Məhkəmə qərarları › İş №2(036)-1146/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1146/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1146/2021 23.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh ilə arasında bağlanmış 04 mart 2020-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən 5 (beş) ay müddətinə ümumi dəyəri 750 (yeddi yüz əlli) AZN məbləğində olan 1 (bir) ədəd “REDMİ NOTE 8 G-128” markalı mobil telefon satmışdır. Alğı-satqı müqaviləsinə Cavabdeh mobil telefonun dəyərinə görə 5 (beş) ay müddətinə hər ay 100 (yüz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh alğı-satqı müqaviləsinə əsasən ümumi borc məbləğindən 20 mart 2020-ci il tarixdə 250 (iki yüz əlli) AZN məbləğində pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh alğı-satqı müqaviləsinə əsasən öhdəliklərini tam icra etməmişdir. Alğı-satqı müqaviləsinə əsasən öhdəliklərini tam icra etməyən Cavabdeh mənə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh 23 iyun 2021-ci il tarixə 500 (beş yüz) AZN məbləğində əsas borcu, 900 (doqquz yüz) AZN məbləğində cərimə borcu və ümumilikdə 1400 (min dörd yüz) AZN məbləğində borcu mövcuddur. Bütün bunları nəzərə alaraq, Cavabdeh 500 (beş yüz) AZN məbləğində əsas borcun, 900 (doqquz yüz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1400 (min dörd yüz) AZN məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********.dir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli “alğı-satqı” müqaviləsindən görünür ki, “satıcı” İddiaçı tərəfindən 5 (beş) ay müddətinə ümumi dəyəri 750 (yeddi yüz əlli) AZN məbləğində olan 1 (bir) ədəd “REDMİ NOTE 8 G-128” markalı mobil telefon “alıcı” Cavabdeh satılmışdır. İş materillarında olan 04 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 750 (yeddi yüz əlli) AZN məbləğində olan “REDMİ NOTE 8 G-128” markalı mobil telefona görə 5 (beş) ay müddətinə hər ay 100 (yüz) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 iyun 2021-ci il tarixə 500 (beş yüz) AZN məbləğində əsas borcu, 900 (doqquz yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1400 (min dörd yüz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 04 mart 2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı olan borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 05 aprel 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli “alğı-satqı” müqaviləsinə əsasən “satıcı” İddiaçı 5 (beş) ay müddətinə ümumi dəyəri 750 (yeddi yüz əlli) AZN məbləğində olan 1 (bir) ədəd “REDMİ NOTE 8 G-128” markalı mobil telefon “alıcı” Cavabdeh satmış, “alıcı” Cavabdeh malın dəyərini hər ay 100 (yüz) AZN məbləğində pulu hissə-hissə, aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bununla yanaşı, Cavabdeh öhdəliklərini tam icra etməmiş, iddiaçıya olan borcu barədə rəsmi xəbərdarlıq edilmiş və onun alğısatqı müqaviləsinə əsasən 23 iyun 2021-ci il tarixə 500 (beş yüz) AZN məbləğində əsas borcu, 900 (doqquz yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1400 (min dörd yüz) AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “900 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən alğı-satqı müqaviləsinə əsasən iddiaçı Maqsudov Şirin Novruz oğluna borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 900 (doqquz yüz) AZN məbləğində cərimə borcu 100 (yüz) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “900 manat məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 600 (altı yüz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) AZN məbləğində əsas borc, 100 (yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 600 (altı yüz) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar