Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1192/2022 26.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC kiçik iddia ərizəsi ilə (sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə 800,97 manat əsas borc, 2,24 manat faiz borcu, 0,40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" KB ASC iddia tələbinə yazılı etiraz edərək iddianın ləğv edilməklə işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, İmişli Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(036)-1192/2021 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, 1976rstBANK/19 saylı Güzəştli Kredit və X3 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 943,36 manat qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və kamission haqqı 0 (sıfır) manat olmaqla) illik 1% ödəmək şərtilə cavabdehin mülkiyyətinə verilmiş həmçinin ona bank hesabı açılmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcunu tam ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" KB ASC ilə aralarında 28 avqust 2019-cu il tarixli, 1976rstBANK/19 saylı Güzəştli Kredit və X4 bağlanmışdır. Həmin müqavilə üzrə banka olan borcunun bir hissəsini ödəmiş, sonradan isə pandemiya şəraiti ilə əlaqədar olaraq ödənişlərində müəyyən problemlər yaranmış və banka olan borcunu ödəyə bilməmişdir. Pandemiya dövrü üçün bank sektorlarına fiziki şəxslərin və sahibkarların kredit ödənişlərində müəyyən güzəştlərin edilməsi və xidmət haqlarının, eləcə də komissiya haqlarının 50% aşağı endirilməsi, o cümlədən restrukturizasiya edilməsi tövsiyə olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı və Nazirlər Kabinetinin qərarı olmasına baxmayaraq ona heç bir güzəşt edilməmiş, əksinə bank əməkdaşları ona mütəmadi olaraq, hətta iddia qeyd olunan borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət olunduqdan sonra zəng edib borcun ödənilməsini tələb etmişlər. Hazırda onun maddi durumu çox zəifdir. Belə ki, həyat yoldaşının İİ qrup əlilliyinə görə təyin edilmiş pensiya təminatı dayandırılmış, özü heç bir yerdə işləmir və heç bir qazanca və gəlirə malik deyildir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, 1976rstBANK/19 saylı Güzəştli Kredit və X3 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 943,36 manat qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və kamission haqqı 0 (sıfır) manat olmaqla) illik 1% ödəmək şərtilə cavabdehin mülkiyyətinə verilmiş həmçinin ona bank hesabı açılmışdır. İşdə olan 28 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 avqust 2019-cu il tarixli, 1976rstBANK/19 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan əsas borcu 800,97 manat, faiz borcu 2,24 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 28 avqust 2019-cu il tarixli, 1976rstBANK/19 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28 avqust 2019-cu il tarixli, 1976rstBANK/19 saylı kredit müqaviləsi üzrə 800,97 manat əsas borc, 2,24 manat faiz borcu, 0,40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 833,61 manat məbləğində pul tutulub iddiaçı "xxxx" KB ASC -nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28 avqust 2019-cu il tarixli, 1976rstBANK/19 saylı kredit müqaviləsi üzrə 800,97 manat əsas borc, 2,24 manat faiz borcu, 0,40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 833,61 (səkkiz yüz otuz üç manat, altmış bir qəpik) manat məbləğində pul tutulub iddiaçı "xxxx" KB ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1192/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1192/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver