Məhkəmə qərarları › İş №2(036)-1102/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1102/2022

26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1102/2022 26.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(036)-1071/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək birgə nikahlarından doğulmuş 02 dekabr 2010-cu il təvəllüdlü X6 və 18 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 31 dekabr 2010-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 02 dekabr 2010-cu il təvəllüdlü X6 və 18 oktyabr 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında olan narazılığa səbəbindən cavabdehlə İmişli Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(036)-1071/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanmış və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Son illərdə gedən inflyasiya nəticəsində göstərilən məbləğlə uşaqları saxlamaq qeyri-mümkündür. Cavabdeh həmin məbləği də vaxtı-vaxtında ödəmir. Hazırda uşaqlar böyüyür, o isə uşaqların ehtiyaclarını ödəyə bilmir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hər ay hər uşağa görə iddiaçının xeyrinə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment ödəyə bilər. Ona görə də iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında vəkil X2 Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdən görünür ki, İmişli Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(036)- 1071/2017 saylı qətnaməsi ilə 02 dekabr 2010-cu il təvəllüdlü X6 və 18 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, tərəflərin maddi və ailə vəziyyətini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay iki uşağa görə tutulmalı olan alimentin miqdarı 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş aliment üzrə bir illik ödəmənin məcmusu 1000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 81.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun miqdarı 50 manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Beləliklə, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallarla yanaşı uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qimən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(036)- 1071/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 02 dekabr 2010-cu il təvəllüdlü X6 və 18 oktyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(036)-1071/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 02 dekabr 2010-cu il təvəllüdlü X6 və 18 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar