Məhkəmə qərarları › İş №2(036)-1227/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1227/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1227/2021 08.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X15 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7513 (yeddi min beş yüz on üç) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. 2018-ci ilin noyabr ayında bir yerdə yas mərasimində olan zaman cavabdeh ona Türkiyə Respublikasında təhsil alan qızı Hədiyyənin təhsil haqqını köçürə bilmədiyindən özünə məxsus Qızılkənd kəndində yerləşən 0,96 hektar torpaq sahəsini satmaq istədiyini, alqısatqı etmək üçün qızı Hədiyyənin ona mülki etibarnamə verdiyini də bildirmişdir. Sözü gedən torpaq sahəsi 3,59 hektar olmaqla Cavabdeh və onun ailə üzvlərinə İmişli rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-336 KOD 90700108 saylı Dövlət Aktı əsasında verilmişdir. O, bu haqda onunla səhər danışacağını bildirmişdi. Səhəri gün İznulla onu bacısı oğlu İbadətin evinə dəvət etmişdi. O, sənədlərə baxdıqdan sonra 2500 manata həmin torpaq sahəsini almış və həmin pulu İznullanın bacısı oğlu İbadətin evində onun ailə üzvlərinin yanında İznullaya vermişdi. Cavabdehə inandığı üçün torpaq sənədlərini adına rəsmiləşdirməsini sonraya saxlamışdır. Təxminən 20 gün sonra İznulla onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq digər qızı Afətə məxsus 0,48 hektar torpaq sahəsini satmaq istədiyini bildirmişdir. 2018-ci ilin noyabr ayının sonunda İznulla Afətin ona verdiyi etibarnamə və torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə birlikdə onlara gəlmişdir. Afətin ona etibarnamə verməklə torpaq sahəsini satmağı ona həvalə etdiyini bildirmişdir. O, sənədlərə və etibarnaməyə baxıb həmin torpaq sahəsini almaq üçün İznullaya 1250 manat pul vermiş və cavabdehə inandığı üçün torpaq sahəsini adına rəsmiləşdirməmişdir. Bundan başqa İznulla qalan 2,15 hektar torpaq sahəsini isə 2019-cu ilin oktyabr ayının əvvəllərində 2 il müddətinə 2500 manat müqabilində ona icarəyə vermişdir. 2020-ci ilin fevral ayının əvvəllərində İznulla ona bildirmişdir ki, qızı Afət torpağı ucuz satdığına görə narazılıq edir əlavə 1000 manat da pul istəyir. Məcburiyyət qarşısında qalıb 1000 manat pulu Afətgilə verməyə razılaşmışdır. O, həmin pulu 01 fevral 2020-ci il tarixdə İmişli şəhərində yerləşən “Nərgizim” şadlıq sarayında keçirilən həmkəndliləri X6 toy məclisində atası X1 vasitəsi ilə 1000 manatın əvəzi olaraq 600 ABŞ dolları pul vermişdir. O, sənədlərin hazırlanması üçün İznullaya 150 manat pul vermişdir. Sənədləri hazırlayıb 2019-cu ilin sonlarında torpaq sahələrini adına rəsmiləşdirmək üçün Asan Xidmət Mərkəzinə getmiş, lakin sənədlər tam hazır olmadığıdan Asan xidmət tərəfindən sənədlər qəbul edilməmiş və geri qaytarılmışdır. 2020-ci ilin mart ayından başlayan pandemiya ilə əlaqədar aldığı torpaq sahələrini adına sənədləşdirilməsi gecikmişdir. Sənədləşmə, etibarnamələrlə bağlı ümumilikdə İznullaya 263 manat pul vermişdir. Hazırda İznulla ondan torpaq sahələrindən çıxmasını tələb edir. O, bununla bağlı İmişli RPŞ-ya müraciət etmiş və RPŞ-də araşdırma aparılmışdır. 12.11.2020-ci il tarixdə cinayət işinin rədd olunması barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2018-ci ilin oktyabr ayının axırlarında həmkəndlisi İddiaçı müdaxiləsi ilə Rahib Abbasov onunla şəriklikdən uzaqlaşamış Sahib mərhum bacısı oğlu İbadətin vasitəsilə onunla həmin torpağa şərik olmuş və eyni zamanda Rəhimin həmin torpağa qoyduğu 1060 manat pulu Sahib ona qaytarmışdır. 2018-ci ilin noyabr ayının axırlarında şəxsi işi ilə əlaqədar Sahibdən 2500 manat, həmin ilin dekabr ayında əlavə olaraq ondan 1300 manat borc pul almışdır. Həmin borcun qeyd etdiyi torpaqlara heç bir aidiyyatı yoxdur. Bundan başqa 2019-cu ildə, əkin mövsümündə həmin 5.59 ha torpaq sahəsindən Sahib ilə birlikdə adama 2430 manat pul qazanmışlar. Rahim Abbasovdan ayrılandan sonra 4 ha yonca sahəsinə və 1.59 ha torpaq sahəsinə şərik olmuşlar. Sonra isə Sahibdən aldığı 2500 manat borcu qaytara bilmədiyi üçün 5.59 ha torpaq sahəsini 2020-ci ilin sentyabr ayına kimi bir sezonluq Sahibə icarəyə vermişdir. Ondan aldığı 1300 manat borcu qaytara bilmədiyinə görə həmin 5.59 ha torpaq sahəsini 2018 və 2019-cu ilin payız və qış aylarında Sahibə otarmaq üçün vermişdir. 2002-ci ildə Sahib ona həmn torpağı təhvil verməli olduğu halda təhvil verməmişdir. Hal-hazırda onun İddiaçı 4860 manat borcu var. Ona görə də iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Cavabdeh onun dayısıdır. Təxminən 2018-ci ilin noyabr ayında yaşadığı kənddə yerləşən ona məxus evdə mərhum qardaşı İbadətlə birlikdə dayısı Cavabdeh ilə həmkəndlisi İddiaçı arasında torpaq alqı-satqısı olmuşdur. Belə ki, dayısı Cavabdeh özlərinə məxsus pay torpaqlarını eləcədə qızı Hədiyyəyə məxsus 0.96 ha pay torpağını 2500 manata və qızı Afətə məxsus 0.48 ha torpaq sahəsini 1250 manata mərhum qardaşı İbadətin vasitəsi ilə İddiaçı satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının biri pandemiyadan əvvəl İmişli şəhərində yerləşən “Nərgizim” şadlıq sarayında keçirilən həmkəndlisi X6 toy məclisində olan vaxt İddiaçı atası X10 600 ABŞ dolları pulu şadlıq sarayının qarşısında onun yanında Cavabdeh vermişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0336 nömrəli 90700108 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 dekabr 2001-ci tarixli, 15 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3.59 ha torpaq sahəsi Cavabdeh İzzətula oğlu, Vəliyeva Namizə kamran qızı, X8, X3, X4, X2, X11 və X5 ümumi mülkiyyətlərinə verilmişdir. Belə ki, işin araşdırılan halarından müəyyən olunmuşdur ki, Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən, İddiaçı 7513 (yeddi min beş yüz on üç) manat məbləğində pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7513 (yeddi min beş yüz on üç) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7513 (yeddi min beş yüz on üç) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar