Məhkəmə qərarları › İş №2(036)-1175/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1175/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1175/2025 03.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1610.38 manat əsas, 265.05 manat faiz, 161.04 manat cərimə borcu olmaqla, cəmi 2036.47 manat məbləğində vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13035-/399121 saylı 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Borclu şəxs Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla bağlı onun özünə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh xx.xx.2015-ci il tarixə İddiaçı ASC-yə 1610.38 manat məbləğində əsas kredit borcu, 265.05 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 161.04 manat məbləğində penya borcu, cəmi 2036.47 manat məbləğində borcu qalmaqdadır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(99)-231/2018 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindənxx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə adına 10.000 manat məbləğində qanunsuz olaraq kredit borcu götürüldüyü üçün o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin 13035-/399121 saylı 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə bankın onu məhkəməyə verməsindən məlumatı olmamışdır. Həmin müqavilə üzrə heç bir cinayət işi olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13035- /399121 saylı 19 dekabr 2013-cü tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdehnın 13035-/399121 saylı 19 dekabr 2013-cü tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1610.38 manat əsas, 265.05 manat faiz və 161.04 manat cərimə borcu, cəmi 2036.47 manat borcu yaranmışdır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2013-cü il tarixli 13035-/399121 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(99)- 231/2018 saylı hökmündən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(99)-231/2018 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindənxx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə adına 10.000 manat məbləğində qanunsuz olaraq kredit borcu götürüldüyü üçün o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 161.04 manat dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 80.51 manat məbləğində müəyyən edilməlidir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh Teman oğlu 19 dekabr 2013-cü il tarixli 13035-/399121 saylı kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyi icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh Teman oğlundan 1610.38 manat əsas, 265.05 manat faiz, 80.51 manat cərimə borcu olmaqla, cəmi 1955.94 manat borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1610.38 manat əsas, 265.05 manat faiz, 80.51 manat cərimə borcu olmaqla, cəmi 1955.94 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1610.38 manat əsas, 265.05 manat faiz, 80.51 manat cərimə borcu olmaqla, cəmi 1955.94 (bir min doqquz yüz əlli beş manat doxsan dörd qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar