Məhkəmə qərarları › İş №2(036)-103/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-103/2025

13.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-103/2025 13.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Əhməd oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əhməd oğluna və Cavabdeh2 qarşı “cavabdehlərin həyətinə gələn su arxının üzərində tikdiyi ayaqyolunun texnika cəlb edilməklə öz hesablarına sökülməsi, su borusunun bərpa edilməsi və arxı təmizlətdirməyə, həyətinə arxla suyun gəlməsinə maneə yaradan qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əhməd oğluna və Cavabdeh2 qarşı “cavabdehlərin həyətinə gələn su arxının üzərində tikdiyi ayaqyolunun texnika cəlb edilməklə öz hesablarına sökülməsi, su borusunun bərpa edilməsi və arxı təmizlətdirməyə həyətinə arxla suyun gəlməsinə maneə yaradan qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şahbazov Bakır Nurəddin oğlu və Cavabdeh2 tərəfindən İmişli rayonu, Qulubəyli kəndində yerləşən həyətyanı torpaq sahasinə gələn su arxının üstündə tikdikləri ayaqyolunun texnika cəlb edilməklə öz hesablarına sökülməsi, arxda olan su borusunu öz hesablarına bərpa etmələri və arxı təmizlətdirməyə, həyətinə arxla suyun gəlməsinə maneə yaradan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu, Qulubəyli kəndində yaşayır. Ona maxsus olan, hələ islahatdan əvvəl istifadəsində olan 0.59 ha həyətyanı sahəsinə qonşusu olan ögəy qardaşı Cavabdeh1 həyətinin kənarından keçən bir arxla su gəlir. O, 20 ildən çoxdur ki, həmin su arxından istifadə edir. Lakin Cavabdeh1 və arvadı Cavabdeh2 həmişə həmin arxdan su götürməyinə mane olmuş, sonra isə həmin arxı doldurub və oradan su gətirmək mümkün olmadığından 13 il əvvəl onlara qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən bağlanmış, İmişli rayonu, Qulubəyli kəndində yerləşən həyətyani torpaq sahəsinə gələn su arxının onların hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)- 68/2011 nömrəli 16 fevral 2011-0 il tarixli və xx.xx.2012-ci il tarixli 2036-793/2012 nömrəli qətnaməsi ilə onun iddiası tam təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdır. Daha sonra qətnamə məcburi icra edilmişdir. Lakin sonradan cavabdehlər yenə öz qanunsuz hərəkətlərini davarn etdirərək, su arxının üstünda daşdan ayaqyolu tikmiş, onun şlanqını su arxına buraxır, çirkab sularını arxa axıdır, su arxından təmiz su götürməyinə, ondan normal istifadə etməyinə maneə yaradırlar. Cavabdehler arxda olan su borusunu kəsib yararsız hala salmışlar. Onu arx ərazisinə buraxmadıqlarından texnika gətirə, arxı təmizlətdirə bilmir. Cavabdehlərdən qanunsuz hərəkətlərini aradan qaldırmağı talab etsə də, heç kimi eşitmək istəmirlər. Ona məlum olub ki, su arxı Yuxarı Qaralar bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşir. O, kömək üçün bələdiyyəyə də müraciət etmişdir. Bildirmişlər ki, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə qətnamələrinə əsasən arxa yeni boru düzəltmiş, lakin o boru da cavabdeh tərəfindən kəsilərək, götürülmüşdür. Bundan başqa, arxa kanalizasiya suyu axıdalaraq yararsız hala salınır. Məhkəmə iclasında Cavabdeh1 Əhməd oğlu ifadəsində bildirmişdir ki, 2011-ci il tarixdən həmin su yolu icra məmurları tərəfindən bərpa olunmuşdur. 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları həmin yerə gəlib baxış keçirmiş və ölçmə işləri aparmışlar. Məlum olmuşdur ki, həmin yerə heç bir maneəçilik yoxdur. Həmin yer onun hasarından çöldə yerləşir. Su arxının ona məxsus turbasını kimin apardığından xəbəri yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 oğlu ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən deyilənlər şər böhtandır. Çünki, su arxının ona məxsus turbasını kimin apardığından və kim tərəfindən məhv edilməsindən xəbəri yoxdur. O, hər dəfə yalan bir məlumatlarla ondan şikayət edir. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(036)- 68/2011 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən bağlanılmış İmişli rayonu, Qulubəyli kəndində yerləşən X1 həyətyanı torpaq sahəsinə gedən su arxı Cavabdeh1 hesabına bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(106)-367/2011 saylı qətnaməsindən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli 2(036)-68/2011 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(036)-68/2011 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 tərəfindən bağlanılmış İmişli rayonu, Qulubəyli kəndində yerləşən X1 həyətyanı torpaq sahəsinə gedən su arxı Cavabdeh1 hesabına bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)- 793/2012 saylı qətnaməsindən görünür ki, İddiaçı İmişli rayonu, Qulubəyli kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən su yolu texnika ilə və 70 metr su borusu Cavabdeh1 və Cavabdeh2 öz hesablarına bərpa edilməsi, su yoluna birləşdirdikləri çəpərlərin su arxına maneəsini aradan qaldıran məsafədə öz həyətlərinə öz hesablarına geri çəkilməsi və onların qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(106)-82/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-793/2012 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətə gedən su yolunun bərpa edilməsi, cavabdehlərin qanunazidd hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 045917 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan İmişli RİHB-nın Qulubəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 46 nömrəli arayışından görünür ki, İddiaçı İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il 2(106)-367/2011 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il 2(106)-367/2011 saylı icra sənədinin könüllü icrası dərhal icra edilməlidir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(036)- 173/2011 saylı qərardadının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il 2(106)-367/2011 saylı icra vərəqəsinin icrasına xitam verilmişdir. İş materiallarında olan İmişli RİHB-nın Qulubəyli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 115 nömrəli arayışından görünür ki, İmişli rayonu, Qulubəyli kənd sakini Cavabdeh2 İmişli rayonu, Qulubəyli kəndinin torpaq islahatı zamanı onun anası X4 üç nəfər ailə üzvü olmaqla 59 saylı aktla 0,20 ha qanuni 0,90 ha zəbt həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan 6 saylı Beyləqan Ərazi İdarəsinin 07 noyabr 2025-ci il tarixli 3- 21-3-45/2-7143/2025 saylı mütəxəssis rəyindən görünür ki;

1. İmişli rayonu, Qulubəyli kəndinin ərazisində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə gələn arxının ərazisi və trayektoriyası müyyən edilmişdir. Qeyd: Mübahisəli su arxı daxil olmaqla, qərardadda adları qeyd olunan Qulubəyli kənd sakinlərinin istifadələrində olan həyətyanı torpaq sahələri elektron məlumat bazasında Soltanmuradlı ərazi vahidinin hüdudları daxilində yerləşir.

2. Mübahisəli su arxı uzun müddət istismar olunmadığı üçün hal-hazırda istifadəyə yararsız haldadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyd olunan su arxının 15.27 kv.m hissəsi istifadə olunur. Ölçmə işləri aparılan zamanı çirkab sularının su arxına axıdılması halı müşahidə olunmadı.

3. Arxın ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti işləri aparılmaqla istifadə olunur.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş sanitar qovşağının 1.30 kv.m. hissəsi arxın ərazisində yerləşir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, su arxının üstünda daşdan ayaqyolu tikmiş və həmin arxı doldurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır və bu hüquq qanunla qorunur. Mülkiyyət hüququnun həyata keçirilməsi digər şəxslərin hüquq və qanuni mənafelərini pozmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə, insan və vətəndaş hüquq və azadlıqları bilavasitə qüvvəyə malikdir və məhkəmələr tərəfindən təmin olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə servitut daşınmaz əmlakdan məhdud istifadə hüququdur və torpaq sahəsindən istifadə üçün keçidlərin, suvarma və kommunikasiya xətlərinin keçirilməsini təmin etmək məqsədi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaqdan istifadə və onun mühafizəsi zamanı digər şəxslərin hüquqları və qanuni maraqları təmin edilməlidir. Həmin Məcəllənin 17-ci maddəsin əsasən torpaq sahəsi yalnız təyinatı üzrə istifadə edilməlidir. Torpaq sahəsinin qanunsuz zəbt edilməsinə və ondan təyinatına zidd istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında su obyektləri dövlət mülkiyyətidir və ümumi istifadə üçün nəzərdə tutulur. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən su obyektlərinin çirkləndirilməsi, zibillənməsi və onların normal istismarına maneə yaradan hərəkətlər qadağandır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən su obyektlərindən istifadəyə mane olan, onların vəziyyətini pisləşdirən və sıradan çıxmasına səbəb olan hərəkətlər yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, 6 saylı Beyləqan Ərazi İdarəsinin 07 noyabr 2025-ci il tarixli 3-21-3-45/2- 7143/2025 saylı mütəxəssis rəyindən də müəyyən edilmişdir ki, İmişli rayonu, Qulubəyli kəndinin ərazisində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə gələn arxının ərazisi və trayektoriyası müyyən edilmişdir. Qeyd edilən mübahisəli su arxı daxil olmaqla, qərardadda adları qeyd olunan Qulubəyli kənd sakinlərinin istifadələrində olan həyətyanı torpaq sahələri elektron məlumat bazasında Soltanmuradlı ərazi vahidinin hüdudları daxilində yerləşir. Mübahisəli su arxı uzun müddət istismar olunmadığı üçün halhazırda istifadəyə yararsız haldadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyd olunan su arxının 15.27 kv.m hissəsi istifadə olunur. Ölçmə işləri aparılan zamanı çirkab sularının su arxına axıdılması halı müşahidə olunmamışdır. Arxın ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti işləri aparılmaqla istifadə olunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş sanitar qovşağının 1.30 kv.m. hissəsi arxın ərazisində yerləşir. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Arxın ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti işləri aparılmaqla istifadə olunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş sanitar qovşağının 1.30 kv.m. hissəsi arxın ərazisində yerləşir. Belə olan halda cavabdehlər tərəfindən arxın ərazisinin 1.30 kv.m hissəsi qanunsuz zəbt edilərək tualet tikilmişdir. Bununla da, yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərini pozmuş torpaq sahəsini özbaşına zəbt etməklə ümumi istifadə də olan su obyektdən iddiaçı istifadəsinə maneə yaratmışdır. Həmçinin, əlavə edilmiş şəkillərdən görünür ki, tualetin kanaliziyası borusunun çıxışı arxa tərəf yönəldilmişdir. Bununla da, Azərbaycan Respublikasının Su Məcəlləsinin 70-ci maddəsinin tələblərini pozaraq əsasən su obyektlərinin çirkləndirilməsi, zibillənməsi və onların normal istismarına maneə yaradan hərəkətlər etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X5rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 Əhməd oğlu və Cavabdeh2 tərəfindən inşa edilmiş İmişli rayonu, Soltanmuradlı (Qulubəyli) kəndi ərazisində olan arxın ərazisində yerləşən sanitar qovşağının 1.30 kv.m. hissəsi cavabdehlərin öz hesablarına sökülməli, onların hesabına arxa gedən su borusu bərpa edilməli və arxın təmizlənməsinə maneə yaradan hərəkətlər qadağan edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin “həyətinə arxla suyun gəlməsinə maneə yaradan qanunazidd hərəkətlərə son qoyulması hissəsi” qeyri-müəyyən olduğu və bu barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyi üçün təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat məbləğində pul vəsaiti hissəsi cavabdehlər Cavabdeh1 Əhməd oğlundan və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Əhməd oğlu və Cavabdeh2 tərəfindən inşa edilmiş İmişli rayonu, Soltanmuradlı (Qulubəyli) kəndi ərazisində olan arxın ərazisində yerləşən sanitar qovşağının 1.30 kv.m hissəsi cavabdehlərin öz hesablarına sökülsün, onların hesabına arxa gedən su borusu bərpa edilsin və arx təmizlənməsinə maneə yaradan hərəkətlər qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat məbləğində pul vəsaiti hissəsi cavabdehlər Cavabdeh1 Əhməd oğlundan və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar