Məhkəmə qərarları › İş №2(035)-883/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-883/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-883/2025 28.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Açar sözlər:(Pul tələbi) X2 Elxan oğlunun sədrliyi X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 28 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona borclu olduğu 1800 manat, ödənilmiş dövlət rüsumuna görə 38 manat olmaqla, cəmi 1838 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olan şifahi razılaşmaya əsasən, iddiaçı 2024-cü ildə 150 kq bir baş erkək dananı 1800 manat qarşılığında cavabdehə nisyə satmışdır. Cavabdeh isə aldığı heyvanın pulunu bir günə kəsib satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh sabahsı günü ətin hamsını sata bilmədiyi üçün ətin pulunu bir neçə günə verəcəyinə söz vermişdir. Cavabdeh borcu qısa müddət ərzində qaytaracağına söz versə də, lakin, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və borcunun qaytarılmasından yayınmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdeh iddiaçıya olan pul borcunun olmasını səs yazılarında da, etiraf etmişdir. Həmin səs yazılarının əks olunduğu disk iddia ərizəsinə əlavə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2026-cı il və xx.xx.2026-cı il trarixli məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nədə ki, iddiaya qarşı öz etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə cavabdehlə arasında olan şifahi razılaşmaya əsasən o, 150 kq bir baş erkək dananı 1800 manat məbləğində nisyə satmışdır. Cavabdeh aldığı heyvanın pulunu sabahısı gün yəni xx.xx.2024-cü il tarixdə əti sataraq ona ödəyəcəyinə söz versədə öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdehdən 1800 manat pulun məcburi qaydada alınaraq ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona qalıq borcunun 1800 manat olması barədə səs yazıları vardır. Bununla bağlı 1 ədəd DİSK-i iş matereallarına əlavə etmişdir. Lakin, o, məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona borclu olduğu 1800 manatdan 900 manatını ödəmişlər. Odur ki, məhkəmədən iddianın qismən təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş matereallarına əlavə olunmuş Diskdə olan səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı 1800 manat pul borcunun olduğunu etiraf etmiş, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, məhkəmə iclasında İddiaçı Cavabdeh tərəfindən ona ümumi borcdan 900 manat pul ödənildiyi üçün iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı 2024-cü ildə 150 kq bir baş erkək dananı 1800 manat qarşılığında cavabdehə nisyə satmışdır. Cavabdeh isə aldığı heyvanın pulunu kəsib satdıqdan sonra ödəyəcəyinə söz vermişdir. Cavabdeh borcu qısa müddət ərzində qaytaracağına söz versə də, lakin, öz öhdəliyini yerinə yetirməmiş və borcunun qaytarılmasından yayınmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmiş, lakin, iddiaçıya pul borcunun olmasını səs yazılarında etiraf etmişdir. Cavabdehin keçən müddət ərzində iddiaçıya borclu olduğı 1800 manat məbləğində pulu ödəmədiyindən iddiaçı belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 900 manat ödənilmişdir.. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh borca görə 900 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçıya 900 manat ödəməsi, dəfələrlə məhkəmə iclasına gəlməməsi, iddia üzrə heç-bir etirazlarını məhkəməyə bildirməməsi, cavabdehin iddia tələbini şəksiz qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 900 manat, ödənilmiş dövlət rüsumuna görə 38 manat olmaqla, cəmi 938 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar