədbiq olunması əsaslı və ağlabatan hesab olunur. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,hazır ki, iş üzrə iddianın təmin olunması üçün əsaslar mövcud olmadığından və iş üzrə iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-471/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-471/2025
11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver