Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-625/2025 27.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Gülmalı qızının Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 27 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 2445 (iki min dörd yüz qırx beş) manat məbləğində pulun və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində cavabdeh iddiaçıya müraciət edərək, həyat yoldaşı X1 dəfn mərasimini yola vermək üçün ona 2500- 3000 manat civarında borc pul verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh 2445 (iki min dörd yüz qırx beş) manat borc pul verilmiş və pulun borc verilməsi barədə cavabdeh öz əli ilə qəbz yazıb imzalamışdır. Röyal söz vermişdir ki, mərhumun qırx mərasimini yola verdikdən sonra, yəni təxminən 2024-cü ilin noyabr ayının sonlarında pulu geri qaytaracaqdır. Borcu qaytarmağı vəd etdiyi vaxt tamam olduqdan sonra o, dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlayıb pulunu istəmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək pul vəsaitini qaytarmaqdan boyun qaçırmışdır. Son zamanlar isə telefon zənglərinə ümumiyyətlə cavab vermir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının vəsatətləri: İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəmə vəsatət verərək Şahid1 və X2 məhkəmə baxış iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı qızıl girov qoyulması qarşılığında lombard kreditlərinin verilməsi ilə məşğuldur, vergi ödəyicisidir. Cavabdeh şəxsin lombarda yaxın ərazidə təmizlik işləri ilə məşğul olmasına görə, həm də lombardın işçisi Ramin adlı şəxslə Gəncə şəhəri, Sadıllı qəsəbəsində qonşu olduqlarına görə cavabdehlə münasibətləri yaranmışdır. Sözü gedən lombard təşkilatında işləyən Şahid1 İddiaçı xahiş edərək tanışı Cavabdeh ailə problemləri olduğuna görə girov qoyduğu qızıldan artıq məbləğdə kredit verilməsini xahiş etmişdir. Nəticədə Röyal tərəfindən təxminən 300-400 manat civarında qızıl girov qoyularaq kredit götürülmüşdür. Sonradan isə, kredit vaxtında ödənilmədiyi üçün Röyalın həyat yoldaşının iştirakı ilə girov predmeti olan qızıl əşya satılaraq borc məbləğindən müəyyən hissə ödənilmişdir. Röyalın həyat yoldaşı X4 bildirmişdir ki, rəsmi işdə işlədiyi üçün qalan kredit borc məbləğini onun adına rəsmiləşdirsinlər və o, hər ay vaxtında kedit məbləğini ödəyəcəkdir. Ona görə də qalan borc məbləği X1 adına rəsmiləşdirilmişdir. Sonradan yenə də ödənişlər olmadığı üçün cavadehin yaşadığı ünvana gedilmiş və Röyal bildirmişdir ki, onun həyat yoldaşı onkoloji xəstədir, bu səbəbdən də krediti ödəyə bilmir. 2024-cü ilin oktyabr ayında Cavabdeh özü könüllü olaraq xahiş etmişdir ki, həmin borc məbləğini yenidən mənim adıma rəsmiləşdirin. Cavabdeh şəxsi tanıdıqları üçün notarial qaydada deyil, sadə əl yazma ilə 2445 manat borc məbləğinin olması barədə qəbz alınmış və lombard üzrə olan kredit münasibətlərinə xitam verilmişdir. Lakin, yenə də borc məbləği hazırki vaxtadək ödənilməmiş qalmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.1988-ci ildə Ermənistan SSR-in Kalinin rayonunda adadan olmuşdur, milliyyətçə azərbaycanlıdır, orta təhsillidir, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyində dalandar işləyir, Zərdab rayonu, Burunlu kəndində qeydiyyatdadır, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Həyat yoldaşı dünyasını dəyişmişdir, himayəsində dörd azyaşlı uşağı vardır. İddiaçı tanımır, lakin onun işçisi Şahid1 uşaqlıqdan tanıyır, qonşusudur. Ramindən xahiş etdiyi üçün girov qoyduğu qızıldan artıq məbləğdə, təxminən 2000 (iki min) manat məbləğində lombarddan kredit götürmüşdür. Sonradan borcunu ödəyə bilmədiyi üçün həmin girov predmeti olan qızıl saat onların iştirakı ilə satılaraq borc məbləğindən 1200 manat ödənilmiş, 700-800 manat civarında borcu qalmış və həmin borcun ödənilməsini də həyat yoldaşının adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həyat yoldaşı X4 onkoloji xəstə olduğu və sonradan dünyasını dəyişdiyi üçün borcu ödəyə bilməmişdir. Sonradan özü könüllü olaraq lombardın işçisi Şahid1 zəng edərək, qalan borc məbləğinin onun adına rəsmiləşdirilməsini xahiş etmiş və özü şəxsən sadə əl yazma yazaraq 2445 manat borcunun olmasını etiraf etmişdir. Borcundan iki ay, hər dəfə 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid1 izahat verərək bildirmişdir ki, xx.xx.1987-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sevinc qəsəbəsi 20-ci küçədə yaşayır, evlidir, YK lombard kredit təşkilatında kredit işçisi olaraq çalışır, ali təhsillidir. Cavabdeh yaxından tanıyır, qonşu ərazidə yaşayır. Təqribən 2021-2022-ci illərdə Röyal ona çoxsaylı müraciətlər edərək, maliyyə problemləri olduğu üçün ona kredit verilməsinə köməklik göstərməsini xahiş etmişdir. Girov olaraq qol saatının qızıldan olan qəfəs hissəsini lombarda girov qoymuşdur. Onu tanıdığı üçün 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit 24 ay müddətinə müəyyən olunmuş, ümumilikdə 4 ay ödəniş olunmuş, sonra isə heç bir ödəniş olmamışdır. Kreditin şərtlərinə görə yekunda 3168 manat məbləğində pul ödənilməli idi. Borc məbləği ödənilmədiyi üçün həmin girov predmeti Röyalın həyat yoldaşının iştirakı ilə satılaraq borc məbləğindən 1000 (bir min) manat ödənilmiş, 1300-1400 manat manat civarında borcu qalmış və həmin borcun ödənilməsini də həyat yoldaşının adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra da borc məbləğindən ödənişlər olmamış və bu səbəbdən X3 qarşı məhkəmədə iddia qaldırılmışdır. Bir neçə aydan sonra Cavabdeh özü ona mobil telefon vasitəsilə zəng edərək, həyat yoldaşı Nəsibə xanımın rəhmətə getdiyini bildirmiş və qalıq borc məbləğini özü ödəyəcəyinə söz verərək, məhkəmədə qaldırılmış iddianın geri götürülməsini xahiş etmişdir. Belə olan halda o, Röyala yeni borc müqaviləsi bağlamağı təklif etmiş və yaranmış faizlərlə birlikdə cəmi 2445 (iki min dörd yüz qırx beş) manat məbləğində borcun olmasına dair cavabdeh yazılı ərizə vermişdir. Borc məbləğindən iki dəfə, hər dəfə 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid2 Şahid1 izahatına oxşar məzmunlu izahat vermişdir. İddiaçının nümayəndəsi borc məbləğindən 100 manat ödənilməsini qəbul etdiklərini bildirmişdir. Cavabdeh isə şahidlərin verdikləri ifadələrlə tam razı olduğunu və hazırda 2345 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə yazılı qaydada verilmiş borcun etirafı barədə qəbzdən görünür ki, İddiaçı iddia ərizəsində qeyd olunan 2445 (iki min dörd yüz qırx beş) manat məbləğində pul vəsaiti borc olaraq alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ №443317 nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, X4 xx.xx.2024-cü il tarixdə dünyasını dəyişmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 45 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında verdikləri izahatlarından, şahidlərin ifadələrindən və iş materiallarından müəyyən olundu ki, cavadehlə iddiaçı arasında əvvəllər kredit münasibətləri yaranmış, cavabdehin qızıl əşyanı girov qoyması müqabilində ona borc pul vəsaiti verilmişdir. Sonradan kredit məbləği qaytarıla bilmədiyi üçün girov predmeti olan qızıl saat satılaraq borc məbləğindən qismən ödənilmiş, lakin, cavabdehin həyat yoldaşı vəfat etdiyi üçün, ailə və maddi vəziyyətində çətinliklər olduğu üçün borcun ödənilməsi tam təmin olunmamışdır. Tərəflər arasında könüllü olaraq qalıq borc məbləğinə dair şifahi borc müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən yazılı qəbz verilərək iddia tələbindəki pul vəsaiti miqdarında borcun olması etiraf edilmişdir. Həmçinin, məhkəmə iclasında şahidlərin verdikləri ifadələrlə iddia tələbindəki pul vəsaitindən 100 (bir yüz) manat ödənildiyi məlum olmuş və iddiaçının nümayəndəsi tərəfindən borcdan qismən ödəniş edilməsi qəbul edilmişdir. Cavabdeh hazırki iddia üzrə 2345 (iki min üç yüz qırx beş) manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə tərəflərin izahatlarına, şahidlərin ifadələrinə və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 2345 (iki min üç yüz qırx beş) manat və iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 43,45 manat olmaqla, cəmi 2388,45 (iki min üç yüz səksən səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin olunsun. Cavabdeh borca görə 2345 (iki min üç yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumuna görə 43,45 manat olmaqla, cəmi 2388,45 (iki min üç yüz səksən səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəasiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artıq ödənilmiş 1,55 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-625/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-625/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver