Məhkəmə qərarları › İş №2(035)-573/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-573/2025

25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-573/2025 25.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 25 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona olan 750 (yeddi yüz əlli) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 780 (yeddi yüz səksən) manat məbləğində pulun alınaraq ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək bildirmişdir ki, qaz sərfiyyatına görə borcunun yarandığını və bu borcu ödəməli olduğunu bildirmiş, bu məqsədlə cavabdeh ayrı-ayrı vaxtlarda iddiaçıdan ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində pul almışdır. İddiaçı cavabdehi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi tanıdığından və ona güvəndiyindən, həmçinin kənddə ödəniş vasitələrinin (ödəniş terminalının) olmaması səbəbindən pulu birbaşa cavabdehə vermişdir. Lakin 2024-cü ilin sonlarında məlum olmuşdur ki, cavabdeh aldığı pulu mənimsəmiş, qaz borcuna görə heç bir ödəniş etməmiş, iddiaçını aldadaraq maddi ziyan vurmuşdur. Hazırda “Azəriqaz” İB tərəfindən iddiaçının yaşadığı ünvanda qaz verilişi dayandırılmış və borcun ödənilməsi iddiaçıdan tələb olunmaqdadır. İddiaçı tərəfindən cavabdehə və onun valideynlərinə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, borcun könüllü qaytarılması təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Tahirzadə X1 ərazisində qaz təsərrüfatına nəzarət və yaranmış borcların yığılması ilə məşğul olmuşdur. Cavabdeh dəfələrlə ona müraciət edərək, qaz sərfiyyatına görə borcunun yarandığını və borcu ödəməli olduğunu bildirmişdir. Bu məqsədlə cavabdeh ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində pul almış və həmin məbləği qaz borcunun əvəzinə onun adından ödəyəcəyini bildirmişdir. O, cavabdehi “Azəriqaz” İB-nin nümayəndəsi kimi tanıdığından və ona güvəndiyindən, həmçinin kənddə ödəniş vasitələrinin (terminalın) olmaması səbəbindən həmin məbləği birbaşa cavabdehə vermişdir. Lakin, 2024-cü ilin sonlarında isə məlum olmuşdur ki, cavabdeh aldığı vəsaiti mənimsəmiş, qaz borcuna görə heç bir ödəniş etməmişdir. Hazırda “Azəriqaz” İB tərəfindən onun yaşadığı ünvanda qaz verilişi dayandırılmış, borcun ödənilməsi ondan tələb olunmaqdadır. Hətda bu barədə Zərdab rayon Polis Şöbəsində də araşdırma getmişdir. Cavabdehə və onun valideynlərinə dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq, bu günə qədər borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan X2, Zərdab RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi polis mayoru N.Abbasov tərəfindən götürülmüş izahatdan görünür ki, Cavabdeh, A.Məmmədovun oğludur. Belə ki, cavabdeh iddiaçıdan qaz sərfiyyatına görə 750 manat məbləğində pul almamışdır. Lakin, şəxsi ehtiyacı üçün iddiaçıdan 380 manat məbləğində borc pul almışdır. Cavabdehin iddiaçıya olan borcunu ödəməyə razıdır və gələcəkdə hissə-hissə qaytaracağını bildirmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, cavabdeh iddiaçıdan qaz sərfiyyatına görə borcunun yarandığını və bu borcu ödəməli olduğunu bildirmiş, bu məqsədlə cavabdeh ayrı-ayrı vaxtlarda iddiaçıdan 380 manat məbləğində pul almışdır. İddiaçı cavabdehi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi tanıdığından və ona güvəndiyindən, həmçinin kənddə ödəniş vasitələrinin (ödəniş terminalının) olmaması səbəbindən pulu birbaşa cavabdehə vermişdir. Lakin 2024-cü ilin sonlarında məlum olmuşdur ki, cavabdeh aldığı pulu mənimsəmiş, qaz borcuna görə heç bir ödəniş etməmiş, iddiaçını aldadaraq maddi ziyan vurmuşdur. Hazırda “Azəriqaz” İB tərəfindən iddiaçının yaşadığı ünvanda qaz verilişi dayandırılmış və borcun ödənilməsi iddiaçıdan tələb olunmaqdadır. İddiaçı tərəfindən cavabdehə və onun valideynlərinə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, borcun könüllü qaytarılması təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində 750 manat tələb irəli sürsə də, iş materiallarına əlavə edilmiş cavabdehin atası Akif Məmmədovun izahatından aydın olur ki, cavabdehin iddiaçıya qaz sərfiyyatına borclu deyil, şəxsi ehtiyaclarını ödəmək üçün aldığı 380 manat borcu mövcuddur və o, həmin borcu gələcəkdə hissə-hissə qaytaracağını bildirmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 380 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 410 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 380 (üç yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 410 (dörd yüz on) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar