Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1079/2021 07.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu, İddiaçı MMC-nin Cavabdehnа qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 627.56 manat məbləğində ziyanın və 30 manat məbləğində dövlət rümunun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia rələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 29 dekabr 2017-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən 3 aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, işəgötürənlə aralarında “Tam maddi məsuliyyət” haqqında müqavilə bağlanmışdır. 10 may 2018-ci il tarixdə 180-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş, 14 iyun 2018-ci il tarixli, 234-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh 14 may 2018-ci il tarixdə İddiaçı MMC-nin Xırdalan-8 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 14 may 2018-ci il tarixli İnventarizasiya nəticələrinə dair akta əsasən yekun zərər məbləği 775.56 manat məbləğində müəyyən edilmiş, həmin zərərdən 148 manatı güzəşt edilmişdir. Hazırda Cavabdeh vurulmuş zərər olaraq İddiaçı MMC-yə 627.56 manat məbləğində borcu vardır. Vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamış, dəymiş ziyan ödənilməmişdir. Ona görə də göstərilən tələb ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildirişin təqdim olunmasından 10 (on) iş günü keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının məhkəməyə daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələbə əsaslandığını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarında olan İddiaçı MMC-nin 29 dekabr 2017-ci il tarixli, 118-K saylı əmrinin çıxarışından və həmin tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdən üç ay sınaq müddəti müəyyən edilməklə Cəmiyyətin satış əməliyyatları şöbəsinin İddiaçılər şəbəkəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan İddiaçı MMC-nin 10 may 2018-ci il tarixli, 180-K saylı əmrinin çıxarışından və 29 dekabr 2017-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 10 may 2018-ci il tarixdən Cəmiyyətin satış əməliyyatları şöbəsinə adminstrator vəzifəsinə keçirilmişdir. İşçi Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10 may 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 3.3-cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir, içinin akta tanış olmaqdan və ya ziyanla bağlı izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir və bu barədə imtina aktı tərtib olunur. İşdə olan Cavabdeh fəaliyyəti dövrdə mağazada aparılmış İnventarizasiya nəticələrinə dair aktdan görünür ki, 14 may 2018-ci il tarixdə İddiaçı MMC-nin Xırdalan-8 mağazasında inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar üzrə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və inventarizasiyanın yekun nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh fəaliyyəti dövrdə mağazanın dövriyyəsində 24355.61 manat dəyərində mal sayılmış, yoxlama dövrünün ümumi nəticəsi olaraq 775.56 manat dəyərində mal kəsiri olmuşdur. İddiaçı MMC həmin kəsrdən 148 manatını güzəşt etmiş, hazırda onun iddiaçıya vurduğu ziyana görə 627.56 manat manat borcu vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci hissəsinə görə ziyanın həqiqətən vurulduğu aşkar olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 194-cü maddəsinin 1-ci hissəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci hissəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 205-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Həmin maddənin 2-ci hissəsinə görə əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 627.56 manat və 30 mant məbləğində dövlət rüsumu, cəmi 657.56 manat məbləğində pul tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 627.56 manat və 30 mant məbləğində dövlət rüsumu, cəmi 657.56 (altı yüz əlli yeddi manat əlli altı qəpik) manat məbləğində pul tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1079/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1079/2021
07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver