Məhkəmə qərarları › İş №2(036)-1034/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1034/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1034/2022 11.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7749,11 manat borcun və 97,49 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2019-cu il tarixli, 48 saylı müqaviləsinə əsasən cavabdeh (Qızılkənd kəndi ərazisində yerləşən) 12.7 hektar vən 07 yanvar 2020-ci il tarixli 08 saylı müqaviləyə (Qızılkənd kəndi ərazisində yerləşən) 18 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 11370,20 manat miqdarında vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidməti) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2621,09 manat məbləğində xam-pambıq təhvil verilmiş, bununla da iddaçıya 8749,11 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən ödənilən 1000 manat nəğd vəsaiti nəzərə almaqla ümumilikdə 7749,11 manat borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Lakin yaxın qısa müddət ərzində borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14 noyabr 2019-cu il tarixli, 48 saylı müqaviləsi üzrə 7749,11 manat borcun və 97,49 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli Cavabdeh 7749,11 manat borcun və 97,49 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7846,60 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7749,11 manat borcun və 97,49 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7846,60 (yeddi min səkkiz yüz qırx altı manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar