Məhkəmə qərarları › İş №2(035)-693/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-693/2023

15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-693/2023 15.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Agaisa qızının Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(035)-646/2022 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 150 manat məbləğində tutulan alimentin miqdarının artırılması, hər ay 220 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-389/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, uşağın özünün himayəsində saxlanılması qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 646/2022 saylı qətnaməsi ilə cavabdehdən Raufun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 150 manat məbləğində aliment və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qət edilmiş alimenti güclə ödəyir, hər dəfə o, icraçılara yaxınlaşmalı olur. Cavabdeh uşağın digər xərclərində könüllü iştirak etmir. Uşağı saxlamaq, tələbatını ödəmək ona çox çətindir. Aldığı əmək haqqı cavabdehlə birgə nikah dövründə ev tikintisi üçün götürdüyü kreditə gedir. Valideynlərinində yükü ağırdır. Ödənilən alimentin miqdarı uşağın minimum ehtiyaclarını ödəmir. Cavabdeh uşağın revmatizmdən əziyyət çəkdiyini bilir. Uşaq mütamadi olaraq müalicə alır. Cavabdeh kifayət qədər əmək haqqı alır. Cavabdehlə mediasiya prosesində razılığa gəlmək istəsə də cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2013cü il təvəllüdlü X6 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralrındakı nikahın pozulması, Raufun özünün himayəsində saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən oğlu Raufun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment tutulması qət edilmişdir. Cavabdehdən hazırda tutulan 150 manat aliment pulu uşağın ehtiyaclarını tam ödəmir. Uşaq revmatizmdən əziyyət çəkir, mütamadi olaraq həkim müayinələrindən keçir. Cavabdeh işləyir və təqribən 1200 manat əmək haqqı alır. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, oğlu Raufun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya hər ay 220 manat məbləğində aliment ödəməyə etiraz etmir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-389/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 337 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-646/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 150 manat məbləğində aliment və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiya xərci tutularaq hazırki İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞŞ/1/MT018/2023- 02261 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X1 məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün X1 50 manat tam mediasiya xərcini tək ödəmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, 220 manat aliment tutulmasına etirazının olmadığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları- xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-389/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 337 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin 2(035)-646/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hazırki Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 150 manat məbləğində aliment və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiya xərci tutularaq hazırki İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatına, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-646/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən artıq 01 il, 02 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək cavabdehdən hər ay uşağa görə 220 manat aliment tutulmasını xahiş etmiş, öz növbəsində cavabdeh iddianı qəbul edərək uşağa görə 220 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə uşağa görə cavabdehdən tutulmalı olan alımentin miqdarını müəyyənləşdirərkən iddiaçının cavabdehdən hər ay uşağa görə 220 manat aliment tutulmasını tələb etməsi və cavabdehin həmin miqdarda aliment ödəməyə razı olması barədə iradə ifadələrini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşağa görə 220 manat aliment tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-646/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 220 manat (hazırda tutulan məbləğ) - 150 manat (əvvəl tutulan məbləğ) =70 manat; 70 manat x 12 ay =840 manat təşkil etdiyindən həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-646/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar