Məhkəmə qərarları › İş №2(036)-1206/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1206/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1206/2021 18.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2321,63 manat əsas borc, 112.27 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1075.20 manat faiz borcu, 30 manat dövlət rüsumunun tutulmasını və tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (1 ədəd 585 əyarlı kolye, 1 ədəd 585 əyarlı qolbağı, 1 ədəd 585 əyarlı üzük sırğa dəsti, 2 ədəd üzük, 1 ədəd 583 əyarlı fantaziya üzük və 1 cüt 583 əyarlı sırğa) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh ümumi qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail rayon filialı ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2010-cu il il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən ev təmiri məqsədi ilə cavabdehə 9 ay müddətinə illik 30% olmaqla 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Bundan başqa 08 fevral 2010-cu il tarixli 01 saylı kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsinin müddəti 23 avqust 2011-ci tarixədək uzadılmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus qızıl-zinət əşyaları (1 ədəd 585 əyarlı kolye, 1 ədəd 585 əyarlı qolbağı, 1 ədəd 585 əyarlı üzük sırğa dəsti, 2 ədəd üzük, 1 ədəd 583 əyarlı fantaziya üzük və 1 cüt 583 əyarlı sırğa) 21 dekabr 2010-cu il tarixli girov müqaviləsi ilə banka girova qoyulmuşdur. Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri heç bir üzrlü səbəb olmadan yerinə yetirmədiyi üçün hazırkı vaxta onun 2321,63 manat əsas, 112.27 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1075.20 manat faiz borcu vardır. Borcun ödənilməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozaraq borcu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırmışdır. Ona görə də iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Aysel Rəsulova məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 08 fevral 2010-cu il il tarixli, 01 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 30% olmaqla 9 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 fevral 2010-cu il il tarixli girov müqaviləsinə əsasən 1 ədəd 585 əyarlı 670 manat dəyərində kolye, 1 ədəd 585 əyarlı 120 manat dəyərində qolbağı, 1 ədəd 585 əyarlı 240 manat dəyərində üzük sırğa dəsti, 2 ədəd ümumi dəyəri 600 manat olan üzük, 1 ədəd 583 əyarlı 250 manat dəyərində fantaziya üzük, 7 ədəd ümumi dəyəri 700 manat olan üzük və 2 cüt 583 əyarlı ümumi dəyəri 220 manat olan sırğadan ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın 03 noyabr 2020-ci il tarixə İddiaçı ASC-yə 2321,63 manat əsas borc, 112.27 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1075.20 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə görə tərəflər arasında razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 297-ci maddəsinə görə girov qoyulmuş əşya hərracda və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298-ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən girov saxlayanın tələbləri, o cümlədən girov saxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.12.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Lakin göründüyü kimi iddiaçı kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq kredit müqaviləsi üzrə əlavə faizlər hesablamaqla cavabdehdən 1075.20 manat məbləğində faiz borcu tələb edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanılmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2321.63 manat əsas borc, 112.27 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2463.9 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, borcun tutulması girov predmeti olan 1 ədəd 585 əyarlı 670 manat dəyərində kolye, 1 ədəd 585 əyarlı 120 manat dəyərində qolbağı, 1 ədəd 585 əyarlı 240 manat dəyərində üzük sırğa dəsti, 2 ədəd ümumi dəyəri 600 manat olan üzük, 1 ədəd 583 əyarlı 250 manat dəyərində fantaziya üzük, 7 ədəd ümumi dəyəri 700 manat olan üzük və 2 cüt 583 əyarlı ümumi dəyəri 220 manat olan sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əmlaklar satılmalı, satışdan əldə olunacaq vəsait hesabına cəmi 2433.9 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməli, qalan vəsait cavabdehin özünə qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2321.63 manat əsas borc, 112.27 manat faiz borcu, və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2463.9 (iki min dörd yüz altmış üç manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Borcun tutulması girov predmeti olan 1 ədəd 585 əyarlı 670 manat dəyərində kolye, 1 ədəd 585 əyarlı 120 manat dəyərində qolbağı, 1 ədəd 585 əyarlı 240 manat dəyərində üzük sırğa dəsti, 2 ədəd ümumi dəyəri 600 manat olan üzük, 1 ədəd 583 əyarlı 250 manat dəyərində fantaziya üzük, 7 ədəd ümumi dəyəri 700 manat olan üzük və 2 cüt 583 əyarlı ümumi dəyəri 220 manat olan sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əmlaklar satılsın, satışdan əldə olunacaq vəsait hesabına cəmi 2433.9 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin, qalan vəsait cavabdehin özünə qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc Cavabdeh ümumi qaydada tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar