Məhkəmə qərarları › İş №2(035)-905/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-905/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-905/2025 26.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borc tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Əhmədova Nəzrin Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca görə 600 manat və dövlət rüsumun görə 30 manat, cəmi 630 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən “qarışıq mallar“ mağazasında hazırkı iş üzrə Cavabdeh 2025-ci ilin aprel ayında qiyməti 2100 manat, ümumi çəkisi 16,8 qram olan komplekt-qızıl boyunbağı (sep klon) 7 qram, 585 əyarlı, Türkiyə istehsalı, qolbaq 3 qram 585 əyarlı, Türkiyə istehsalı, bir cüt qızıl sırğa dəsti, çəkisi 4.8 qram, 585 əyarlı, Türkiyə istehsalı qızıl üzük çəkisi 2 qram, 585 əyarlı qızıl zinət əşyaları satmışdır. Cavabdeh bu günədək ona olan borcundan cəmi 1500 manatını qaytarmış, lakin 600 manatını bugünədək qaytarmamışdır. Keçən müddət ərzində qalıq borc olaraq 600 manat pulun geri ödənilməsi ilə bağlı onun tərəfindən dəfələrlə cavabdehə çoxsaylı müraciətlər olunsa da, lakin hazırkı vaxta kimi qalıq borc olaraq 600 manat pul ödənilməmiş olaraq qalmışdır. Odur ki, cavabdehdən 600 manat pulun məcburi qaydada alınaraq ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona qalıq borcunun 600 manat olması barədə səs yazıları vardır. Bununla bağlı 1 ədəd DİSK-i iş matereallarına əlavə edir. Cavabdehin yaşadığı və qeydiyyatda olduğu Zərdab rayonu Əlvənd kəndinə borclu olduğu 600 manat borcla bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq heç-bir nəticə olmamışdır. Həmçinin bildirir ki, ünvan 1 ünvanında yerləşən qarışıq mallar mağazası ona məxsusdur və bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat alınmaqla bu barədə X1 haqqında Şəhadətnamə verilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, fərdi sahibkar olaraq qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh ondan toy etmək məqsədi ilə 2025-ci ilin mart ayında 2100 manat məbləğində qızıl-zinət əşyalarını nisyə olaraq almış və cavabdeh toy mərasimindən sonra borcunu tam ödəyəcəyini bildirmişdir. Lakin toydan sonra həmin məbləğdən 1500 manat ödəniş etməklə 600 manat məbləğində borcu qalmışdır. Bildirir ki, cavabdeh banka olan borclarına görə ona olan borcunu tam ödəyə bilməmişdir. Məhkəmədən iddianın tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, o toy etmək məqsədi ilə İddiaçı ümumi dəyəri 2100 manat olan qızıl-zinət əşyalarını nisyə olaraq almışdır. Toydan sonra iddiaçıya 1500 manat məbləğində ödəniş etmiş, 600 manat borcunu isə hazırkı vaxtadək ödəyə bilməmişdir. İddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan X2 Uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi orqanında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi (VÖEN: **********) uçotdadır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş matreallarında olan bir ədəd CD diksdə olan səs yazılarından müəyyən olunur ki, Cavabdeh İddiaçı pul borcu olduğunu etiraf edir və həmin borcu ödəyəcəyini bildirir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh şifahi razılaşma əsasında dəyəri 2100 manat olan qızıl-zinət əşyalarnı nisyə olaraq satmışdır. Razılaşmaya əsasən cavabadeh qızıl-zinət əşyalarının dəyərini tam şəkildə toy mərasimindən sonra qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh razılaşmaya əsasən borc məbləğindən 1500 manat ödəniş etmiş, lakin qalan 600 manat borc məbləğini hazırkı vaxtadək ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 600 manat təşkil edir. İddiaçı cavabdehdən qalıq borcun ödənilməsi tələb etsə də, o, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh CD diskdə təqdim edilmiş səs yazılarında və məhkəmə iclasında verdiyi ifadəsində iddiaçıya 600 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh borca görə 600 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin məhkəməyə təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 600 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 630 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar