Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1279/2025 12.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şıralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pulun və ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir baş inəyini satmaq istəmişdir. İmişli şəhərində qəssablıqla məşğul olan Cavabdeh 2024-cü il oktyabr ayının ortalarında onun inək satdığını bilib həyətinə gələrək inəyi almaq istədiyini bildirmişdir. Onunla 1200 manata razılaşmışdır. Bəxtiyar nəğd pulunun olmadığını, bir aya pulunu verəcəyini demişdir. Həyətində oğlanlarının Muradov İntiqamın, Muradov Nicatın, həyat yoldaşı X1 ilə inəyi Bəxtiyarın gətirdiyi yük avtomobilinə yükləmiş və o, inəyi apararaq 1200 manat pulu tezliklə verəcəyini təkrar etmişdir. Təxminən 1 aydan sonra Cavabdeh gətirib həyətində 200 manat vermiş, qalan 1000 manatı da yaxın günlərdə verəcəyini vəd etmişdir. Cavabdeh ondan 1200 manata bir baş inək alıb 1000 manat borclu qaldığını şahid İmişli rayonu, Xoşçobanlı kənd sakini Balakişiyev Nurlan Vəkil oğlu da təsdiq edə biləcəyini bildirir. Cavabdehin ona borclu olduğu telefonda səs yazıları ilə də təsdiq olunmuşdur. Lakin Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə ona borclu olduğu 1000 manat pulu verməmişdir. O, ona dəfələrlə şifahi, bir dəfə də yazılı xəbərdarlıq etmiş, lakin müsbət nəticəsi olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Cavabdeh inək almaq istəmiş və İddiaçı ilə 1200 manata razılaşaraq ona satmışdır. Cavabdeh həmin puldan cəmi 200 manat pul vermiş və qalan 1000 manat borcu isə yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İddiaçı onun atasıdır. Cavabdeh 150 kiloqramlıq bir inək üçün kiloqramı 8 manat olmaqla İddiaçı almışdır. Hazırda həmin heyvanın pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakişiyev Nurulan Vəkil oğlu bildirmişdir ki, İddiaçı həmkəndlisidir. Cavabdeh telefon nömrəsini İddiaçı vermişdir və onlar arasında olan razılaşmadan xəbəri olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
İşə baxan məhkəmənin mövqeyi: İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə İmişli rayonu, Xoşçobanlı kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh borclu olduğu 1000 (bir min) manat pulu verməsini xahiş etmiş və pulu verməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İmişli Rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabadehə 1200 manat dəyərində inək satdığını, buna görə cavabdehin ona həyətində 200 manat verdiyini, qalan 1000 manatı da yaxın günlərdə verəcəyini vəd etdiyini iddia edərək, Cavabdeh 1000 (bir min) manat pulun tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh ilə aralarında hər hansı razılaşmanın, şifahi alqı-satqı müqaviləsinin bağlanması, cavabdehin ona 1000 manat məbləğində pul borcu olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 iddiaçının arvadı, X6 isə iddiaçının oğlu olduğu üçün məhkəmə onların ifadəsinə tənqidi yaşanır. Məhkəmə hesab edir ki, iddiaçının yaxın qohumu olan X2 ifadəsi digər mötəbər sübutlarla təsdiq edilmədiyi və iddianın tələbinin yeganə sübutu olduğu üçün iddia təmin edilməsinin əsası kimi çıxış edə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakişiyev Nurulan Vəkil oğlu bildirmişdir ki, İddiaçı həmkəndlisidir. Cavabdeh telefon nömrəsini İddiaçı vermişdir və onlar arasında olan razılaşmadan xəbəri olmamışdır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. İddiaçı tərəfindən 30 (otuz) dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Orxan Mahmud