Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1125/2023 03.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh iddiaçının xeyrinə inzibati protokollara görə 288 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı MMC ilə bağlanmış 15 iyul 2021-ci il tarixli MAS-5000 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir.
3. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü X3 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir.
4. X3 tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir:
5. İXP ******* saylı protokola görə 64 manat; EQ 10602919 saylı protokola görə 16 manat; EQ 10602914 saylı protokola görə 16 manat; EQ 10602912 saylı protokola görə 64 manat; EQ 10602910 saylı protokola görə 16 manat; EQ 10602903 saylı protokola görə 16 manat; EQ 10602905 saylı protokola görə 16 manat;EQ 10602925 saylı protokola görə 80 manat.
6. Qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 288 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir
7. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.
8. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir.
9. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”.
10. 08.02.2023-cü il tarixli, 437 saylı xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı məlumat verilmişdir.
11. İddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
25. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.
26. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 288 manat pul və dövlət rüsumu 30 manat tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev.