Məhkəmə qərarları › İş №2(036)-1025/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1025/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1025/2021 08.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, qanuni təmsilçisi və rəhbəri olduğu İddiaçı MMC 19 aprel 2010cu il tarixdə rəsmi qeydiyyata alınmış və həmin tarixdən etibarən mülkiyyətində olan, lisenziya əsasında fəaliyyət göstərən yanacaq doldurma məntəqəsində avtomobillərə yanacaq satışını həyata keçirir. Cavabdeh Cavabdeh “BELARUS” markalı traktorunun sürücüsüdür və o, bir neçə dəfə idarə etdiyi həmin traktora dizel yanacağını cəmiyyətə məxsus yanacaq yanacaq doldurma məntəqəsindən almışdır. Razılaşma əsasında ay ərzində alınmış dizel yanacağının pulunu hissə-hissə ödənilir və hətta ödənilmədiyi zaman yenidən yanacaq verilməsinə məhdudiyyət qoyulmamışdır. Nəzərə alınmışdır ki, o, xarici şirkətlər ilə iş görür, həmin şirkətlər görülmüş işə görə ödənişləri onlara vaxtında həyata keçirir. Bu qayda ilə cəmiyyət Cavabdeh ilə 01 yanvar 2020-ci il tarixədək işləmişdir. Bundan başqa, Cavabdeh kənd təsərrüfatı ilə əlaqədar olaraq mövsümi işlərin görülməsində "xxxx" ASC-dən götürdüyü texnikalara da dizel yanacağını İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsindənalmışdır. Cavabddeh Cavabdeh götürülən yanacağa görə ödənişləri ləngidirdi, 2018-ci ilin aprel ayından etibarən qalıq borcun artımı müşahidə edilmiş və ona bir neçə dəfə qalıq borc məbləğinin azaldılmadığı təqdirdə dizel yanacağının verilməsinə məhdudiyyət qoyulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh qalıq borc məbləğinin artımını bildiyi zaman qısa müddət ərzində borc məbləğin azaldılmasına söz vermişdir. Eyni zamanda, dizel yanacağına görə qalıq borc məbləği barədə Cavabdeh icarəsində olan kənd təsərrüfatı texnikasının sahibi "xxxx" ASC-nin rəhbərliyi ilə söhbətlər aparılmış, şirkət tərəfindən qalıq borc məbləğinin azaldılmasına köməklik göstəriləcəyi bildirilmişdir. Bundan sonra, dizel yanacağına görə qalıq borc məbləğinin bir hissəsi ödənilmişdir. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, Cavabdeh dizel yanacağına görə qalıq borc məbləğini ödəmək fikri yoxdur. Vəziyyətin belə olduğunu görüb, Cavabdeh dəfələrlə dizel yanacağına görə qalıq borc məbləğinin geri qaytarılması tələb edilmiş, lakin müraciətin heç bir müsbət nəticəsi olmamışdır. Beləliklə, 01 yanvar 2020-ci il tarixdə yanacaq doldurma məntəqəsi tərəfindən Cavabdeh nisyə dizel yanacağının verilməsi dayandırılmışdır. Hal-hazırda Cavabdeh İddiaçı MMC-yə nisyə alınmış dizel yanacağına görə 898 (səkkiz doxsan səkkiz) AZN məbləğində əsas borcu, gecikdirilmiş borc məbləğinə 7561.16 (yeddi min beş yüz altmış bir, on altı) AZN məbləğində dəbbə pulu borcu və ümumilikdə 8459.16 (səkkiz min dörd yüz əlli doqquz, on altı) AZN məbləğində borcu mövcuddur. Bu səbəbdən də, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh nisyə satılmış dizel yanacağına görə 898 (səkkiz doxsan səkkiz) AZN məbləğində əsas borcun, gecikdirilmiş borc məbləğinə 7561.16 (yeddi min beş yüz altmış bir, on altı) AZN məbləğində dəbbə pulu borcunun, ümumilikdə 8459.16 (səkkiz min dörd yüz əlli doqquz, on altı) AZN məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qızılkənd kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Eyni zamanda qeyd edir ki, İddiaçı MMC-nin nümayəndəsi X2 dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, onun istifadəsində “BELARUS” markalı traktor olmamışdır. O, kənd təsərrüfatı texnikası olan kombayn idarə edir. Özü idarə etdiyi kombayna dizel yanacağını müxtəlif yanacaq doldurma məntəqələrindən, eləcə də, İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən nağd almışdır. Bir neçə kənd təsərrüfatı texnikasını isə "xxxx" ASC-nin İmişli və Beyləqan rayonlarında yerləşən filiallarından icarəyə götürmüş, həmin texnikaları da qardaşı və dost-tanışına vermişdir. Beləliklə, onun "xxxx" ASC-dən icarəyə götürdüyü kənd təsərrüfatı texnikalarını qardaşı və dost-tanışı idarə edərək, işlətmiş və gəlir (qazanc) əldə etmişlər. Eyni zamanda bildirir ki, ola bilsin ki, müxtəlif tarixlərdə onun dost-tanışı işlətdiyi kənd təsərrüfatı texnikasına görə dizel yanacağını nisyə İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən almışdır. İddiaçı MMC-nin baş operatoru-kassiri vəzifəsində işləyən “Əfras” adlı şəxs bilirdi ki, dost-tanışının idarə etdiyi və işlətdiyi kənd təsərrüfatı texnikalarını o, "xxxx" ASC-dən icarəyə götürmüş, lakin bu o demək deyil ki, o, İddiaçı MMC-dən nisyə dizel yanacağı almış və ya dost-tanışının nisyə aldığı dizel yanacağının dəyərini ödəməli və ya buna görə məsuliyyət daşıyır. Onu da qeyd edir ki, olan bilsin, “qəbzlər” həmin kənd təsərrüfatı texnikasını idarə edən, yəni birbaşa yanacağı götürən şəxs ilə yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən şəxslər tərəfindən tərtib edilərək, imzalanmışdır və onun bu “qəbzlər”dən xəbəri olmamışdır. Ümumiyyətlə, onun ilə İddiaçı MMC arasında nə yazılı, nə də şifahi formada kənd təsərrüfatı texnikasına dizel yanacağının nağd və ya nisyə alğı-satqısına dair müqavilə olmuşdur. Hesab edir ki, İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. İddiaçı MMC ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı MMC-nin ona qarşı “pul” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X5 haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və VÖEN: **********-dir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi X8nin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 19 aprel 2010-cu il tarixdə X8 kimi Dövlət Reyestrində qeydiyyata alınmış və qanuni təmsilçisi X3r. İş materiallarında olan ********* saylı, 03 mart 20121-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsində baş operator-kassir vəzifəsində işləyir. Cavabdeh tanıyır, belə ki, o, bir neçə dəfə kənd təsərrüfatı texnikasına İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən dizel yanacağı almışdır. Eyni zamanda bildirir ki, Cavabdeh dost-tanışı onun "xxxx" ASC-dən icarəyə götürdüyü kənd təsərrüfatı texnikasını idarə etmiş, işlətmiş və yanacaq doldurma məntəqəsindən müxtəlif tarixlərdə nisyə dizel yanacağı almışdır. Onu da qeyd edir ki, olan bilsin, “qəbzlər” həmin kənd təsərrüfatı texnikasını idarə edən, yəni birbaşa yanacağı götürən şəxs ilə yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən şəxslər tərəfindən tərtib edilərək, imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. Qardaşı Cavabdeh bir neçə kənd təsərrüfatı texnikasını "xxxx" ASC-nin İmişli və Beyləqan rayonlarında yerləşən filiallarından icarəyə götürmüş, işlətməsi üçün onun özünə və dost-tanışına vermişdir. Belə ki, həmin texnikaları onun özü və Elvinin dost-tanışı idarə edərək, işlətmiş və gəlir (qazanc) əldə etmişdir. O və qardaşı Elvin idarə etdiyi kənd təsərrüfatı texnikasına dizel yanacağını müxtəlif yanacaq doldurma məntəqələrindən, eləcə də, İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən nağd almışdır. Eyni zamanda bildirir ki, ola bilsin ki, Elvinin dost-tanışı işlətdiyi kənd təsərrüfatı texnikasına görə dizel yanacağını müxtəlif tarixlərdə nisyə İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən almışdır. İddiaçı MMC-nin baş operatorukassiri vəzifəsində işləyən “Əfras” adlı şəxs bilirdi ki, Elvinin dost-tanışının işlətdiyi kənd təsərrüfatı texnikasını Elvin “Aqroservis”-dən icarəyə götürmüş, lakin bu o demək deyil ki, Elvin İddiaçı MMC-dən nisyə dizel yanacağı almış və ya dost-tanışının nisyə aldığı dizel yanacağının dəyərini ödəməlidir. Ümumiyyətlə, nə iddiaçı Cavabdeh, nə də onun özünün kənd təsərrüfatı texnikasının dizel yanacağına görə İddiaçı MMC-yə ödənilməmiş pul borcu vardır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk əvvəl hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsi tərəfindən məhz Cavabdeh ümumi dəyəri 898 (səkkiz yüz doxsan səkkiz) AZN məbləği təşkil edən dizel yanacağının nisyə satılıb-satılmaması; 2. İddiaçı MMC-yə məhz Cavabdeh təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ümumilikdə 8459.16 (səkkiz min dörd yüz əlli doqquz, on altı) AZN məbləğində maddi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, cəmiyyətə məxsus yanacaq doldurma məntəqəsi tərəfindən məhz Cavabdeh ümumi dəyəri ümumi dəyəri 898 (səkkiz yüz doxsan səkkiz) AZN məbləği təşkil edən dizel yanacağının nisyə satılıb-satılmaması və məhz Cavabdeh təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona 8459.16 (səkkiz min dörd yüz əlli doqquz, on altı) AZN məbləğində maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı MMC tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bundan başqa, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halları məhkəmə iclasında məhz iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadəsi ilə də öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid qismində dindirilmiş şəxsin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən ciddi qəbul edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bundan başqa, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halları məhkəmə iclasında məhz cavabdeh tərəfindən dəvət edilmiş şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahid qismində dindirilmiş şəxsin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iş materiallarında olan “qəbzlər”in mötəbər sübut kimi qəbul edilibedilməməsi məsələsi ilə bağlı hesab edir ki, İddiaçı MMC-yə məxsus yanacaq doldurma məntəqəsi tərəfindən məhz Cavabdeh ümumi dəyəri 898 (səkkiz yüz doxsan səkkiz) AZN məbləği təşkil edən dizel yanacağının nisyə satılmasını və (və ya) məhz Cavabdeh nisyə satılmış malın (dizel yanacağı) dəyərinə görə İddiaçı MMC-yə borclu olmasını sübut etmir. Tərtib edilmiş “qəbzlər” işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən ciddi qəbul edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbini maddi hüquq normaları ilə, eləcə də, iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı, bununla yanaşı, cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki halını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanan sübutlar təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar