Məhkəmə qərarları › İş №2(035)-679/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-679/2025

02.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-679/2025 02.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh XX qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv olunması tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh XX qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 02 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdeh Zərdab rayon Notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 8İ-2071 saylı icra qeydinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab rayon Notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 8İ-2071 saylı icra qeydinə əsasən ondan 25199 manat 12 qəpik əsas borcun, 1086 manat 19 qəpik məbləğində cərimə, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 26310,31 manat pulun tutulması qərara alınmışdır. Sözü gedən icra qeydi ilə razı deyildir. Belə ki, cavabdeh "xxxx" ASC ilə onun arasında MK/49384/93/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit öhdəliklərini bir müddət vaxtı-vaxtında icra etsə də, sonradan maddi vəziyyətinin pisləşməsi səbəbi ilə öhdəliklərini icra edə bilməmişdir. Hazırki işdə cavabdeh orqan icra qeydini icra şöbəsinə yollayan zaman yalnız cavabdehin təqdim etdiyi hesablamaları nəzərə almışdır. Hesab edir ki, hesablamalar düzgün deyil və əhəmiyyətli surətdə şişirdilmişdir və bu səbəbdən də sözü gedən icra qeydi ləğv olunmalıdır. Ona görə də ərizə ilə məhkəmə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsində İddiaçı ilə "xxxx" ASC arasında MK/49384/93/18 nömrəli kredit müqaviləsi bağlanıldığı göstərilmişdir. Halbuki, belə bir hal olmayıb, yəni iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi deyil, zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı bankdan kredit götürən qayınatasına zamin durmuşdur. Maraqlı hal odur ki, müvafiq icra qeydində də İddiaçı krediti götürən şəxs və ya zamin olması barədə hər hansı qeyd yoxdur. Bundan əlavə bildirmişdir ki, qanunun mənasına görə icra qeydi yalnız tərəflər arasında mübahisə olmadığı hallarda verilir. Lakin, hazırki işin hallarından göründüyü kimi tərəflər arasında mübahisə vardır. Mübahisə olduğu halda icra qeydinin təsdiq edilməsi düzgün deyil, belə olan halda ümumi qaydada məhkəmə çəkişməsi təmin olunaraq mübahisə həll olunmalıdır. Ona görə də Zərdab rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-2071 saylı icra qeydinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə cavabdeh Zərdab rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddia ərizəsində irəli sürülən tələb icra qeydi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maraqlarına toxunduğu üçün məhkəmə öz təşəbbüsü ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad qəbul etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddianın tam olaraq əsassız olduğu üçün rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Notariat ofisi xüsusi notariusu X2 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1069, Bakı Şəhəri Nərimanov Rayonu, X4, ev 42 ünvanında yerləşən "xxxx" ASCnin xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2021-Zərdab RPŞ QvŞV qrupu; FİN:xxxxxxx) MK/49384/93/18 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 25199 manat 12 qəpik (iyirmi beş min yüz doxsan doqquz manat on iki qəpik) tutulması, həmçinin borcludan 1086 manat 19 qəpik (bir min səksən altı manat on doqquz qəpik) məbləğində cərimə peniya və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 26310 manat 31 qəpik (iyirmi altı min üç yüz on manat otuz bir qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi xx.xx.2025-ci il tarixdə aparılmışdır. İş materiallarında olan iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC İddiaçı ilə aralarında bağlanmış MK/49384/93/18 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2025-ci il tarixinə 21257,08 manat əsas, 34545 manat faiz, 1086,19 manat cərimə borcu vardır. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Göyçay rayonu, Çaykənd kəndində qeydiyyatda olan X1 illik 24 % olmaqla 30000 (otuz min) manat məbləğində verilmiş kreditin 36 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-679/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, “Bank of Baku" ASC mülki işə üçüncü şəxs qismində cəlb edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda - notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarında göstərilmişdir ki, notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 276.1-ci maddəsinıə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda - notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında açıq şəkildə qeyd olunmuşdur ki, notariusun apardığı icra qeydi MPM-də nəzərdə tutulmuş əmr icraatı kimi oxşar münasibətləri tənzimləyərək, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasını nəzərdə tutur. MPM-in 23-cü fəslində qeyd olunan əmr icraatında kreditorun tələbi aşkar olduğu və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslandığı hallarda məhkəmə əmri verilə bilməsini nəzərdə tutmuşdur. Hazırki mülki iş üzrə iddia tələbindən göründüyü kimi icra qeydinin verilməsinə dair tərəflər arasında mübahisə mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Zərdab rayon notariat ofisi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-2071 nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə onu da qeyd edir ki, icra qeydinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra kreditorun borc müqaviləsi üzrə yaranmış borcun borcludan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia təmin edilsin. Cavabdeh XX tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-2071 saylı icra qeydi ləğv olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar