Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-547/2024 19.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr,borc müqaviləsi üzrə mübahisələr) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh və onun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə 19 sentyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə borca görə 15000 (on beş min) manat,dövlət rüsumuna görə 135 (bir yüz otuz beş) manat olmaqla cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh çoxdan tanıyır və münasibətləri hər zaman yaxşı olmuşdur. Cavabdeh ona yaxınlaşaraq bazarda işlətdiyi mağazaya yeni mallar gətirdiyini lakin pulu olmadığından malları ona satmış olan firmanın pulunu verə bilmədiyini bildirərək 3 ay müddətinə ondan 15000 (on beş min) manat borc pul istəmişdir.Cavabdeh onunla birlikdə işlədiyindən və ona etibar etdiyindən ona xx.xx.2022-ci il tarixdə iltizama qol çəkdirərək 3 ay müddətinə 15000 (on beş min) manat pul vermişdir.Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir.Cavabdehlə arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi barədə uzun müddətli danışıqlar aparsada cavabdeh yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla belə məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmiş,lakin iddiaçı məhkəmə iclasında gəlməmişdir Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlə şərik olaraq birlikdə çalışmışdır. İddiaçının bildirdiyi kimi ondan 15000 (on beş min) manat borc pul almışdır. Aldığı borcunu tam şəkildə iddiaçıya qaytarmışdır. Qaytardığı pulun 1000 (bir min) manatını dair sübutu olsada qalan pulların qaytarılması ilə bağlı sübutu yoxdur. Hazırda iddiaçıya heç bir borcu olmadığından iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2022-ci il tarixli əl yazma ilə tərtib olunmuş iltizamdan müəyyən olunur ki, Cavabdeh İddiaçı 15000 (on beş min) manat borc pul almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki,müştəri adı M*****Y*****A oğlu olan 416973*****0040 kart nömrəsinə xx.xx.2024-cü il tarixdə 1000 (bir min) manat pul ödənilmişdir. İşdə olan etibarnamədən görünür ki,Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-vəkil Nümayəndə2 onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 417728 saylı etibarnamə verilmişdir İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 135 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə əsasən vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, cavabdehin iddiaçıdan 15000 (on beş min) manat borc pul alması məsələnin mübahisəsiz hissəsidir. Belə ki, cavabdeh və onun vəkili iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əlyazmanı mübahisələndirməmiş əksinə cavabdehin iddiaçıdan borc pul aldığını etiraf etmişdir. Buna əsasən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əlyazmanı əsaslı hesab edir və hesab edir ki,həmin əlyazma tərəflər arasında olan öhdəlikləri əks etdirir. Cavabdehin məhkəmə prosesi zamanı verdiyi izahatına və təqdim etdiyi məhkəmə qəbzinə münasibətdə isə məhkəmə bildirir ki,cavabdeh borc pul aldığını etiraf etsədə lakin borcu tam şəkildə qaytarmasına dair sübutlarıı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin təqdim etdiyi 1000 (bir min) manat pulun qəbzinə münasibətdə məhkəmə hesab edir ki,həmin qəbzdə qeyd olunan məbləğ tərəflər arasında olan ümumi məbləğdən çıxılmalıdır. Belə ki,məhkəmə nəzərə alır ki,qəbzdə olan ad,soyad ata adının baş hərfləri iddiaçının ad,soyad,ata adı ilə eynilik təşkil edir. Buda həmin pulun iddiaçıya məxsus kart hesabına köçürülməsini təsdiq edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə prosesində iştirak etmədiyindən və həmin qəbzə münasibətini bildirmədiyindən həmin qəbz tərəflər arasında mübahisələndirilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14000 (on dörd min manat) pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 135 manat məbləğində pulun 132 manat məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli borca əsasən 14000 (on dörd min) manat və 132 manat dövlət rüsumu olmaqla, cəmi 14132 (on dörd min bir yüz otuz iki) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-547/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-547/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver