Məhkəmə qərarları › İş №2(035)-713/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-713/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-713/2025 14.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Hakim Abbasov Cavid Mehman oğlu sədrliyi, Əhmədova Nəzrin Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 14 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə əsas borca görə 290 manat, cəriməyə görə 159,5 manat, dövlət rüsumuna görə 30 manat və xidmət haqqına görə 0,40 manat, cəmi 479,9 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Star Elektroniks” adlı mağazadan Cavabdeh ilə aralarında bağlanmış 15 may 2025-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 50 manat, hər ay isə 59 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə imei kodu **********17745 olan 1 ədəd İnfinix hot 50i markalı yekun qiyməti 399 manat olan mobil telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinə əsasən cavabdeh alınmış malların dəyərini hissə-hissə ödəmək şərti ilə aldığı malların dəyəri kimi cəmi 399 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan xx.xx.2025-ci il tarixədək cəmi 109 manat ödəniş etmiş, 290 manat əsas borcu qalmışdır. Cavabdeh tərəfindən hazırki vaxta qalıq qalmış 290 manat əsas borc ödənilməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyinin tələbləri kobud şəkildə pozmuşdur. Yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı sms-lə xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, onun sahibkarlıq fəaliyyətinə ziyan vurmuşdur. Mülki qanunvericiliyin göstərilən müddəaları baxımından onunla cavabdeh arasında bağlanmış müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaratmış və ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, gecikdirilmiş aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənməlidir. Bu günə kimi cavabdehin əsas borcdan əlavə 159,50 manat cərimə borcu yaranmışdır. Müqavilə üzrə ödəniş cədvəlindəndə göründüyü kimi cavabdehin sonuncu ödəniş müddəti də hesablanmaqla qanunla nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddəti buraxılmamışdır. Hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus “Star Elektroniks” adlı mağazadan cavabdehə ilk dəfə 2023-cü ildə mobil telefon satılmış, cavabdeh isə ödənişlərini vaxtında edərək borucunu tam şəkildə ödəmişdir. Cavabdeh 15 may 2025-ci il tarixdə yenidən müracət edərək mağazadan telefon almaq istədiyini bildirmiş, cavabdehin həm ustalıq fəaliyyəti ilə məşğul olması, həm də ilk müqavilə üzrə borucunu ödəməsi nəzərə alınaraq onunla bağlanmış 15 may 2025-ci il tarixli müqaviləyə əsasən ona İnfinix hot 50i markalı yekun qiyməti 399 manat olan mobil telefon satılmışdır. Cavabadeh ilkin ödəniş olaraq 50 manat, ödəniş cədvəli üzrə isə 2025ci ilin iyun ayı üzrə ödənişi etmiş, bundan sonra ödəniş etməmişdir. Cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, “Star Elektroniks”-in (VÖEN; **********) rəhbəri İddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə, hissə-hissə hər ay 59 manat ödəmək şərti ilə 399 manat dəyərində imei kodu **********17745 olan 1 ədəd İnfinix hot 50i markalı mobil telefon satılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə imei kodu **********17745 olan 1 ədəd İnfinix hot 50i markalı telefon üçün iddiaçıya olan borcu ödənilməmiş hissə üzrə 290 manat, cərimə borcuna görə 159,5 manat, ümumilikdə 449,5 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə dövlət büdcəsinə 30 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə görə alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 6 ay müddətinə, hissə-hissə hər ay 59 manat ödəmək şərti ilə 399 manat dəyərində imei kodu **********17745 olan 1 ədəd İnfinix hot 50i markalı mobil telefonu nisyə almışdır. Müqaviləyə əsasən cavabdeh müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alq-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmiş və nəticədə iddiaçıya əsas borca (malın dəyərinə) görə 290 manat, cəriməyə (gecikmə faizinə) görə 159.5 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən borcun ödənilməsi tələb edilsə də, ö, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia əsas borc tələbinə dair hissəsində tam, cərimə hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin əsas kredit borcu 290 manat təşkil etdiyi halda, ondan 159,5 manat məbləğində tələb olunan gecikmə faizi (dəbbə pulu) tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi gecikmə faizinə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin məhkəməyə təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 290 manat, cəriməyə (gecikmə faizinə) görə 40 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 360,4 (üç yüz altımış manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar