Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1227/2024 18.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Tofiq oğludan 429 manat maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində, Bakı şəhəri, Yasamal rayonu, Biləcəri yolunda “Mercedes Benz F250 minik” markalı avtomobili ilə onun idarə etdiyi “Samand LX minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə ona 429 manat məbləğində maddi ziyan dəymişdir. Bu “X1” MMC tərəfindən ona verilən xx.xx.2024-cü il tarixli “Qüsur aktı” ilə təstiq olunur. Hadisə zamanı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmiş və bu barədə protokol tərtib olunmuşdur.
3. İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla müəyyən olunur ki, Cavabdeh Tofiq oğlu idarə etdiyi “Mercedes Benz F250 minik” markalı 99MF250 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində, Bakı şəhəri, Yasamal rayonu, Biləcəri yolunda hərəkətdə olarkən İddiaçı idarə etdiyi “Samand LX minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.
4. “X1” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktı”na əsasən İddiaçı məxsus “Samand LX minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 429.10 manat təşkil edir.
5. İddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
15. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 21.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh Tofiq oğlu idarə etdiyi “Mercedes Benz F250 minik” markalı 99MF250 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində, Bakı şəhəri, Yasamal rayonu, Biləcəri yolunda hərəkətdə olarkən İddiaçı idarə etdiyi “Samand LX minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. “X1” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktı”na əsasən İddiaçı məxsus “Samand LX minik” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 429.10 manat təşkil edir.
24. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
27. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
28. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
29. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Tofiq oğlundan 429 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənililməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh Tofiq oğlundan 429 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev