Məhkəmə qərarları › İş №2(035)-542/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-542/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-542/2025 02.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 02 sentyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mağazasına yaxın ərazidə yaşadığından, iddiaçıdan mütəmadi olaraq alış-veriş etmişdir. İddiaçı isə cavabdehi uzun müddət tanıdığı və etibar etdiyi üçün ona həm nəğd, həm də nisyə qaydada mallar satmışdır. Lakin, cavabdeh sonuncu dəfə iddiaçıdan aldığı malların dəyərini ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 300 (üç yüz) manat məbləğində nisyə alış-veriş etmiş və bu borcu hissə-hissə ödəyəcəyinə dair vəd vermişdir. Buna baxmayaraq, verdiyi vədinə əməl etməmiş və borcunu hazırkı vaxta qədər qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, özünə məxsus mağazasında ərzaq məhsullarının satışı ilə məşğul olur. Cavabdeh mağazaya yaxın ərazidə yaşadığından, mütəmadi olaraq ondan nəğd və nisyə şəkildə alış-veriş etmişdir. O, qeyd edir ki, təxminən il yarım əvvəl cavabdeh onun mağazasından bir neçə dəfə olmaqla, ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində nisyə alış-veriş etmişdir. Cavabdeh yaranmış borcu hissə-hissə ödəyəcəyinə dair vəd vermiş, lakin, bu vədinə əməl etməmiş və borcunu qaytarmamışdır. O, dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh borcunu danmır, etiraf edir, lakin maddi vəziyyətini əsas gətirərək ödəməkdən imtina etmişdir. Həmçinin o, qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra ona məlum olmuşdur ki, ərizədə texniki səhvə yol verilmişdir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan nisiyə dəftərin surətindən görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində borcu qalmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, cavabdeh iddiaçıdan mütəmadi olaraq həm nəğd, həm də nisyə qaydada alış-veriş etmişdir. Lakin, cavabdeh sonuncu dəfə iddiaçıdan aldığı malların dəyərini ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində nisyə alış-veriş etmiş və bu borcu hissə-hissə ödəyəcəyinə dair vəd vermişdir. Buna baxmayaraq, verdiyi vədinə əməl etməmiş və borcunu qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya 290 (iki yüz doxsan) manat borcu qalmışdır. İddiaçı iddia ərizəsində cavabdehin ona 300 (üç yüz) manat borclu olduğunu qeyd etsə də, məhkəmə araşdırmasında cəmi 290 (iki yüz doxsan) manat borclu olduğu məlum olmuşdur. İddiaçı dəfələrlə cavabdehə borclu qaldığı 290 (iki yüz doxsan) manat pulu tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 290 (iki yüz doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar