Məhkəmə qərarları › İş №2(035)-49/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-49/2025

13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-49/2025 13.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 yanvar 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 2(035)-727/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay onun xeyrinə 235 manat məbləğində alimentin və mediasiyaya ödədiyi 60 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə etiraz göndərərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh ilə xx.xx.2011-ciil tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından bir uşaqları –xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-727/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər aya 100 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehdən tutulması qət edilən alimentin miqdarı hazırda uşağın artan tələbatını ödəmir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini və cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və 2(035)-49/2025 saylı mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarında izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə 2(035)-49/2025 saylı mülki işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261,0.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə 2(035)- 49/2025 saylı mülki işin icraatına xitam verilsin. İddiaçı X3 tələbinin icra icraatı qaydasında həll edilməli olması izah edilsin. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar