Məhkəmə qərarları › İş №2(035)-673/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-673/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-673/2024 21.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X13 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat aliment tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Artıq həmin qətnamənin çıxarılmasından 2 ildən çox müddət keçmişdir. Özü heç bir yerdə işləmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Özü heç bir yerdə işləmir, uşaqların ehtiyaclarını tam ödəməkdə maddi çəhətdən çox əziyyət çəkir. Cavabdehin uşaqlarına görə ödədiyi aliment isə iki uşağa görə 300 manat uşaqların ehtiyaclarını tam olaraq ödəmir. İlkin olaraq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə etiraz: Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər ay ondan 300 manat aliment tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdən Nəsimi rayon Namiq Məmmədov adına 9 № li tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır. Aylıq əmək haqqı 596.43 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə Məmmədova (Əhmədova) Gültəkin Qalib qızı ilə ailə qurmuş, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 20-ci küçə ev 25 ünvanında icarə mənzildə, hər ay 350 manat ödəməklə yaşayır. 2020-ci ildə sümük nekrozu (sümük çürüməsi) xəstəliyindən ağır əmliyyat keçirmiş və hələ də mütamadi olaraq müalicə almaqdadır. Müəllimlik peşəsi və taksi fəaliyyəti ilə məşğul olaraq övladlarına aliment ödəyərək, icarə və ödənişini (350 manat) və ikinci ailəsi qarşısında olan öhdəliyini layiqincə yerinə yetirməyə çalışır. Alimentin artırılması onun ikinci ailəsi qarşısında olan öhdəliyini çətinliyə salacaqdır. Yaxın zamanlarda yenidən ata olacağını, ikinci ailəsinin qarşısında olan öhdəliyini nəzərə alınmasını xahiş edir. İddiaçı ana və atasının himayəsindədir. İddaçının anası X9 H.B.Zərdabi adına 1 saylı liseydə fizika müəlliməsi, atası X5 sahibkar kimi əmək fəaliyyəti ilə məşğuldur. İddiaçı özü də Zərdab rayon Xasa kəndində müəllimə işləyir. Maddi vəziyyəti yaxşı ola biləcək vəziyyətdə olsa idi alimentin qaldırılmasına etiraz etməzdi. Lakin əmək haqqının az olması və ikinci ailəsinin qarşısında öhdəliklərinin çox olması səbəbindən alimentin artırılmasına etiraz edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Artıq həmin qətnamənin çıxarılmasından 2 il 7 ay müddət keçmişdir. İddia ərizəsini mütəxəsissə hazırlatmış, məzmununu oxumamış, imza etmişdir. İddia ərizəsində onun işləməməsi səhvən göstərilmişdir. Əslində o, Zərdab rayonu Xasa kəndində müəllimə işləməklə, aylıq 400 manat əmək haqqı alır. Buna baxmayaraq uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Oğlu xx.xx.2021-ci il təvəllüdlü X10 xəstədir, onu tez-tez həkim müayələrindən keçirməli olur. İlkin olaraq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X3 X1 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment, mediasiya xərcinə görə 50 manat pul tutularaq X4 verilməsi qət edilmişdir. İşdə olan mediator X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № MŞŞ/MT018/2024-01004 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İşdə olan 7 saylı Bakı “ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında 7 saylı Bakı “ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində nikah akt qeydləri kitabında 1231 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan 1 saylı Xidmət və əməliyyat mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 167 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü ildən Nəsimi rayonu Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbdə Tarix müəllimi vəzifəsində işləyir, 11 illik iş stajına malikdir. Onun hesablanan aylıq əmək haqqı 724.11 manat, təmiz ələ alacağı məbləğ 596.43 manat təşkil edir. İşdə olan Epikrizdən görünür ki, Məmmədov X7 bud sümüyü başının avaskulyar nekrozu xəstəliyindən əziyyət çəkir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutularaq hazırki iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı uşaqların ehtiyaclarını tam ödəyə bilmədiyini bildirmişdir. Məsələ ilə bağlı İddiaçı ilkin olaraq mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ödənilməsi qət edilmiş alimentin artırılması barədə iddia versədə, iddiasını əsaslandıran hər hansı bir sübutu, yəni özünün və cavabdehin ailə və ya maddi vəziyyətində iddianın təmin olunması baxımından dəyişiklik olmasına dair, habelə diqqətəlayiq başqa maraqlarını əks etdirən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 251/2022 saylı qətnaməsinin qəbul olunmasından sonra Cavabdeh ödəniş qabiliyyətinin artmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə cavabdeh məhkəməyə vəsatət göndərərək yeni ailə qurmasını, müəllim işləməklə 596.43 manat əmək haqqı almasını, icarə evdə yaşamaqla hər ay 350 manat icarə haqqı ödəməsini, sümük çürüməsi xəstəliyindən ağır əməliyyat keçirməsini və buna görə mütamadi olaraq müalicə almalı olduğunu, özü də maddi vəziyyətidən əziyyət çəkdiyinə görə, övladlarının aliment pulunu ödəmək üçün əlavə olaraq taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə Zərdab Rayon Məhkəməsinin 2(035)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutulmasını, iddiaçının Zərdab rayon Xasa kənd orta məktəbində informatika müəlliməsi işləməklə 400 manat əmək haqqı almasını və cavabdehin maddi durumunda hər hansı bir diqqətəlayiq dəyişikliyin baş verməməsini nəzərə alır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, iddianın təmin edilməsi cavabdehin hazırkı ailə və maddi vəziyyətinin ağırlaşdırılmasına gətirib çıxara, habelə subyektiv olaraq cavabdehin gələcəkdə inzibati və cinayət hüquqi tədbir qarşısında qalmasını qaçılmaz edə bilər. Ona görə də məhkəmə hesab edir ki, hazırda iddianın təmin edilməsi üçün əsaslar yoxdur və iddia təmin edilməməlidir. Məhkəmə hazırkı iddianın həlli zamanı həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinin valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmalarına dair müddəasını, uşaqların saxlanması vəzifəsinin təkcə ataya deyil, həm də anaya aid olmasını nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar