Məhkəmə qərarları › İş №2(036)-1086/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1086/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1086/2024 13.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi və iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı QSC BOKT) cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1706.78 manat əsas borc, 2292.72 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 59.99 manat tutularaq cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ərizə verib iddia müddətinin keçdiyinə əsaslanaraq iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İşdə olan kreditor İddiaçı QSC BOKT ilə birgə borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 166 saylı “Birgə borclularla kredit müqaviləsi”nin surətinə əsasən İddiaçı QSC BOKT birgə borclulara illik 27 faizlə 24 ay müddətinə hər birinə 1500 manat olmaqla, cəmi 4500 manat kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş cədvəlinə əsasən cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSC BOKT-dən aldıqları 4500 manat kredit məbləğini cəmi 1374 manat faizlə birlikdə ödəməklə xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək tam şəkildə ödəyib qutarmaqları barədə öhdəlik götürmüşlər. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, kreditor İddiaçı QSC BOKT ilə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 166 saylı “Birgə borclularla kredit müqaviləsi” üzrə annuitet ödəmələrinin dayandırdığı vaxtdan sonrakı üç il müddətində iddia qaldırmayaraq tələb üzrə iddia müddətini ötürmüşdür. Ona görə də, İddiaçı QSC BOKT-un cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xx.xx.2013-cü il tarixli 166 saylı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar