Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1159/2024 05.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi zərərin əvəzi olaraq 970 manat və iddia ərizəsinin tərtibi üçün 50 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən maddi zərərin əvəzi olaraq 970 manat və iddia ərizəsinin tərtibi üçün 50 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsində olan “BMW 528” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçının mülkiyyətində olan “Mercedes Benz 200 CDİ” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində qüsur aktına əsasən iddiaçıya 970 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin istifadəsində olan nəqliyyat vasitəsinin icbari sığortası olmadığından iddiaçı vurulmuş maddi zərərin əvəzini əldə edə bilməmişdir. Cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati tənbeh vermə haqqında ******* nömrəli qərar qəbul olunmuşdur. Eyni zamanda bu barədə izahatlar alınmış, sənədləşmə işləri təmin edilmişdir. Qeyd etdiyi hallar sözügedən qərarda əksini tapmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi X2 ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:03 radələrində cavabdeh “BMW 528” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hacıqabul-Horadiz yolunun 112-ci km-də iddiaçıya məxsus “Mercedes Benz 200 CDİ” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymiş, Xİİ tağım YPX inspektorunun xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
8. Göründüyü kimi “BMW 528” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Mercedes Benz 200 CDİ” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq cərimə edilmişdir ki, bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
9. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı, ona dəymiş zərəri cavabdehdən tələb edə bilər.
10. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri “X4” MMC tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 970 manat məbləğin ödənilməsini tələb edir, cavabdeh isə dəymiş ziyanın məbləğinin şişirdildiyini bildirir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6152 nömrəli ekspert rəyi ilə, təqdim edilmiş iş materialında olan “X4” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 1999-cu il buraxılışlı “Mercedes Benz 200 CDİ” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 970,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 400,00 manat, təmir-bərpa işlərinin qiyməti - 570,00 manat müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
12. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
13. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
14. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6152 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə təsdiq olunan 970 manat məbləğində dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən məlum olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin tərtibi üçün 50 manat məbləğində pul Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
17. Məhkəmə hesab edir ki, iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 970 manat və iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev