Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1019/2024 11.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 18000 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun və ödənilmiş 145 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 18000 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun və ödənilmiş 145 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, əslən Füzuli rayonunun Qarakollu kəndindəndir, məlum hadisələrlə bağlı, məcburi köçkün kimi İmişli şəhərində yaşayır. Cavabdeh iddiaçının qonşuluğunda yaşayır. İddiaçının cavabdehlə bir qonşu kimi münasibəti olmuş, cavabdeh ondan bir neçə dəfə borca pul istəmiş, müxtəlif məbləğlərdə verdiyi pulu cavabdeh ona vaxtında qaytarmışdır. Sonradan cavabdeh ondan yüksək məbləğdə pul istəmiş, cavabdehə həmin vaxt özündə olan pulu da qoymaqla kredit götürüb üst-üstə 18000 manat pul vermişdir. İddiaçı aralarında olan razılaşmaya əsasən öz adına götürüb cavabdehə borca verdiyi kreditə görə sonuncu bir neçə ay kredit ödənişini etmiş, lakin sonradan kreditin ödənişini etməmişdir. Bu səbəbdən də kredit ödənişini iddiaçı özü etməyə başlamış, bundan sonra cavabdehdən verdiyi pulu istəmiş, lakin cavabdeh pul qaytara bilmədiyinə görə iddiaçıya olan 18000 manat borcu olmasını, həmin pulu 3 aydan sonra hissə-hissə ödəyəcəyi barədə 04 oktyabr 2023-cü ildə qəbz vermiş, lakin sonradan cavabdeh borcunu ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı cavabdehdən verdiyi 18000 manat pulunu almaqdan ötrü İmişli rayon polis şöbəsinə ərizə ilə mürciət etmiş, araşdırma zamanı cavabdeh aldığı borc pulu qaytardığını bildirməklə ona borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Buna baxmayaraq iddiaçı cavabdehdən dəfələrlə borc verdiyi pulu istəsə də, cavabdeh, ona borclu olmadığını bildirərək rədd cavabı almışdır. Ona görə iddiaçı cavabdehdən verdiyi 18000 manat pulu almaqdan ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hüquqi xidmət göstərilməsindən ötrü müdafiəçi ilə bağladığı müqaviləyə əsasən 300 manat pul, iddia qaldırmaqdan ötrü isə 145 manat dövlət rüsumu ödəmiş və çəkdiyi həmin xərcləri də cavabdehdən tələb edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı göstərdiyi 10.000 manat krediti ona verməmişdir. Pulu müxtəlif şəxslərə faizlə vermişdir. Arada vasitəçi olmuşdur. Pulu verdiyi şəxslər artıq ona pul ödəmək istəmirlər. Həmin şəxslər bildirirlər ki, onun pulunu artıqlaması ilə ödəmişdir. İddiaçı sələmçidir. İddiaçı 10.000 manat kredit məbləğini götürüb öz cibinə qoymuş, ona bildirmişdir ki, pulun faizini və krediti ödəyər. Daha sonra iddiaçı yenidən bankdan öz adına 10.800 manat kredit götürmüşdür. Həmin kredit məbləğindən 3-4 ay 970 manat pul ödəmişdir. Sonra krediti ödəmək imkanı olmamışdır. 2022-ci ilin avqust ayında kredit məbləğindən 700 manat da ödəmişdir. Ümumilikdə 18000 manat sələm almışdır. Hər ay ona 1100 manat pul ödəmişdir. Aldığı pulun müqabilində ona təqribən 48000 manat pul qaytarmışdır. Hazırda iddiaçının yaşadığı ev onundur. İddiaçı onu özünün öldürəcəyi ilə hədələmiş, o da evi iddiaçının adına keçirmişdir. İş materiallarında olan qəbzi o yazmışdır. İddiaçı ona təzyiq göstərdiyindən belə bir qəbz yazmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. 04.10.2023-cü il tarixli Sadə yazılı qəbzdən görünür ki, cavabdeh iddiaçıya 18000 manat borcu var, 3 aydan sonra hissə-hissə qaytaracaqdır.
9. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 18000 manat borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır.
10. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir.
11. Məhkəmə qeyd edir ki, borc müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədə (əlyazma) istinad edir.
12. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir.
13. Həmçinin cavabdeh tərəfindən qeyd edilsə də ki, iddiaçıya borcu yoxdur və borc ödənilmişdir, bununla bağlı iş materiallarında və ya məhkəməyə heç bir sübut təqdim etməmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
15. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 18000 manat pul, vəkil xidmətinə görə 300 manat və 145 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev